Borçalıda Anarla görüş keçirilib
13 mart 2013 23:48 (UTC +04:00)

Borçalıda Anarla görüş keçirilib

 

. Bu gün ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərindəki “Çay Evi”ndə AYB-nin sədri Anar və onun rəhbərliyi ilə Azərbaycandan gələn “Sübhün səfiri” filminin yaradıcı heyətinin Gürcüstanda yaşayan şair və yazıçılar, ictimaiyyət nümayəndələrinin görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşü Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) sədri Fazil Həsənov açaraq sözü AYB-nin sədrinə verib. Yazıçı Anar çıxışında Borçalıya səfərindən məmnunluq duyduğunu və hər dəfə Gürcüstana gələndə azərbaycanlıların kompakt yaşadığı bölgələrə baş çəkməyi unutmadığını bildirib. “Bu bölgələrdə yaşayan bizim qardaşlarımızdır. Burdan bir çox böyük simalar çıxıb, onlar Azərbaycan ədəbiyyatına, incəsənətinə böyük töhfələr bəxş ediblər. Burada yaşayan insanların qayğıları bizim qayğılarımızdır. Bildiyiniz kimi yazıçılar birliyinin Borçalı şöbəsi fəaliyyət göstərir və onun fəaliyyətində burda yazıb-yaradan şair və yazıçıların əsərləri həmişə geniş yer tutub. Mənim rəhbərlik etdiyim ”Poeziya” verilişində Borçalıdan olan yazıçı və şairlərə, Borçalıya həsr olunan verilişlər olacaq. Biz sizi çox sevirik və çox şadıq ki, bu gün sizin qonağınızıq”, deyə Anar çıxışında bildirib.

 

Anar onun başçılığı ilə  Gürcüstana səfərə gələn nümayəndə heyətinin məqsədini də açıqlayıb: ”Biz prezidentimizin sərəncamı əsasında bədii film çəkmişik və mən onun ssenari müəllifiyəm. Dünən biz Tiflisdə “Sübhün səfiri” bədii filmin təqdimatını uğurla keçirdik”.

 

Sonra o, filmin yaradıcı heyətini görüş iştirakçılarına təqdim edib.

 

Daha sonra tədbir sual-cavab və dialoq, qısa çıxışlar çərçivəsində davam edib. Görüşdə AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət rəhbərlik etdiyi yazıçılar bölməsinin həyata keçirdiyi layihələr barədə hesabat xarakterli məlumat verib: “Bölməmiz 8 il bundan əvvəl yaradılıb və bu vaxt ərzində 28 kitab nəşr etmişik. Yazıçılar Birliyinin Gürcüstan bölməsinin 24 nəfər üzvü var. Onlar Azərbaycan ədəbi mühitində tanınırlar. Arzumuz yalnız bölməyə mənəvi dəstək olmaqdır. Maddi dəstəyə gəlincə, mən ARDNŞ-in Gürcüstan nümayəndəliyinə təşəkkür edirəm”, R.Hümmət bildirib.

 

Tədbirdə AMM-in rəhbəri Fazil Həsənov AYB-nin sədri Anarı 75 illik yubileyi münasibəti ilə təbrik edib və ona diplom və hədiyyə təqdim edib. Görüşdə Borçalının ağsaqqal yazıçılarından Yusif Yusifli, Dünyamalı Kərəm, Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, şairlərdən Şövkət Dağlar qızı, Əlixan Yəhyaoğlu, parlamentin yeni seçilən deputatı Mahir Dərziyev, keçmiş deputat Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu, Sadaxlı orta məktəbinin direktoru Adil Şərifov, professor Mahmud Hacıxəlilov, Azərbaycandan gələn nümayəndə heyətinin üzvlərindən Nazim İbrahimov, “Sübhün səfiri” bədii filminin rejissoru Ramiz Həsənoğlu və başqaları çıxış ediblər.

Görüşdə təklif olunub ki, Borçalı tarixindən və problemlərindən bəhs edən müştərək bədii film və qısametrajlı filmlər çəkilsin və bu barədə “Azərbaycanfilm” kinostudiyası və mədəniyyət nazirliyi ilə məsləhətləşmələr aparılsın. Tədbirdə Gürcüstanda Azərbaycandilli məktəblərin problemləri, media, M. F. Axundzadənin məzarlığına status verilməsi məsələsi, miqrasiya, dərsliklərin və kadrların çatışmazlığı problemləri gündəmə gətirilib.

 

Sonda yazıçı Anar görüşdə qaldırılan problemlərin həllinə çalışacağına söz verib.

 

Qeyd edək ki, sabah Gürcüstan paytaxtında Gürcüstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Anarın 75 illik yubileyi keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858
avatar

Oxşar yazılar