Heydər Əliyev Fondu “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün ənənəvi bayram şənliyi keçirir.
APA-nın məlumatına görə, bayram şənliklərində uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud olan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər iştirak edirlər. Şənlikdə iştirak edən uşaqların “Buta” sarayına gəlib-getmələri üçün xüsusi avtobuslar ayrılıb.
Dekabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak ediblər.
Bayram şənliyi Heydər Əliyevin, prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib.
Azərbaycanın birinci xanımı uşaqların sevincini bölüşüb, onlarla səmimi söhbət edib.
Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış ediblər.
Bayram şənliyində çıxış edən M. Əliyeva hamını qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib: “Yeni ildə sizə uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram. Mən arzulayıram ki, yeni ildə bizim bütün balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, savadlı olsunlar, müxtəlif biliklərə yiyələnsinlər. Çünki hər bir insanın gələcəyini, gələcək taleyini onun biliyi, savadı, təhsili təmin edir. Ona görə, əziz uşaqlar, sizin bugünkü vəzifəniz məhz yaxşı oxumaq, bilikli olmaqdır.
Mən arzu edirəm ki, bizim bütün balalarımız Azərbaycana, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər, vətənpərvər böyüsünlər. Azərbaycan kimi ölkədə yaşamaq böyük xoşbəxtlikdir. Azərbaycanın təkrarolunmaz təbiəti, qədim və zəngin mədəniyyəti, istedadlı xalqı vardır. Bu il də Azərbaycan bir sıra uğurlara imza atdı. Ölkəmizdə bu il yüzlərlə yeni məktəblər, bağçalar tikildi və təmir olundu, şəhərlərimiz abadlaşdı, beynəlxalq arenada Azərbaycanın nüfuzu artdı. Bu il ilk dəfədir ki, Azərbaycanın peyki açıq səmaya - kosmosa çıxdı. Bir sözlə, biz hamımız öz ölkəmizlə fəxr etməliyik və Azərbaycanın inkişafı, daha da güclənməsi üçün çalışmalıyıq.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Biz hamımız bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı salamlayırıq, onlara yeni ildə xoşbəxtlik, cansağlığı, uğurlar arzulayırıq.
Mən bir daha sizin hamınızı ürəkdən təbrik edirəm. Əziz uşaqlar, mən sizin hamınızı çox sevirəm. Mən çox arzulayıram ki, hər bir uşağımız sevgi mühitində böyüsün, hər bir azərbaycanlı ailəsində hər şey yaxşı olsun. Mən sizi bir daha ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram”.
Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olunub.
Balacalar Azərbaycanın birinci xanımı ilə xatirə şəkli çəkdiriblər.
Üç gün davam edəcək bayram şənliyində iki mindən çox uşaq və məktəblinin iştirakı gözlənilir.