Tanış bir adam var, orta yaşlı, ali təhsilli, yüksək mədəniyyətli biridir.
Vaxtilə onunla bir-birindən maraqlı söhbətlərimiz olurdu. Sonralar ailə-məişət və digər qayğılar hər ikimizi qapadığı üçün bu söhbətlər, kitab dəyişmələri, müzakirə saatları bitdi.
Bu günlərdə qarşılaşdıq, ordan-burdan hal-əhval tutduq, çay içdik, keçmişlərə boylandıq bir az.
- Hərdən görürəm, nəsə yazırsan, çap olunursan, dedi.
- Oxuyursan onları? – soruşdum.
- Hə..əlbəttə, sənsən də, maraqlıdır hamısı... – desə də, gözlərini qaçırtdı, anladım ki, oxumur, təəccüb etdim, bu adamı belə tanımırdım mən, mənim tanıdığım adam idisə, mütləq oxuyacaq, axtaracaq, fikirlərini bildirəcəkdi.
- Nə olub sənə? – qəfil sualım onu sıxdı, yenə gözlərini qaçırtdı, amma məni aldatmaq üçün qəfil də gülüb dilləndi:
- Heç, klubdan qovublar, bir ay qadağam var, qanım qaradı.
- Hansı klubdan?
- Danışım sənə... – gözləri parladı, az qaldı əllərimdən yapışsın maraqla söhbətini etmək üçün, beş yaşında uşaq ona bağışlanan sevimli oyuncağından necə bəhs edə bilərdisə, o cür də bəhs etdi qovulduğu klubdan...
***
Bir “Döyüş klubu” varmış, bu adam da orada üzv olub döyüşürmüş.
Hər gün mobil telefonundan klubun büdcəsinə mesaj üstündən mesaj göndərirmiş, mesajların müqabilində ona oyunu davam etmək üçün verilən buterbroda, daş parçasına, xırda xəncərə sevinir, daha böyük əzmlə döyüşə girişirmiş. Bu “Döyüş klubu” ruslarınmış, oradakı əmrlər, söhbətlər, məsləhətləşmələr də rusca imiş. Milli döyüşçülərimiz çoxmuş orada. Düşmən ölkənin döyüşçüləri də varmış. Bizimkilər onları harda görsələr, həmən üstlərinə cumur, nəyin bahasına olursa olsun, məğlub etməyə, öldürməyə, heç olmasa yaralamağı çalışırlarmış. Eynilə də onlar bizimkilərə qarşı eyni münasibətdə imişlər. Bu cür döyüşlərdən salamat çıxmaq, hələ üstəlik, qənimət kimi çürük diş qazanmaq dünyanın xoşbəxtliyi sayılırmış.
Bir dəfə, yəni ötən həftə qəhrəmanımızın qarşısına üzdəniraq düşmən ölkə üzvlərindən sırtıq bir qız çıxıbmış. Qəhrəmanımız da həmən bütün həmyerlilərimizə şəxsi ismarışlar yollayıb, onları səfərbər edibmiş, hamısı birlikdə sırtıq düşmən qızı mağaraya basıb, aşının suyunu veriblərmiş. Bu aş və su həngaməsi qurtaran kimi də “Döyüş klubu”nun divarlarını “Qarabağ bizimdir!”, “Düşmənə aman olmaz, qisas qiyamətə qalmaz!” kimi şüarlar bəzəyibmiş. Eyni zamanda qarşı tərəf döyüşçüləri divarlara “ Mulla, sizi qırarıq!”, “Salyana kimi girərik!” kimi şüarlar yazıblarmış.
Qısası, rus adminlər bizimkiləri nə az, nə çox, düz bir ay müddətinə oyundan xaric ediblərmiş. Erməniləri nə ediblər, nə etməyiblər, bilinmirmiş...
***
- Bu bir ay haçan qurtaracaq, bilmirəm, - dedi adam, ardından da ah çəkdi, - evdə də itə dönmüşəm, arvad başını götürüb gedib, uşaqların üzünü bir həftədir görmürəm, qaynanam deyir, əsəbi olmasam, onları döyüb-söyməsəm, qayıdacaqlar.
- İşə gedirsən heç olmasa? – soruşdum.
- Hə, əlbəttə, mən dəli deyiləm ki? İşləyirəm, ailə qayğısı çəkirəm, nə odnoklassinkdə veyillənirəm, nə facebookdu nədi, orda sülənirəm, içmirəm, çəkmirəm, arvaddan kənar arvad saxlamıram, bircə bu oyun fikrimi saxlayırdı, o da belə...Dava başlasa, gedərdik...ehh!