Dünən Fransada 66-cı Kann film festivalı başlayıb. Festival Avstraliya rejissoru Baz Lurmanın "Dahi Qetsbi" filmi ilə açılıb. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Proqrama Nikolas Vindinq Refn, Roman Polanski, Fransua Ozan və başqa rejissorların filmləri də daxildir. Festivala fransalı rejissor Jerome Sallenin "Zulu" kriminal trilleri ilə yekun vurulacaq.
Ekran əsərlərini rejissor və prodüser Stiven Spilberqin başçılıq etdiyi münsiflər heyəti dəyərləndirəcək. Heyətə hindistanlı aktrisa Vildya Balan, yapon rejissoru Naomi Kavase, amerikalı aktrisa Nikol Kidman və başqaları daxildir.
Ölkəmiz ötən il olduğu kimi, bu il də festivalda öz pavilyonu ilə təmsil olunacaq. Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, "Azanfilm"in direktoru Fariz Əhmədov, kinorejissor Ayaz Salayev və digər şəxslər daxildir.
Azərbaycan pavilyonunda son illərdə lentə alınmış filmlərimiz, kinomuzun tarixini və bu gününü əks etdirən çap və reklam məhsulları nümayiş etdiriləcək. "Azərbaycanfilm" in direktoru Müşfiq Hətəmov xarici prodüserlərlə görüşlər keçirəcək.
Filmlərimiz beynəlxalq festivalda
592