Bu gün xalq artisti, mərhum sənətkar Şövkət Ələkbərovanın doğum günüdür. Lent.az-ın məlumatına görə, Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Məlahətli, yumşaq tembrli səsi olan Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, dərin emosionallıq və lirizm səciyyəvidir. Məharətli improvizasiya ustalığı onun muğam yaradıcılığının əsas xüsusiyyətlərindəndir. Mərhum sənətkarın zamanında ifa etdiyi “Bir xumar baxışla”, “İlk bahar”, “Ağlaya-ağlaya”, “Durnalar”, “Gecə yaman uzundur”, “Məhəbbət” kimi sevilən mahnıları bu gün də Azərbaycan estradasının sənətçiləri öz repertuarlarına daxil edirlər.