Milli Təhlükəsizlik Nazirliyi (MTN) və “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin birgə layihəsi olan “Üç nöqtə” sənədli televiziya filminin təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, MTN-nin Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Milli Məclisin komitə sədrləri, millət vəkilləri, Türkiyənin Azərbaycandakı səfiri, tarixçilər iştirak ediblər. Tədbirdə bildirilib ki, son illər Azərbaycan milli-mənəvi dəyərlərin dünyaya çatdırılmasına həm dövlət, təşkilat, həm də vətənpərvər insanlar tərəfindən xüsusi diqqət yetirilir. Ermənilər Azərbaycan tarixini saxtalaşdırmaqla təxribatla məşğul olurlar. Erməni diasporu təşkilatlanmış şəkildə bu sahədə məqsədyönlü iş aparır, dünya ictimaiyyətini aldatmağa çalışır, təəssüf ki, çox vaxt buna nail olurlar. Lakin Azərbaycan dövləti son illər erməni təxribatına qarşı daha geniş şəkildə mübarizəyə başlayıb.
Azad Azərbaycan Telekanalının rəhbəri Vüqar Qaradağlı bildirib ki, “Üç nöqtə” layihəsi erməni plagiatının ifşasına yönələn, milli mənəvi dəyərlərimizin, maddi sərvətlərimizi tədqiq edən vizual faktlar toplusudur: “Film telekanalın nəzdində yaradılan “Vətən” Yaradıcılıq Birliyində istehsal edilib. Bu birliyin yaradılmasında məqsəd Azərbaycanın görkəmli şəxsiyyətlərini, tarixi, ədəbiyyatı, musiqisini tutarlı faktlarla təqdim etməkdir. Ümid edirəm ki, bu film Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz töhfəsini verəcək”.
Filmin ssenari müəllifi MTN-in əməkdaşı Günel Mehri, rejissor Svetlana Abdullayeva, operatorlar Nəsimi Babayev, Vüqar Şıxəliyev, montaj Etibar Tağıyev, redaktorları İlhamə Qurbanlı və Davud Müzəffərlidir. Filmin Türkiyə və Gürcüstan çəkilişlərini İlham Tumas və Roman Yaşar aparıb. Filmin məsləhətçisi Azərbaycan Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovdur.
Filmdə ermənilər tərəfindən oğurlanan Azərbaycan yeməklərindən dolma, bozbaş, lavaş, piti, küftə, plov, kabab, dovğa, xaşlamanın Azərbaycan mətbəxinə aid olduğuna dair faktlar, təamlara verilən adların sırf türk mənşəli söz olduğuna dair fikirlər yer alıb.
Filmin sonunda qonaqlar çıxış edərək, təəssüratlarını bölüşüblər.
Tədbirdə filmin rus, ingilis dillərinə tərcümə edilmiş diskləri, eləcə də Azərbaycan mətbəxinə məxsus ən gözəl təamların adlarının etimologiyasından və hazırlanma qaydasından bəhs edən kitabın yeni nəşri də təqdim edilib.