Fransanın məşhur, modern, tabuları sındıran dramaturqu kimi tanınan Bernar-Mari Koltesin “Meşələrin astanasındakı gecə” pyesi müstəqil ADO teatrında nümayiş olunacaq.
ADO teatrından Lent.az-a verilən məlumata görə, dramaturqun pyesi bir çox dillərə tərcümə olunub, bir çox ölkələrdə onun tamaşaları hazırlanıb. Lakin Azərbaycanda adıçəkilən dramaturqun pyesi tərcümə edilməyib və səhnələşdirilməyib.
Belə ki, Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransa İnstitutunun təşəbbüsü və dəstəyi ilə “Meşələrin astanasındakı gecə” pyesi Azərbaycan dilinə tərcümə olunub.
“yağış, yağış, yağış” adlı tamaşa oktyabrın 11-i saat 19:00-da ADO teatrında nümayiş olunacaq. Tamaşanın rejissoru ADO`nun fransız əsilli aktrisası Elsa Furtadodur. Monotamaşanı teatrın təsisçi və rəhbəri olan aktyor Elmin Bədəlov canlandıracaq. Əsəri Fransız dilindən Azərbaycan dilinə Gülnarə Sadıxova tərcümə edib. Tərcümənin redaktoru isə Minaxanım Əsədovadır.
Onu da qeyd edək ki, premyerada fransız diplomatlar da iştirak edəcək.
Xatırladaq ki, dramaturq Bernar-Mari Koltes yazdığı pyeslərə görə bir zamanlar Fransanın özündə qəbul olunmur, onun əsərləri dramaturqlar arasında polemikalara səbəb olurdu. Onun polemikalara səbəb olan əsərləri hər zaman cəmiyyətin tabularına qarşı olub. Lakin zaman keçdikdən sonra Koltes Fransada məşhurlaşır və onu modern yazıçı kimi qəbul edirlər. Yazıçı homoseksual olub. Onun ilk pyesini öz sevgilisi səhnələşdirib. Koltes gənc yaşlarında QİÇS xəstəliyindən dünyasını dəyişib.
Biletləri teatrın özündən əldə edə bilərsiniz:
Ünvan: Bəşir Səfəroğlu 155 (Nəsimi, Bakı - AZ1009)
Tel: 050 394 48 64 və 070 219 83 33
E-mail: [email protected]
Rəsmi səhifələr: fb.com/adotheatre
Instagram.com/adotheatre
Biletin qiyməti: 5 azn