Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə Azərbaycanın Elmi Tibb Kitabxanası ilə Özbəkistanın Dövlət Elmi Tibb Kitabxanası arasında əməkdaşlığın yaradılması haqqında memorandum imzalanacaq.
APA-nın məlumatına görə, memorandumda tərəflər kitabxana-informasiya sahəsinin aktual problemlərinə dair qabaqcıl təcrübələrin mübadiləsi, bu sahədə birgə konfrans, seminar, on-line müzakirə və tədbirlərin təşkili nəzərdə tutulub. Kitabxanalar arasında kitab, jurnal, elektron resursların mübadiləsi, kitabxanalar arasında qarşılıqlı səfərlərin təşkili də gələcək planlara daxildir.
Memorandum artıq Özbəkistanın Dövlət Elmi Tibb kitabxanası tərəfindən imzalanıb. Yaxın günlərdə Azərbaycan Elmi Tibb Kitabxanasının da sözügedən sənədə imza atacağı gözlənilir.
Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə 2012-2015-ci illər üçün Tədbirlər Planına uyğun olaraq iki ölkənin mədəniyyət, elm, təhsil sahəsində fəaliyyət göstərən müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması və genişləndirilməsi prioritet məsələlərdəndir.