Bəhram Bağırzadə keçmiş və indiki Bakını bir araya gətirdi - FOTO
25 may 2013 18:36 (UTC +04:00)

Bəhram Bağırzadə keçmiş və indiki Bakını bir araya gətirdi - FOTO

 

Azərbaycanın tanınmış aktyoru Bəhram Bağırzadənin “Bakı o vaxt və indi” adlı sərgisi açılıb. Lent.az-ın məlumatına görə, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində (MİM) keçirilən tədbirə onlarla tamaşaçı qatılıb.

 

Onların arasında müxtəlif nazirliklərin, şirkətlərin nümayəndələri, ziyalılar, müğənnilər, incəsənət ustaları, Bağırzadənin “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubundakı komanda yoldaşları, hətta Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina Kintero da olub. İnsanlar Caz Trio” qrupunun Emin Sabitoğlu, Tofiq Quliyev və Cahangir Cahangirovun Bakı haqda səsləndirdiyi müxtəlif mahnıların müşayiəti ilə sərgiyə tamaşa ediblər.

 

Sərginin özəlliyi onda olub ki, eyni çərçivəyə ötən əsrin ilk yarısında paytaxtımızın müxtəlif görkəmli məkanının şəkli ilə oranın indiki görkəmi yan-yana qoyularaq, eyni çərçivəyə yerləşdirilib. Bu isə insanlara Bakının əvvəlki və hazırkı görkəmini müqayisə aparmaq imkanı yaradıb. MİM-in 2 mərtəbəsini əhatə edən sərgidə 100-dən çox belə çərçivə sərgilənib. Ötən dövrlərdən fotoların müəllifləri İsay Rubençik, Dmitri Yermakov, Lavreniy Breqadze və Hüseyn Hüseynzadə, indiki şəkillərin müəllifi isə Bahadır Cəfərov və Bəhram Bağırzadənin özüdür. İnsanların əksəriyyəti sərgi ilə tanışlıqdan sonra sərgi müəllifi ilə görüşərək, onları keçmişə apardığı üçün minnətdarlıq ediblər və xatirə şəkli çəkdiriblər.

Bağırzadə Lent.az-a açıqlamasında bildirib ki, o, fotoları əldə edərək, şəxsi arxivinə toplayıb: “Bakının keçmişi və indiki görkəmini hər kəs fərqli qiymətləndirir. Məsələn, rəhmətlik atam keçmiş Bakını daha çox bəyənirdi, mən isə indikini. Ən böyük arzum budur ki, Bakıda belə bir muzey açılsın və mən də topladığım şəkilləri ora təmənnasız hədiyyə edim. İndiki halda isə belə bir sərginin təşkilinə şərait yaratdığı üçün MİM-in direktoru Bəhram Xəlilova minnətdaram”.

Qeyd edək ki, sərgi bir həftəyədək davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1585

Oxşar yazılar