Bəlkə  “Atılan toplar”a diksinək?  Və ya  faciəvi nəticələr...
21 yanvar 2014 17:04 (UTC +04:00)

Bəlkə “Atılan toplar”a diksinək? Və ya faciəvi nəticələr...

Dindirir əsr bizi, dinməyiriz,
Atılan toplara diksinməyiriz...

(M.Ə.Sabir)

 

Azərbaycan klassik şerinin nəşri, tədqiqi və təbliği sahəsində sovet dövründə görülən işlərlə son 20 ildə, yəni müstəqillik dövründə görülənləri müqayisə etdikdə çox sarsıdıcı bir mənzərənin şahidi oluruq. Həyatın bir çox sahələrində qibtə doğuran uğurlarımıza rəğmən orta çağ ədəbiyyatının  araşdırılması və nəşrində öyünəcəyimiz işlər azlıq təşkil etməkdədir. Klassik şerimizin müstəqillik dövründə nəşri və öyrənilməsinə ümumi bir baxış belə bu sahədə ciddi nöqsan və əyintilərin olduğunu göstərir. Bu durumun çeşidli səbəblərdən qaynaqlandığını düşünürük:

- Problemin beynəlxalq elmi fikirlə uzlaşdırılmadan və təcrid olunmuş biçimdə öyrənilməsi (Halbuki azərbaycanlı tədqiqatçılar nəinki “özünə qapanmamalı”, əksinə, beynəlxalq elmi fikrin təmsilçisinə çevrilməli, hansısa bir ölkənin (bu, bizə qardaş bir ölkə olsa belə) yedəyində getməməli, araşdırmanı görkəmli alimlərin nöqtəni qoyduğu yerdən davam və inkişaf etdirməli, müəyyən problemlərinin həllində söz sahibi olmağı bacarmalıdır);

- Son iki onillikdə “elmi araşdırma” anlayışının  sərhəd və konturlarının itməsi, tələblərin minimuma enməsi (məsələn, dissertasiyaların müzakirəsi zamanı ara-sıra eşitdiyimiz: “Özü yazıb” hökmü acı gülüş və sual doğurur: Görəsən, araşdırmanı tədqiqatçının özündən başqa kim yazmalıdır ki?..);

- Elmi işdə anomaliyaların normativləşməsi: baş alıb gedən plagiat və kompilyasiyalar, rabitəsiz və məntiqsiz “calaqvurma”lar (Təbiətdə bu hadisənin zaman hüdudu var, elmi fikrimizdə isə bu mövsümi deyil... Yazıqlar olsun!..);

- Son onillikdə alimnümaların sovet dövründəki nəşrləri yeni əlifbada öz adları altında təqdimi;

- Elmi çevrələrdə bu arzuolunmaz hallara qarşı xaraktersizlik və prinsipsizliyin təzahürü olan gərəksiz dözümlülük (Bu, dəyişən və eroziyaya uğrayan əxlaq və mənəviyyatdan soraq vermirmi?) və s. və i.a.  

Bəzi göstəricilərini qeyd etməklə ümumi mənzərəsini yaratmaq istədiyimiz  acınacaqlı durum klassik irsimizin araşdırılması və nəşri sahəsində daha qabarıq gözə çarpmaqdadır. Baş verənlər bu  sahənin heç durğunluq da deyil, tam anlamı ilə tənəzzül dövrü yaşadığını təsdiqləyir. Bu gün Azərbaycan şerinin təkzibolunmaz zirvələrindən olan Nizami Gəncəvinin yüz illər boyu Şərq və Qərbin intellektlərini heyrətə salan ədəbi mirasına olan maraq itirilmiş kimidir. Son on ildə Azərbaycanda Seyid İmadəddin Nəsiminin şəxsiyyəti və irsi ilə bağlı yazdıqlarımın bəzən cahilcəsinə inkarı, bəzən isə insafsızcasına qarəti və mənimsənilməsi fikir dolaşıqlığı və düşüncələri dumanlandırmaqdan  başqa heç nəyə xidmət etmir. Müstəqillik dövründə yazılmış bir sıra araşdırmalarda bu zəngin mənəviyyat və dərin zəka sahiblərinin söylədiklərini anlayıb azca da olsa, onlara yaxınlaşmaq əvəzinə, bir para dar görüşlü və məhdud düşüncəli “alim”lərin bəsit və təhrif olunmuş təqdimi və digər ölkələrdə söylənilənlərin eybəcərləşdirilmiş şəkildə təqlidi ilə kifayətlənilib.

Nəticələr göz önündədir: Bu söz-fikir nəhənglərimizin irsinə sahiblənmək və bu sahədəki beynəlxalq elmi araşdırmaları yönləndirmək əvəzinə, bir sıra alimlik iddiaçıları kölgələrə sığınır və spekulyasiyalarla gözə kül üfürürlər. Xüsusilə də Nizami, Nəsimi, Xətai və Füzulinin şəxsiyyəti ilə bağlı qətiyyətli mövqe nümayişinin olmaması, bəzilərinin saxta türkçülüyündən qaynaqlanan qeyri-elmi yanaşmalar son nəticə etibarilə bu bənzərsiz şəxsiyyətlərin Azərbaycana aidiyyətinin şübhə altına alınmasına gətirib çıxarır. Bir neçə örnəyi qeyd etməklə kifayətlənirik: Türkmənistanda İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Cahanşah Həqiqi və Məhəmməd Füzuli türkmən olaraq təqdim olunur. Son illərdə Türkmənistanda keçirilən konfranslarda müştərək və ya ayrıca bir türk xalqına məxsus tarix və ədəbiyyatın birtərəfli və biristiqamətli öyrənilməsi də bu mövqenin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan elmi fikri və bütövlükdə ölkəmizin mövqeyi isə çox zaman diletantlar tərəfindən təmsil olunur. İranda yazılan araşdırmalarda farsdilli şair və müəlliflərimizin farsmənşəli olaraq təqdimi bilinən və acı gerçəklərdəndir. Bunun müqabilində yenə də azərbaycanlı mütəxəssislər və mütəxəssislik iddiasında olanların laqeydliyi və susqunluğu müşahidə olunur. Ən yaxşı halda isə bu kimi hallara qarşı güclə eşidilən zəif səslə etiraz edilir...

