Hacıbaba Bağırovun doğum günüdür
12 iyun 2015 13:59 (UTC +04:00)

Hacıbaba Bağırovun doğum günüdür

Bu gün Azərbaycan teatr və kino sənətinin korifeylərindən biri, mərhum Hacıbaba Bağırovun doğum günüdür.

Lent.az-ın kino.org.az saytına istinadən məlumatına görə, 1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olan Hacıbaba Ağarza oğlu Bağırovun kiçik yaşlarından teatr sənətinə olan həvəsi 1947-ci ildə onu Azərbaycan Dövlət Akademik teatrı nəzdindəki aktyor studiyasına gətirib. Sənət korifeylərindən bəhrələnən Hacıbaba Bağırov 1950-ci ildə Lənkəran Dövlət Dram teatrında yaradıcılıq fəaliyyətinə başlayıb. 1953-cü ildə Azərbaycan Dəmiryol məktəbini bitirərək bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib. 1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram teatrının aktyor truppasına qəbul edilən Hacıbaba burada müxtəlif səpkili obrazlar yaradıb.

 

Yaradıcılıq uğurlarına görə o 1962-ci ildə Musiqili Komediya teatrına dəvət edilib. Uzun illər çalışdığı bu teatrda yaratdığı 50-dən çox  müxtəlif  xarakterli komik obrazlar onun gülüş ustası kimi şöhrətlənməsində böyük rolu olub. U Hacıbəyovun “Arşın mal alan”ında Soltan bəy, “O olmasın bu olsun”da Məşədi İbad, S. Ələsgərovun “Həmişəxanım”ında Cəbi Cüməzadə, E.Sabitoğlunun “Hicran”ında Mitoş və  digər obrazları ilə tamaşaçıların dərin rəğbətini qazanmaqla, milli mədəniyyətimizin inkişafı yolunda xidmət göstərib. Görkəmli gülüş ustası Hacıbaba Bağırovun teatrla yanaşı kino sahəsində də fəaliyyəti uğurlu olub. “Ulduz”da Möhsün, “Mehman”da Arif, “Alma almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ində Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.

Hacıbaba Bağırov 6 oktyabr 2006-cı il tarixində vəfat edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar