Azər Paşa Nemətov: “Bizim milyonçularda... düşüncə yoxdur”  - MÜSAHİBƏ
16 fevral 2013 11:37 (UTC +04:00)

Azər Paşa Nemətov: “Bizim milyonçularda... düşüncə yoxdur” - MÜSAHİBƏ

“Ağılsız teatr direktoru tamaşanı repertuardan çıxardı”.

 

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətovun Lent.az-a MÜSAHİBƏSİ

 

Azər Paşa Zəfər oğlu Nemətov 1947-ci il avqustun 13-də Bakıda doğulub . 1965-1970-ci illərdə Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.  1972-ci ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti, sonra isə quruluşçu rejissor işləyib. İlk dəfə A.Aleksin “Qardaşım klarnet çalır” əsərini Gənc Tamaşaçılar Teatrının rus bölməsində tamaşaya qoyub. 1973-1978-ci illərdə Sankt - Peterburqun Gənc Tamaşaçılar Teatrında çalışmaqla yanaşı, Leninqrad Dövlət Teatr, Kino və Musiqi İnstitutunda dərs deyib. Bakıya qayıtdıqdan sonra 1983-1990 - cı illərdə Gənc Tamaşaçılar Teatrında rejissor, baş rejissor və bədii rəhbər vəzifələrində çalışıb. 1990-cı ildən Akademik Milli Dram Teatrında quruluşçu rejissor  işləyib. 2004-cü ildən Teatr Xadimləri İttifaqının sədridir. 1987-ci ildə əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 80-ə yaxın tamaşaya quruluş verib.

 

  Tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb.

 

 

- Martda  teatrımızın  140 illiyidir. Bu illəri necə qiymətləndirirsiniz?

 

- Teatr canlı orqanizmdir. Orqanizmin də yaşaması üçün çoxlu amillər olmalıdır. Teatrın tarixi 3-4 min il bundan əvvələ gedib çıxır. Bu günə qədər də lazım olan amillər onu yaşadır.  Bilirsiniz, hər cəmiyyətin, dövrün öz teatrı olub. Amma öz dövrünü əks etdirən, gələcəyə ümidi olan, keçmişini sevdirən teatrlar həmişə yaşayıb. Azərbaycan teatrının da böyük keçmişi var. Həm də bu günü, sabahı...Hesab edirəm ki, teatrın inkişaf prosesi Azərbaycanda çox təbii gedir. Bu gün teatrlara dövlətin qayğısı çox böyükdür...

 

- Teatr Xadimləri İttifaqının sədri kimi sizi narahat edən məsələlər varmı?

 

- Narazılığım yoxdur. Teatrımızın yeni texniki imkanları var. Bir misal deyim, Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi çərçivəsində, Bakıda Çarli Çaplinin nəvəsi Viktoriya Tyere-Çaplinin  hazırladığı “Aureliyanın oratoriyası” tamaşası oldu. Çox möhtəşəm tamaşa idi. Onlar gəlməzdən əvvəl səhnəmizin imkanlarını öyrəndilər. Sonra gəlib tamaşanı göstərdilər, imkanlarımız həqiqətən çox genişdir. Amma problemlər də var. Bu, olmalıdır. Problem yalnız ölüdə olmur...

 

- Yaratdığınız “Zəfər” studiyasının hazırladığı “Afinalı Timon” tamaşası teatr aləmində  ilk hadisə oldu. Nəyə görə bu cür tamaşaların davamı gəlmədi?

 

- Bu studiya bir yaradıcılıq emalatxanasıdır, teatr deyil. Fikirləşdik ki, pul, şərait olanda ara-sıra tamaşalar hazırlayarıq. Daimi aktyorlarımız yoxdur. Dəvət olunmuş aktyorlarla işləyirik.

Gəlirimiz  yaxşı olsa, işlərimiz də davamlı olar...

 “Teatr və teatr fəaliyyəti haqqında qanun” a əsaslanıb belə bir studiyanı ilk dəfə biz yaratdıq.    Təəssüf ki, teatrların hamısı bunu etməyi bacarmır. İndiyəcən  “Afinalı Timon”,  “Əli və Nino”,  “12-ci gecə” və başqa əsərləri rus dilində hazırlamışıq. Hələlik hazır tamaşamız yoxdur.  Dramaturgiya ilə məşğul olmaq istəyənlərə dəstək verməklə məşğuluq . Bu yaxınlarda gənc rejissorlar laboratoriyası da açmaq fikrindəyik.

 

- “1-2 dramaturq bütün teatrı öz monopoliyasına alıb” fikirləri ilə razısınızmı? Bu barədə mətbuatda mütəmadi yazılar gedir. Ümumiyyətlə, bəzi imtiyazlardan istifadə edib birdən-birə əsərləri teatra yol tapanlara münasibətiniz necədir?

 

- Siz o fikirlərlə razısız ?

