Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri Ağahüseyn Şükürovun APA-ya verdiyi xəbərə əsasən, İnstitutun direktoru İsa Həbibbəyli rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin strukturu, elmi istiqamətləri barədə qonaqlara məlumat verdikdən sonra iki ölkə arasında elmi əməkdaşlığın mövcud vəziyyətindən danışıb, qarşılıqlı əlaqələrin bundan sonra da uğurla davam etdirilməsinin vacibliyini bildirib. Rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin yubileyinə start verildiyini diqqətə çatdıran institut rəhbəri qeyd edib ki, institutun bu günlərdə keçiriləcək 80 illik yubileyinə bir sıra ölkələrdən, o cümlədən Gürcüstandan da ədəbiyyatşünas alimlər dəvət ediləcək.
Gürcü ədəbiyyatşünasları - filologiya elmləri doktorları Qaqa Lomidze, İrina Modevadze və institutun elmi katibi Miranda Tkeşelaşvili Azərbaycanda son illərdə aparılan tikinti-quruculuq işlərinin geniş vüsət aldığını, Bakı şəhərinin simasının xeyli dəyişdiyini, azərbaycanlıların qonaqpərvərliyini xüsusi vurğulayıblar. Qonşu ölkə alimləri Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə olduğu kimi, elm istiqamətində də əməkdaşlığın daha da genişləndirməsinin əhəmiyyətini bildiriblər.
Sonra Nizami adına Ədəbiyyat İnstitutu ilə Gürcüstan Ədəbiyyatı İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Görüşdə hər iki tərəfin nümayəndələri qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim ediblər.