Bu il Parisdə keçirilən ənənəvi milad yarmarkasında Azərbaycan üçün də yer ayrılıb. APA-nın Avropa bürosunun məlumatına görə, 2013-cü il dekabrın 12-də açılan və 2014-cü il yanvarın 5-dək davam edəcək yarmarkada Azərbaycan ilk dəfə təmsil olunur. Yarmarka Trokadero meydanında, Eyfel qülləsinin qarşısında təşkil edilib.
Heydər Əliyev Fondunun, Azərbaycanın Fransadakı səfirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Fransada fəaliyyət göstərən “Ulduz” Assosiasiyasının dəstəyi və Parisdəki “Azərbaycan evi”nin təşəbbüsü ilə təşkil edilmiş satış-yarmarka “Azərbaycan Evi”nin yeni layihəsidir. “Azərbaycan Evi” nin nümayəndələri, əsasən də Parisdə yaşayan azərbaycanlı xanımlar ölkənin zəngin milli mətbəxinin nümunələrini, müxtəlif hədiyyələri, milli bəzək əşyalarını yarmarka iştirakçılarına təqdim edir, Azərbaycanın tarixini, mədəniyyətini, turizm imkanlarını, təbiətini əks etdirən kitablar və broşurlar paylayırlar.
Bu il Trokaderodakı yarmarkada ümumilikdə 20 milyondan artıq insanın iştirak edəcəyi gözlənilir.