Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Multikulturalizm Mərkəzində Fransanın bir qrup məşhur yazıçıları Matthias Debureaux, Blandine Rınkel, Michka Assayas, Bertrand Burgalat və Patrick Amsellem ilə görüşüb.
Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələr barədə söhbət açan Kamal Abdulla “Azərbaycan multikulturalizmi” fənninin 7 xarici ölkə universitetlərində tədrisi barədə qonaqlara ətraflı məlumat verib və bu universitetlərin sayının növbəti dərs semestrindən etibarən daha da artacağını vurğulayıb.
Fransalı yazarlar da avropada multikulturalizm haqda söz açıb və bu sahədə muasir dövrdə yaşanan problemlər barədə fikirlərini bölüşüblər.
Görüşdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, pianoçu Fərhad Bədəlbəyli, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşları Pənah Cahangirov və Anna Bayramova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin sədr müavini Reyhan Hüseynova, yazıçı Natiq Rəsulzadə, tarixçi alim Fuad Axundov, Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi kafedrasının müdiri Aytən Qəhrəmanova və “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs də iştirak edib.