Məlum olduğu kimi, ötən il dekabrın 5-də Fransanın Paris şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilib. Sessiyada YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı müzakirə olunub və Azərbaycan tar ifaçılıq sənəti bu siyahıya daxil edilib. Lent.az-ın məlumatına görə, tarın bir musiqi aləti kimi Azərbaycan xalqına məxsus olması barəsində qəbul edilmiş qərar ermənilərin geniş narazılığına və hiddətinə səbəb olub.
Bununla əlaqədar Yerevanda erməni mədəniyyət işçiləri və incəsənət xadimləri toplaşaraq mətbuat konfransı keçiriblər. Erməni dirijoru Daniel Yeralişd toplantıda tarın əslində onlara məxsus olduğu iddiasını irəli sürüb: “Tar hazırlamaq üçün tut ağacı lazımdır, əsl sənətkar usta lazımdır. Bunların heç biri köçəri xalq olan azərbaycanlılarda yoxdur. Ona görə də onlar tar düzəldə bilməzlər. Əslində bizim tarın Azərbaycan musiqi aləti kimi təsdiq olunmasından sonra şikayət etməyə haqqımız yoxdur, çünki bu işdə biz özümüz günahkarıq. Vaxtında tədbirlər görməmişik. Dövlətimiz mədəniyyət əsgərlərinə diqqəti artırmalıdır. Əgər azərbaycanlılara qalsa, deyəcəklər ki, ermənilər bugünkü mətbuat konfransını da Qərbi Azərbaycanda keçirirlər. O ki qaldı tarın bizim qədim musiqi alətimiz olması faktına, əgər bizdə lazımi dəlillər yoxdursa, biz bunu tarixi – hüquqi yollarla və metodlarla dəqiqləşdirməliyik”.
“Tkzar” ansamblının təsisçisi, sənətşünas Karlen Mirzoyan tarın onlara məxsus olmasına dair “faktlar” səsləndirib: “Tar bizim mili musiqimiz üçün daha xarakterikdir. Tarın dörddə bir tonluq pərdələri haqqında Komitas daha ətraflı məlumat verib. Tar lap qədim zamanlardan Stepanakertin simli musiqi alətləri ( tar, saz, ud) sırasında olmuşdur. Sovet hakimiyyəti illərində Bakıda tarzənlərin demək olar ki, hamısı ermənilər olmuşdur. Problem ondadır ki, biz milli musiqi alətlərimizin qorunmasında boşluqlara yol vermişik. Bizim görünməmiş tarixi irsimiz var. Biz gələcək nəsillərə nəyi miras qoyacağıq. Son 20 ildə musiqi alətlərimizə diqqətimizi artırmaq əvəzinə daha da zəiflətmişik”.
Kifayət qədər gərgin və səs küylü keçən mətbuat konfransının sonunda ermənilər öz iddialarından əl çəkməyəcəklərini, tar uğrunda mübarizəni davam etdirəcəklərini bildiriblər.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Erməni araşdırmaları Elmi Tədqiqat Laboratoriyasının rəhbəri İsmayıl Tanrıverdi ermənilərin bu iddialarına cavab olaraq bildirib ki, tar azərbaycanlılar tərəfindən təkmilləşdirilib: “Tarixən saxtakarlıq, oğurluq, köçərilik, ikiüzlülüklə məşğul olan bir millətin öz adını başqalarına qoyması onların anadangəlmə xarakteri ilə bağlıdır. Erməni şairi Yeğişe Çarents bu barədə deyib: “Bizim millətdə ikiüzlülük ana bətnində ikən yaranır”. Mən inana bilmirəm ki ermənilər Azərbaycanda tut ağacının bol olmasından xəbərsiz olsunlar. Onlar bilsinlər ki, hələ XIX əsrin sonlarında Şuşalı Mirzə Sadıqcan tarı təkmilləşdirərək simlərin sayını 5 simdən 11 simə çatdırıb. Ona qədər bütün ölkələrdə tarı diz üstündə çalırdılar. Mirzə Sadıqcan tarı sinədə çalmaq üçün sinəyə yata çanaqla təkmilləşdirdi. Təsadüfi deyil ki, Sadıqcanı bütün Şərqdə “tarın atası” adlandırırdılar. Qəribədir ki, ermənilərin istifadə etdikləri bütün simli və nəfəsli musiqi alətlərinin adları (tar, kamança, saz, zurna, ud, düdük, tütək) türk mənşəli olduğu halda yenə də onları özününküləşdirməyə çalışırlar. Biz niyə dilimizdə və məişətimizdə bir dənə də olsun erməni sözü işlətmirik? Çünki köçəri xalqlar başqasının dilindən istifadə edir. Biz isə köçəri deyilik”.