Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə davam edən Azərbaycan mədəniyyət günləri iyulun 7-də 1945-ci ildə istehsal olunan “Arşın mal alan” filminin nümayişi ilə başlayıb. Lent.az-ın “AzərTAc”-a istinadən verdiyi məlumata görə, Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan və Azərbaycan kino tarixinin qızıl fondunu təşkil edən bu film ilk növbədə XX əsrin əvvəlindəki Bakının koloritini tamaşaçıya dolğun şəkildə çatdırmaq baxımından nadir sənət nümunəsi hesab olunur.
Sonra Kannın məşhur La Kruazet bulvarında “Natiq” ritm qrupunun və Azərbaycan dövlət rəqs ansamblının konserti olub. Konserti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər.
Mədəniyyət günlərinə bu konsertlə yekun vurulması bir daha nümayiş etdirib ki, Azərbaycan qədim tarixə, rəngarəng mədəniyyətə malik zəngin bir diyardır. Azərbaycan dövləti hər zaman mədəniyyətimizi dünyada tanıtmaq üçün mühüm tədbirlər görür. Bu təqdimatlarda dövlətin apardığı siyasətə daima dəstək olan Heydər Əliyev Fondunun xüsusi rolu var.