Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası başa çatıb. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə sessiyanın yekun iclası keçirilib. İndiyədək nəzərdə tutulan bütün sənədlərin müzakirə və qəbul olunduğunu xatırladan Ə. Qarayev bildirib ki, qarşıda duran sonuncu məsələ artıq iştirakçılara paylanılmış UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin qərar layihəsinin təsdiqi və qəbul edilməsidir. Yunanıstan və Uruqvay dövlətlərinin təklifləri əlavə edilməklə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin qərarı təsdiq olunub.
Sonra QHT Forumunun nümayəndələrinə söz verilib. Bildirilib ki, Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çox yüksək səviyyədə keçirilib. Çıxış edənlər QHT-lərin fəaliyyəti haqqında geniş məlumat verib və qeyri-maddi mədəni irsin qorunması məsələlərinə dair fəaliyyət göstərə biləcəkləri sahələr üzrə fikirlərini diqqətə çatdırıb. Nazir QHT-lərin fikirlərinin nəzərə alınacağını və gələcəkdə müvafiq əməkdaşlığın davam edəcəyini bildirib.
UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının, eləcə də müvafiq Konvensiyanın 10 illik yubileyinin yüksək səviyyədə təşkil olunduğunu və uğurla keçdiyini deyib.