Bütün həftəni işləyən adamın bazar günü səhər tezdən yuxudan oyanmasının nə demək olduğunu işləyənlər bilər. Yolboyu yarıyuxulu halda birtəhər özümü ADMİU-nun nəzdindəki Səda Tədris Teatrına çatdırdım. Amma qapıdan içəri girənə qədər idi yuxu həvəsim. Dəhlizdə məşq edənlər, güzgü önündə etüd göstərənlər, zümzümə edənlər... Belə yerdə yuxu qalar? Gənclərin III Ümumrespublika Teatr Festivalının Bakı şəhəri üzrə birinci seçim turunun iştirakçılarının həyəcanı istər-istəməz mənə də sirayət etdi. Elə münsiflərimiz - Azərbaycan Dövlət Dram Teatrının aktrisası, əməkdar artist Sənubər İsgəndərli, “YUĞ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov, festivalın bədii rəhbəri Azər Cəfər də sakit görünmürdülər. Zarafat deyil, qeydiyyat üçün 28 rejissor müraciət etmişdi. Ancaq festivalda iştirak hüququnu cəmi 6 yaradıcı gənc qazanmalı idi. Deməli seçim heç də asan olmayacaqdı.
Körpəsinə dərman ala bilməyən kasıb rəssam
Budur, ilk tamaşa başlayır. Səhnədə balaca, cüssəsiz bir oğlan görünür. Amma iddialıdı. Pantomima janrında etüd. Körpə övladı olan kasıb rəssam. Körpəsi xəstələnəndə dərman almağa pulu olmayacaq qədər. İkinci tamaşa rejissor Gülnarə Əhmədlinin idi. Aktyor qismində də elə özü və həyat yoldaşı Bəhruz Əhmədli çıxış edirdi. Yadınıza gəlirsə, bu istedadlı cütlük haqqında ötən müsahibəmizdə məlumat vermişik. Gənclərin I Ümumrespublika Teatr festivalına nişanlı, ikinciyə evli, üçüncüyə isə artıq xoşbəxt valideyn kimi qatılıblar. Yeri gəlmişkən, elə göstərdikləri tamaşa da ailə modeliylə bağlı idi. Qəfil rastlaşan qızla oğlan xəyallar qururlar. Romantik sevgililik dövrü, evlilik və uşaq... Deyəsən, uşaq fikri onları yaman qorxudur və xəyalların gerçəkləşməsi üçün bir-birinə şans vermədən yollarına davam edirlər. Və “Bravo, Gülnarə, Bravo, Bəhruz” sədaları ilə müşayiət olunan final..
Növbəti çıxış Emil Əsgərovun quruluş verdiyi tamaşa idi. İncil əfsanəsi, alma ilə Adəmi yoldan çıxaran ehtiraslı Həvva və gözlənilməz sonluq...Fərqli üslubda hazırlanan tamaşa maraqla qarşılandı. 14 yaşlı Ayaz Novruzovun truppasının çıxışından sonra seçim turunun I hissəsi yekunlaşdı.
“Vallah, belə teatr olmaz axı” və göz yaşları...
II hissə Həcərxanım Cavanşirin quruluş verdiyi xeyir və şərin mübarizəsinə həsr edilmiş tamaşa ilə başladı. Səbirə Həsənovanın 2 nəfərlik bıto üslubunda tamaşasından sonra isə zal bir anlıq həm təəccübləndi, həm dondu, sonra isə qəhqəhə çəkib güldü. Baiskar rejissor Ramin Akifoğlunun etüdü idi. Aktyor Qorqud Cəfərli səhnə arxasından telefonla danışa-danışa gəlir. “Siz elə bilirsiniz ki, nəsə göstərəcəyəm? Vallah göstərməyəcəyəm, belə teatr qurmaq olmaz axı, olmaz eee deyirəm” və Qorqudun göz yaşları iə müşayiət olunan bu monoloqu hamını elə çaşdırır ki, ifanın tamaşaya aid olub - olmadığına sona qədər kimsə əmin olmadı. Hətta seçim turunu lentə alan operator belə kameranın “rec” və “pauza” düymələrinin arasında qalmışdı. Bilmirdi çəksin, ya yox. Hə, deyəsən Qorqud istədiyinə nail oldu. Münsiflər daxil zalda əyləşən hər kəs onu alqışladı. Bu qələbəyə çox ciddi iddia idi. Daha bir fasilədən sonra Cavad Nuriyev tamaşasını təqdim elədi.
