Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Porto Aleqre şəhərindəki mötəbər “Santander Cultural” mədəniyyət mərkəzində Azərbaycan bədii filmlərinin Rio-Qrande-do-Sul ştatında ilk nümayişi başlayıb.
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, bu münasibətlə yerli tamaşaçılar qarşısında çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Azərbaycanın zəngin mədəniyyəti və milli kinematoqrafiyası haqqında məlumat verib. Portuqal dilində alt yazılarla “Buta”, “O olmasın, bu olsun”, “Təhminə”, “Çölçü”, “Dərvişin qeydləri”, “40-cı qapı” kimi ümumilikdə 14 Azərbaycan filminin nümayişi 2 dekabr 2015-ci il tarixinədək davam edib.
Filmlər yerli ictimaiyyətin böyük marağına səbəb olub və hər gün xeyli sayda tamaşaçı Azərbaycan filmlərini izləyib. Azərbaycan bədii filmlərinin Porto Aleqre şəhərində nümayişi milli mədəniyyət və kinematoqrafiyamızın Braziliyada təbliğ edilməsi Azərbaycan-Braziliya mədəni əlaqələrinin genişləndirilməsi baxımından vacib və uğurlu hadisə kimi səciyyələndirilə bilər.