Gülhüseyn Hüseynoğlu II Fəxri Xiyabanda dəfn olunacaq
09 iyul 2013 13:03 (UTC +04:00)

Gülhüseyn Hüseynoğlu II Fəxri Xiyabanda dəfn olunacaq

“Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu sabah dəfn olunacaq”. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu bildirib. Onun sözlərinə görə, yazıçı II Fəxri Xiyabanda torpağa tapşırılacaq. Mətbuat katibi onu da bildirib ki, xalq yazıçısı ilə vida mərasimi sabah 15.00-da Mahnı Teatrında olacaq.

 

Ə. Əsgəroğlu onu da vurğulayıb ki, G. Hüseynoğlunun yaşadığı binanın həyətində artıq çadır da qurulub. Qeyd edək ki, Azərbaycanın xalq yazıçısı Gülhüseyn Hüseynoğlu 90 yaşında dünyasını dəyişib. Nasir dünən saat 22:30 radələrində dünyasını dəyişib. 

 

Gülhüseyn Hüseynoğlu 1923-cü ilin oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan olub. 3-4 yaşında ikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda alıb. 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirib, aspiranturaya qəbul olunub, lakin şəxsiyyətə pərəstiş dövründə həbs olunub, 25 il azadlıqdan məhrum edilib. 1956-cı ildə ona tam bəraət verilib, aspiranturaya bərpa olunub. Universitetdə müəllim saxlanılıb. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olub. "Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeri isə 1946-cı ildə çap olunub. M. Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır. Azərbaycan Yazıçılar İttifaqının V qurultayından idarə heyətinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında YB nəsr bölməsinin rəhbəri seçilib. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. Otuza yaxın kitabı kütləvi tirajla buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1113

Oxşar yazılar