Azərbaycan musiqisi Londonun böyük layihəsində
28 yanvar 2013 11:22 (UTC +04:00)

Azərbaycan musiqisi Londonun böyük layihəsində

Tanınmış xanəndə Qoçaq Əsgərov Londonda daha bir uğurlu layihəyə imza atıb. Lent.az-ın məlumatına görə, xanəndəmiz “BBC radio 3”-ün Londonda yaşayan etnik xalqlar üçün həyata keçirdiyi layihə çərçivəsində böyük konsert proqramı ilə çıxış edib. “BBC radio 3” konsert salonunda keçirilən tədbirə Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının nümayəndələri, Britaniya ictimaiyyətinin təmsilçiləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər. Konsertdə ilk olaraq, Qoçaq Əsgərov tamaşaçılara təqdim edilib, onun yaradıcılığı və qeyri-adi səs imkanlarından danışılıb.  Xanəndə Lent.az-a açıqlamasında bildirib ki, bu layihə Londonda yaşayan etnik xalqlar arasında keçirilən bir tanıtım yarışmasıdır. Qoçaq Əsgərov bu layihə üçün Londondakı həmyerlimiz 16 yaşlı Fidan Hacıyevanı hazırlayıb: “Bu təklifi mənə edəndə bildirdilər ki, Londonda  yaşayan azərbaycanlı ilə çıxış etməliyəm. Məqsəd Londonda doğulan azərbaycanlının öz ölkəsinin mədəniyyətini necə təbliğ etdiyini göstərməkdir. Mən də Fidan Hacıyevanı hazırladım və o, sentyabr ayında keçirilən yarışmada bir neçə ölkə arasında Azərbaycanı qalib etdi. Bundan sonra isə biz konsert üçün hazırlaşmağa başladıq. Məşqlərimizi əsasən “skype” vasitəsi ilə edirdik. Ötən gün isə həmin layihənin bu il üçün açılışı oldu. Konsertdə ilk keçən ilki qalib ölkə Kolumbiya iştirak etdi. Daha sonra Fidanla mən öz ifalarımızı təqdim etdik”.

 

 

Qoçaq Əsgərov bildirib ki, onların ifalarının səs yazıları iyul ayına kimi BBC-3 radiosunda səslənəcək. Bundan başqa yaxın günlərdə çəkiliş qrupu Azərbaycana gələcək: “Fidanı da özləri ilə Bakıya gətirəcəklər və burada çəkilişləri davam etdirəcəklər. Musiqiçilərimiz həmçinin, geniş müsahibə ilə çıxış edərək, ifa etdikləri hər bir musiqi aləti haqqında geniş məlumatla çıxış etdilər”.  

 

Qeyd edək ki, xanəndəni tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, balabanda Şirzad Fətəliyev müşahidə edib. Layihə sənətşünaslıq namizədi, YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırovanın təşkilatçılığı ilə həyata keçirilib.

 

 

Jalə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240

Oxşar yazılar