Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayına hazırlaşır. Lent.az-ın məlumatına görə, bununla bağlı İttifaqda mətbuat konfransı keçirilib. İttifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək, qurultaya hazırlıqdan danışıb: “Bu qurultayın zəngin proqramı var. Azərbaycan musiqisinin bütün musiqi janrlarını əhatə edən əsərlər yer alıb. Qurultayın açılışında və bağlanışında iki simfonik əsər ifa olunacaq. Estrada da mahnı yazan bəstəkarların əsərləri də ifa olunacaq”.
Firəngiz Əlizadə bildirib ki, bu il rəhbərlik etdiyi quruma 35 yeni üzv qəbul olunub. Ümumilikdə, 179 nəfərin fəal üzv olduğunu deyən ittifaq sədri bildirib ki, onların 11-i gənclər olub. O, indiyədək heç bir bəstəkarın ittifaqdan çıxarılmadığını bildirib: “Amma ola bilər ki, gələcəkdə bu hal olsun. Qaydaya görə, 5 il ərzində heç bir yeni əsər yazmayan bəstəkar avtomatik olaraq ittifaqdan xaric edilir: “Mən sənədlərə baxan zaman gördüm ki, siyahıda elə bir insanlar var, onları niyə qəbul etmədiyimizi başa düşə bilmədim. Alla Bayramova, Şeyla Heydərova uzun müddət olub ki, üzvlüyə cavab gözləyiblər. Bundan başqa mən bir məsələni də qeyd edim. İttifaqımıza üzv olmaq istəyənlər nizamnaməmizlə tanış olmalıdır. Bunu üçün mütləq musiqi ali təhsil olmalı, iki simfoni partetura yazmaq lazımdır. Bundan sonra biz o təqdimatlara baxırıq”.
Firəngiz Əlizadə bəstəkarlar məsuliyyətsizlikdə də günahlandırıb: “Elə bəstəkarlarımız var ki, onlar heç bizim binanın qapısını tanımır. Ümumiyyətlə, maraqlanmırlar ki, belə bir bina var. Biz onların evlərinə gedib , onları zorla ittifaqımıza üzv etməli deyilik ki. Bizim qurum özəldir və heç kim bura məcburi üzv olmur. Kim istəyir, qapımız onun üzünə açıqdır”.
Bu ilki qurultayda sədrlik məsələsinə də münasibət bildirən Firəngiz Əlizadə bildirib ki, hələlik heç bir namizəd müzakirə edilməyib.
Firəngiz Əlizadə telekanallara da etirazını bildirib: “Biz dəfələrlə bu mövzunu müzakirə etmişik. Azərbaycanda ciddi musiqilərin gecə saatlarında yayımlanmasına etiraz məqsədi ilə 2007-ci ildə telekanal rəhbərlərinə məktub yazdıq. Bildirdik ki, biz, Bədii Şuranı bərpa etmək istəyirik. Təəssüflər olsun ki, iradlarımızı yalnız iki telekanal qəbul etdi. Özəl kanallar isə bildirdilər ki, gərək bizə maaş verəsiniz, biz reytinqə baxırıq. İndi biz də inanırıq ki, yalnız xalqın zövqü bu məsələdə bizi xilas edəcək”.
Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq açılışda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə konsert olacaq. Qurultay çərçivəsində ölkəmizdə qonaq olan tanınmış xarici bəstəkarlarla görüşlər keçiriləcək. Dekabrın 18-də Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında dəyirmi masa və müzakirənin, IX Qurultayın yekun konserti baş tutacaq.
Qurultayın sonunda Azərbaycan Bəstəkarlar İttifaqına sədr seçkiləri də keçiriləcək.