İordaniya Milli Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan ən nəfis əlyazmaların fotosurətləri sərgisinin açılış mərasimi keçirilib. Bu barədə Lent.az-a AMEA mətbuat xidmətindən bildirilib.
Sərgidə ərəbdilli əsərlərə üstünlük verilsə də, farsdilli, türkdilli əlyazmaların da surətləri nümayiş etdirilib, Nizami Gəncəvinin nəfis əlyazma nüsxələrinin surətləri göstərilib. İordaniyanın Mədəniyyət Nazirliyi, Azərbaycanın İordaniyadakı Səfirliyi və AMEA Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən sərgidə İordaniyanın mədəniyyət naziri Bərəkət Avacan, bu ölkədə akkreditə edilmiş diplomatik missiyaların rəhbərləri, yerli KİV, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, tanınmış ziyalılar və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.