Uşaqlarını boğub - öldürən narkoman ana
Bu da festivala 3-ü dəfədir qatılan 15 yaşlı rejissor Ayla Qasımzadə. Miri Yusifin kompozisiyası ilə müşayiət olunan tamaşa bacı-qardaşın faciəsini əks etdirirdi. Ruhi dispanserdə müalicə alan uşaqlar - Ayla və Cahid analarını o narkoman olduğu üçün boğub-öldürdüklərini düşünürlər. Bu fikir onlara elə əzab verir ki, bir an belə durmadan, “ana, bağışla bizi” - deyə fəryad edirlər. Qışqırıqlarına gələn dispanserin işçisi uşaqları qəddarcasına cəzalandırır, döyür. Yalnız sonda anaları gələndən sonra aydın olur ki, onlar heç kəsi öldürməyiblər. Əksinə, ana günü rəsm çəkməklə keçən istedadlı balalarını narkotikin təsiri altında boğub-öldürüb. İndi onlar mələk kimi daim analarının yanındadırlar. Riqqətli və təsiredici səhnə zalda çoxlarının kövrəltdi.
Rəmail Bayramlı pantomima janrında insan ömrünü ifadə edən etüd təqdim etdi. Samirə Hacıyevanın özünün dediyi kimi, cəmi 3 dəqiqəyə hazırladığı tamaşa sosial problemə toxunmuşdu. Hamilə, pis vərdişlərə aludə olmuş qadın... Ağlını azyaşlı qızına içki içirdəcək qədər itirmiş ana... Sirac Hüseynovun quruluş verdiyi tamaşa isə izləyicilərdə xeyli suallar yaratdı. Rejissor tamaşada nə demək istəyirdi?
Zəhra Osmanovanın tamaşası isə münsiflərin, xüsusilə də Tərlan Rəsulovun xoşuna gəldi. Kişiləri yoldan çıxaran, içmədən meyxoş edən qadın gözəlliyi, qadın əməli. Şəksiz bu tamaşa da favoritlərdən oldu. Hüseyn Məmmədov, Orxan Şahbazlı, Ayna Məmmədli və Tural Xəlilzadənin quruluş verdiyi tamaşalardan sonra Gənclərin III Ümumrespublika Teatr Festivalına I turunun seçim mərhələsinə başlanıldı.
“Gözümün önündə qadın öldü. Bundan təsirləndim”
Münsiflər ballarını verməkdə olsun, mən keçirəm iştirakçıların arasına. Dəhlizdə səs - küydən az qala qulaq batır. Gənclərin arasında qızğın müzakirələr gedir. Gülnarə Əhmədliyə yaxınlaşıram. Səbirəylə Qorqudun etüdündən danışırlar: “Belə olmaz. Qorqud çox güclüydü. Amma yenə də birincilik mənimdi, ikinci kim olursa, olsun. Özümə güvənirəm. Mütləq finaldayam”.
“Bıto insanın daxili əhvalını bildirir”. Bunu Səbirə Həsənova deyir. O bildirir ki, bıto nə rəqsdi, nə musiqi: “Hissləri ifa edir bıto. Bizim bugünkü tamaşada da iztirablar əvəzimizə danışdı”. Rəqiblərindən Gülnarə və Qorqudun işini bəyəndiyini deyir.
İlk çıxış edən Zaur Əliyev isə Gülnarəni özünə rəqib görür: “Festivala finala keçsəm, yenə də pantomima janrında tamaşa quracağam.” Həcərxanım isə rejissor üçün qəlibin olmadığını bildirir: “İnstituta gedəndə yolda qəza oldu. Gözümün önündə qadın öldü. Bundan təsirlənib xeyir və şər mövzusunu işlədim”.
Bu da favoritimiz Qorqud Cəfərli: “Etüd ekspromt olanda daha maraqlı alınır. Hamını çaşdıra bildim, istədiyim də elə bu idi”. Yaxşı, Qorqud, rəqiblərin kimdir? “Səbirəylə, Həcərxanımın quruluş verdiyi tamaşaları izlədim. Heç biri xoşuma gəlmədi. Amma dəstəkləyirəm hər birini. Onsuz da qalib özüməm” – deyə iddialı cavab!