Türkiyədə milli mənsubiyyəti ətrafında ən çox mübahisələr olan şairlər isə Nəsimi və Füzulidir. Burada nəşr olunan bir sıra populyar və elmi-kütləvi əsərlərdə, eləcə də bəzi internet saytlarında bu şairlərin Azərbaycan və ədəbiyyatına mənsubiyyəti əhəmiyyətsizmiş kimi heç müzakirə mövzusu da deyildir və onlar başqa məkan və millətlərə aid olunmaqdadırlar.  Bu sahə ilə məşğul olanların reaksiyası yenə də çox zaman görməzlik və öz qılafından baxışdır. (Nəsiminin milli mənsubiyyəti ilə bağlı yazdığım məqalələrin mövzu aktuallığına etiraz isə – nə qədər qəribə səslənsə də – bu problemlərdən xəbərsiz azərbaycanlı qələm əhlindən gəldi... Bu kimi halları gördükdə:

Laylay bala, laylay,

Yat, qal dala, laylay! 

- söyləyən Mirzə Ələkbər Sabirə rəhmət oxumaqdan başqa çarəm qalmadı və düşündüm ki, görəsən, keçən yüz il ərzində dəyişən elə qiyafəmizdirmi?)

Beynəlxalq səviyyəli elmi konfrans və qurultaylarda bu problemlər müzakirə olunmalı, ciddi elmi əsaslar üzərində həllini tapmalı və ortaq məxrəcə gəlinməlidir.

Əslində maddi mədəniyyət abidələrimiz və muğamlarımız qədər dövlətin qayğısı və himayəsinə möhtac olan klassik irsimizin nəşri və araşdırılmasının çağdaş beynəlxalq elmi standartlara uyğunlaşdırılmasına ciddi ehtiyac var. Halbuki əqli-mənəvi sərvətimiz olan bu ədəbiyyatın ayrı-ayrı örnəklərinin elmi-tənqidi mətnlərinin hazırlanması və nəşrində sovet dövrü ənənəsindən nəinki irəli gedilməyib, əksinə, mütəxəssislik iddiasında olanlar tərəfindən əski nəşrlərin yeni əlifbada təhrif olunmuş variantları təqdim edilir. Bunun üçün yalnız Nəsiminin türkcə divanının yeni nəşrinə baxmaq yetər. Çoxcildli “Azərbaycan ədəbiyyatı tarixi”nin orta çağ poeziyasına həsr olunmuş oçerklərində də eyni vəziyyət hökmrandır. Sovet dövründən - təqribən 1968-ci ildən - hazırlanmasına başlanılmış bu oçerklərdə günün tələbinə cavab verən, sosial sifarişi ödəyən məqamlar azlıq təşkil etmədə, bəzi yazılar saxta müəllif və ya “şərik”lərin adıyla oxucuya təqdim olunmaqdadır. (15 il əvvəl “Azərbaycan ədəbiyyatı tarixi”nin redaksiya heyətinə təqdim etdiyim başıbəlalı “Nəsimi” oçerki də mənim razılığım alınmadan bu problemin araşdırılmasına heç bir aidiyyəti olmayan birisinin “həmmüəllifliyi”, həm də mətndə gərəksiz ixtisar və yersiz müdaxilələrlə nəşr olunub).

Bu kimi nəşrlərlə çağdaş oxucu aldadılmaqla yanaşı, həqiqi tədqiqatçıların haqqı da mənimsənilmiş olur.

Qəti qənaətim belədir ki, görkəmli və “imzamızı imzalar içində” (Hadi) tanıdan şairlərə diqqətimizi artırmalı, əqli-mənəvi dəyərlərimizin göstəricisi və qoruyucusu olan bu əsərlərin haqlı iddiaçısı olmalı, tariximiz və ədəbiyyatımıza sahib çıxmalıyıq. Yoxsa, bu gedişlə unutqanlıq və laqeydlik, bir sıra alimnümaların saxtakarlıq və qeyri-ciddiliyi faciəvi sonluqlara gətirə bilər. Nəticədə dünya elmi fikrinə inteqrasiya əvəzinə, bugünkü elmi səviyyə və tələbatla kinayə hədəfinə dönərək, misilsiz sənətkarlarımızın poetik irsini özgə bir xalqın adına öyrənməyə məcbur olar, bu mirasa aidiyyət haqqımızı itirərik. Tənəzzül dövrünün uzun müddət davam etməsi başqa acınacaqlı nəticələrə də gətirib çıxara bilər: əgər lazımi  tədbirlər görülməzsə, bugünkü boşluqların aradan qaldırılması və itirməkdə olduqlarımızın geri qaytarılması gələcək nəsillərin boynuna ağır bir mənəvi yük kimi qoyulmuş olar...

 

 

 

Səadət Şıxıyeva

filologiya üzrə fəlsəfə doktoru,

 Z. Bünyadov adına Şərqşünaslıq İnstitutu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1375
avatar

Oxşar yazılar