Mayın 9-da Müasir İncəsənət Muzeyində Beynəlxalq Səyyar İncəsənət Akademiyasının (BSIA) gənc rəssamlarının sərgisi keçirilib. APA-nın məlumatına görə, rusiyalı 8 rəssam Bakıda ilk dəfə təşkil olunan və mayın 2-dən start götürən unikal layihə çərçivəsində Bakının gözəl məkanları, qonaqpərvər insanları, qədim arxitekturası və müasir binalarından ilhamlanaraq müxtəlif janrda əsərlər yaradıblar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin genişlənməsi, rəssamların Azərbaycanın mədəni irsi ilə tanışlığı, yaradıcı gənclərə dəstək məqsədi daşıyır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan bu layihə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi və Beynəlxalq Proqramlar Direksiyasının birgə iştirakçılığı ilə reallaşdırılıb.
Müasir İncəsənət Muzeyində keçirilən sərgidə iştirak edən Leyla Əliyeva gənc rəssamların Bakı təəssüratlarının əks olunduğu əsərlərlə tanış olub.
Tədbirdə çıxış edən Beynəlxalq Proqramlar Direksiyasının rəhbəri Tatyana Şumova layihənin əhəmiyyətini vurğulayaraq 8 gün ərzində reallaşdırılan bu aksiyanın mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi, xalqların bir-birini yaxından tanıması baxımdan önəmli olduğunu bildirib.