Gülüstan Əliyeva: “Sərbəstliyi özbaşınalığa çevirmək olmaz”
17 dekabr 2014 16:14 (UTC +04:00)

Gülüstan Əliyeva: “Sərbəstliyi özbaşınalığa çevirmək olmaz”

0

Əməkdar artist  Gülüstan Əliyeva Azərbaycanda keçirilən III Ümumrespublika Teatr Festivalının milli teatrımızın inkişafında vacib rol oynayacağını deyib. Lent.az ifaçının müsahibəsini təqdim edir.

- Yeni nəsli sərbəst düşüncəsinə görə bəzən çox qınayırlar. Səbəb nədir – ənənəvi  nəsillərarası münaqişə?

- Gənclərin necə formalaşmasında bizim də rolumuz  var-həm yaxşı, həm də pis mənada. Əgər gənclik düzgün formalaşmayıbsa, deməli günahı hardasa özümüzdə də axtarmalıyıq. Əslində sərbəst düşüncə tərzi çox yaxşıdır, kreativliyə yol açır. Sovet vaxtı bizə belə  sərbəstlik verilməmişdi; nə ailədə, nə məktəbdə, nə də cəmiyyətdə. Ona görə gəncləri dəstəkləmək lazımdır. Amma bu sərbəstliyin özbaşınalığa çevrilməsinə heç bir halda yol vermək olmaz. Bu səddi gözləmək lazımdır. 

- Səhnədə olmaq arzusunda olan gənclərə məsləhətiniz.

- Teatrı seçən insanda Allah vergisi olmalıdır. İstedad Tanrının  sənə verdiyi bir lütfdür. Amma onu necə dəyərləndirəcəksən, bu artıq sənin öz seçimindir. İstedadla bərabər çalışqanlıq, çalışqanlıq, yenə də çalışqanlıq olmalıdır. Səhnə əziyyət, gərgin əmək tələb edən bir yerdir. Gərək gecə-gündüz əziyyətə qatlaşasan. Mən öz həyat təcrübəmdən bunu görmüşəm. Təbii ki, peşəkarlıq, istedad sonunda mütləq uğura aparacaq.

- Hazırda Gənclərin III Ümumrespublika Teatr Festivalı keçirilir. Sizcə bu festival yaradıcı gənclərə nə kimi kömək ola bilər?

- Çox böyük! Belə festivallara indi  böyük tələbat var. Çünki sənət aləmində gənclərin teatra marağını azalmasından dolayı narahatlıq hissi var . Mən deyərdim ki, bu haqlı narahatlıqdır. Müxtəlif əyləncələr, şou, internet  gəncləri teatrdan bir az soyudub, uzaqlaşdırıb. Ancaq bu festival həm də gənclərin sənət seçimində, onların formalaşmasında mühüm rol oynaya bilər. Əslində bu cür festivallar bir ideyaya xidmət edir-gənc istedada dəstək olmaq, onları ruhlandırmaq və yol açmaq. İstər rəssamlıqda olsun, istər musiqidə, yaxud da teatr sahəsində... Muğam festivallarını xatırlamaq istərdim. Görün, oradan  nə qədər istedadlı gənc xanəndələr yetişdi. Bu gün onların səsi Avropadan gəlir. Hansı ki, onlar bu festivallarda kəşf olundular, cəmiyyətə tanıdıldılar. Mən inanıram ki, gənclər arasında keçirilən 3-cü Ümumrespublika Teatr Festivalı da mili teatrımıza neçə-neçə istedad bəxş edəcək. Səhnə onların yolunu gözləyir. 

- Festival çərçivəsində nəzərdə tutulan art-kampı və ustad dərslərini necə qiymətləndirirsiniz?

- Vaxtilə səhnədə görüb sevdiyi hansısa bir sənətkarla yaxından ünsiyyətdə olmaq, onun bilik və təcrübəsini paylaşmaq hər gəncə nəsib olmur. Bu mənada festivalın təşkilatçısı, millət vəkili Jalə Əliyevaya xüsusi minnətdarlıq düşür. Çünki yaradıcı gənclərimizə dəstək olaraq, onlara imkan və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradıb. Yeri gəlmişkən, mən bu festivalın uzunömürlü olmasını arzulayıram. Hər il keçirilsin və gənclərimiz teatrı daha da sevsinlər. Bu gün mili teatrımızın istedadlı aktyor, rejissor, dramaturq nəslinə çox böyük ehtiyacı var.

 

Qeyd edək ki, AR Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin, ASSİTEJ  - Azərbaycan Milli Mərkəzinin dəstək verdiyi Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Gənclərin Ümumrespublika Teatr Festivalına 120-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub. 

 

Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar