Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, xalq artisti bu barədə deyib ki, Lüksemburq simfonik orkestri ilə birgə məşq etmək üçün bu ölkəyə üç gün əvvəlcədən gedəcəyik. Konsertdə xalq və bəstəkar mahnılarımızla yanaşı, muğamlarımız da ifa ediləcək. Layihənin maraqlı məqamlarından biri də muğamları getdiyimiz ölkələrin orkestrləri ilə birgə ifa etməyimizdir.
Mənsum İbrahimov deyib ki, səfər 2007-ci ildə hazırlanmış “Simfonik muğam” layihəsi əsasında təşkil olunub: "Bu layihə artıq neçə ildir fəaliyyət göstərir və biz onun əsasında 10-dan çox ölkədə olmuşuq".
"Əsas məqsədin Azərbaycan muğamını xarici ölkələrdə tanıtmaqdan ibarət olduğunu" deyən xalq artisti bildirib ki, Avropa ölkələrində simfonik musiqini çox sevirlər. Həmin səbəbdən Azərbaycanın simfonik muğamlarının təbliğində bu layihə mühüm rol oynayır.