Festivalın bəlkə də ən uğursuz tamaşasını təqdim edən Ayaz Novruzov is ümumiyytlə ilk dəfədir ki, teatra gəldiyini deyir: “Gənclər üçün festival keçirildiyini eşitdim. Fikir çox xoşuma gəldi. Qatıldıq. Bu bizim üçün təcrübə oldu. Növbəti dəfə daha yaxşı hazırlaşacağıq”.
“Hisslərim mənə güc gəldi və onu dodağından öpdüm”
“Qal, sənə qurban” tamaşası ilə festivala qatılan Zəhra Osmanova ADMİU məzunudur. Hətta universitetdə oxuyan vaxtlar intim səhnə nümayişin görə bir il kursda qalıb. Seçim turunda da fərqləndi - tərəf-müqabili, eyni zamanda həyat yoldaşı Cavidlə dodaq-dodağa öpüşməklə: “Əvvəlcədən düşünülməmişdi. Sadəcə olaraq hisslər o qədər önə gəldi ki, özümü saxlaya bilmədim, öpdüm. Mən səhnədə olanda həmişə özümü unuduram və hisslərim həmişə mənə qalib gəlir. Ümumiyyətlə, əvvəl fikirləşdim ki, intimi tamlıqla göstərim səhnədə. Sonra finala saxladım... Özü də finalda da eyni heyətdə iştirak edəcəyik.”
Münsiflər iştirak edən hər bir rejissorun adı yazılmış blanklara ballarını yazdılar. Ballar rejissor və aktyor işinə görə hesablanır. Hər birinə veriləcək maksimum bal 10-dur. Bu da qaliblər:
Ramin Akifoğlu - 59 bal
Gülnarə Əhmədli - 49 bal
Zəhra Osmanova - 48 bal
Ayla Qasımzadə - 44 bal
Cavad Nuriyev - 40 bal
Zaur Əliyev - 38 bal
2 komanda – 33 bal toplamış Rəmail Bayramlı və 32 bal toplamış Səbirə Həsənova isə rezerv seçildi. Əgər bölgələrdən nəzərdə tutulduğu kimi, 6 rejissor seçilməzsə, ehtiyatda olan rejissorlar finala dəvət alacaqlar.
“Heyf ki, minimum bal sıfır idi, yoxsa mənfi verərdim”
Hansı festivalda seçim turu etirazsız ötüşür? Burada da sonda həyəcan yaşandı. Emil Əsgərovun truppası 46 bal toplasalar da, finala vəsiqə qazana bilmədilər. Disklafikasiyaya səbəb rejissorun festivalın qaydalarını pozaraq, münsiflər heyətinə yaxınlaşıb, rəqib truppanın çıxışı ilə bağlı dediyi fikirlər oldu.
Sənubər İsgəndərli təqdim edilən 17 tamaşanın maraqlı olduğunu deyir: “İstedadlı gənclər vardı. Maraqlı işlər gördüm. Seçim etmək çətin olmadı. Bir tək şey xoşuma gəlmədi. Pantomima janrına üstünlük verilmişdi. Ən çox xoşuma gələn Qorqud Cəfərlinin ifası oldu. Hətta sıfır bal verdiklərim da var idi”.
Sənubər xanımdan fərqli olaraq Tərlan Rəsulova müəyyən mərhələdə seçim etmək çətin olub: “On bal verdiyim də oldu, sıfır da. Hətta mənfi vermək istədiyim də vardı. Amma dedilər minimum bal sıfırdı. Sevindirici haldır ki, istedadlı, yaradıcı gənclərimiz var. Daim nəsə yaratmağa hazırdırlar. Ən azı iddialıdırlar!”
“Tamaşada küfr etmək olarmı?” - sualımı isə T. Rəsulov belə cavablandırır: “Olar. Ona qalsa Manaf Süleymanov və digər yazıçıların əsərlərini gərək heç oxumayaq? Bu da mədəniyyətin bir hissəsidir”.
Gənclərin III Ümumrespublika Teatr Festivalının icraçı direktoru Sənan Əlləz seçim turunun bütün qaydalara uyğun, şəffaf keçdiyini bildirdi: “Tək qayda pozuntusu edən rejissor festivaldan uzaqlaşdırıldı. Növbədə isə bölgələr durur. Hazırlaşın, gəlirik!”
Qeyd edək ki, Festivalın informasiya dəstəyi Lent.az-dır.