<b>Baş rejissor aktyorlara qadağa qoydu:</b><span style="color:red;"> "Şou yaratmaq lazım deyil"
11 sentyabr 2015 17:37 (UTC +04:00)

Baş rejissor aktyorlara qadağa qoydu: "Şou yaratmaq lazım deyil"

“Mən teatr haqqında danışmağı aktyorlara qadağan etmişəm. 11 il teatr rəhbəri olmuşam, heç bir aktyora icazə verməmişəm ki, teatr haqqında danışsın”.

Lent.az-ın məlumatına görə, bunu bu gün Akademik Milli Dram Teatrında keçirilən mətbuat konfransında baş rejissor və bədii rəhbər Azər Paşa Nemətov deyib. Aktyorlarla teatrın direktoru İsrafil İsrafilov arasında yaranan qalmaqaldan danışan A. P. Nemətov bildirib ki, bu narazılıq intriqa və konfliktlərin böyüməsinə gətirib çıxarıb: “Mən aktyorları dinlədim. Onlar deyir ki, İsrafil müəllim bizə yüksək maaş söz vermişdi, lakin sözünə əməl etmədi. Gedib bunu İsrafil müəllimə bildirdim. O isə özünü qayda-qanunla müdafiə edir. Deyir ki, aktyorlardan nizam-intizam, məşqlərə vaxtında gəlib-getməyi, icazəsiz teatrdan çıxmamağı tələb edir. Yüksək maaşa gəlincə, bu teatrın aktyorları digər teatrın aktyorlarından yüz faiz artıq maaş alır və maaşı direktor təyin etmir. Üstəlik, bu aktyorlar arasında prezident mükafatçısı, prezident təqaüdçüsü var”.

 

A.P. Nemətov bir neçə gün əvvəl dünyasını dəyişən xalq artisti İlham Əsgərovun vida mərasimi və dəfni ilə bağlı yaranan narazılığa da cavab verib. Baş rejissor aktyorun layiqincə haqq dünyasına yola salındığı qənaətindədir. O, İ. Əsgərovun ölümündə teatr direktorunu günahlandıran aktyorlara isə bundan şou düzəltməməyi məsləhət görüb: “Əvvəla, aktyorlar İlham Əsgərovun dəfninə getmək üçün avtobus istəməyiblər, əgər müraciət etsəydilər baxılardı. Ikincisi, Telman Adıgözəlov, Əliağa Ağayev, Yusif Vəliyev, Səməndər Rzayev kimi bir çox aktyorlarla da vida mərasimi teatrda keçirilmədi və onlar da Fəxri Xiyabanda dəfn edilmədi. Ilhama qarşı bu münasibəti yozmaq, şou yaratmaq lazım deyil. Vida və dəfn mərasimlərini teatr həll etmir”.

 

Bədii rəhbər də öz növbəsində teatrda nizam-intizam yaradacağını vurğulayıb. A. P. Nemətov 143-cü mövsümdə tamaşaçılara yeni və maraqlı səhnə əsərləri təqdim edəcəklərinə söz verib: “Mənim məşqlərimdə də nizam-intizam olmalıdır. Bunu teatra da tətbiq edəcəm. Mən bura qalmaqal yatırtmağa gəlməmişəm. Əsas məqsədim bu teatrı əvvəlki zirvəsinə qaldırmaqdır. Qismət olar edərəm, olmazsa etmərəm. Çalışacam sülh olsun, istəməsələr, özləri bilərlər. Çalışacam mən bu dünyada olmayanda desinlər ki, "Azər Paşanın teatrı". Çünki əvvəllər tear direktor yox, baş rejossor və bədii rəhbərin adı ilə tanınardı”.  

 

Qeyd edək ki, 143-cü teatr mövsümünün təntənəli açılış mərasimi Gəncə şəhərində keçiriləcək. Həmin gün Gəncə Dram Teatrında yeni tamaşa nümayiş etdiriləcək. Akademik Milli Dram Teatrı isə mövsümə sentyabrın 18-də "Qarabağnamə" tamaşası ilə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316

Oxşar yazılar