 

- Qismən …

 

- Dramaturgiyanı yazıçılarımız çox asan sahə hesab edirlər. Tək yazıçılar yox, eyni zamanda jurnalistlər də. Mən onlardan üzr istəyirəm, eyni zamanda da əcəb edib deyirəm ki, bütün sahələrin  hamısından qüdrətli və çətin dramaturgiyadır. Böyük rus tənqidçisi Belinski deyib ki, dramaturgiya ədəbiyyatın tacıdır. Çox çətin sahədir. Dramaturq bir ilə, beş ilə yetişmir.  Bəxtimiz onda  gətirib ki, Axundzadə kimi dahimiz olub. O, bizim üçün 6 mükəmməl əsər qoyub. İndi teatrda ən çox  Anar və Elçinin tamaşaları oynanılır. Mən Elçinin üç əsərini hazırlamışam. Kiminsə, hansısa vəzifə tutmağını nəzərə almamışam.  Bu şəxslərin əsərlərində nəbz, dinamika var. Kimsə narazıdırsa, ortaya başqa əsər çıxarsın.  Yaxşı məhsul heç vaxt qıraqda  qalmır.

 

- Başqa Ali məktəblərə balları çatmayanlar Mədəniyyət və İncəsənət Universitetinə düşürlər .Bu, çoxluq təşkil edir və onlar zor-güc, həvəssiz oranı bitirirlər. Bu halda,  teatr və kinomuzun gələcəyi haqda nikbin fikirlər səsləndirmək olarmı?

 

-  Savadsız hər yerdə var. Bu sənətin aşiqləri  çoxdur. Onlar ürəyinin ən gizli nöqtəsinə qədər bu işi sevən insanlardır. Oranı bitirən adamların hamısı teatrda, kinoda çalışsaydı onda nə var idi ki ? O vaxt mənimlə  birgə 10 nəfər teatr rejissorluğunu bitirmişdi. Onlardan yalnız indi biri teatrda çalışır. Teatrın yükünü hər adam çəkə bilmir. Amma dözənlər də var. Mən gələcəyə nikbin baxıram. O vaxt da deyirdilər ki, Mirzəağadan, Əliağa Ağayevdən, Möhsün Sənanidən o səviyyədə  aktyorlar olmayacaq.  Amma çox sənətkarlar yetişdi. Bütün proseslər əyri xətlə hərəkət edir. Qalxır, enir və bir yerdə dayanmır. Dünya teatrlarının tamaşalarına da baxıram. Zirvədə olan tamaşalar barmaqla sayılır. Sonra gəlir orta tamaşalar. Bizim tamaşaların çoxu ortadır. Pis tamaşalar bizdə azdır. Tamaşanı dünya səviyyəsinə çıxarmaq üçün həm də sponsor olmalıdır. Bizə Hacı Zeynalabdin Tağıyev düşüncəsi lazımdır. İndiki milyonçularımızda o düşüncə yoxdur...

 

- Beynəlxalq teatrlararası əlaqələr çərçivəsində bir çox əcnəbi rejissorlar burada tamaşa qoyur. Bəs bizim rejissorlar başqa ölkədə niyə tamaşa qoymurlar? Bunun üçün nə çatmır? Bu əlaqələr niyə birtərəflidir?

- Mən vaxtında çox hazırlamışam. Bir sıra festivalların münsiflər heyətinin sədri olmuşam. İngiltərədə, Almaniyada... Orada mənə yaşayış, iş təklif edilib. Mənim xaricdə çox yaxşı tələbələrim var. Xaricdə tamaşa  hazırlamaq çox çətin bir prosesdir. Öncə gərək orda tanınasan. Xaricə gedib çıxmağı kimsə təşkil etməlidir.  Təbliğat lazımdır, olmasa, xaricdə kim xəbər tutacaq  sənin tamaşandan?  Bu yaxınlarda “Tarix” kanalında “Hamlet”in hansı səhnələrdə qoyulması haqqında danışırdılar. Bütün adlar çəkildi, təkcə bizdən başqa. Amma əminliklə deyirəm ki, bizim tamaşamız  gözəl idi. Hətta deyərdim, onların “Hamlet”i Fuad Poladova çata bilməzdi.

 

- Azərbaycan teatrı xaricdə  qəbul olunurmu?

 

 -  Xaricdə bir dəfə möhtəşəm tamaşamız olub. “ Hamlet”. Trabzon səhnəsində. Səhnələri bizdəkindən  kiçik, texnikası da  zəif idi.  Sonda bizə  mükafat verdilər. Bu tamaşa dünyada tanınardı,  təkan verən olsaydı. Ən əsası, təbliğatımız zəifdir. Dövlət pul verir,  yol acır. Sadəcə, o yollardan istifadə edə bilmirik.

 

- Necə etmək lazımdır ki, tamaşaçı yetişsin? Bu, ən önəmli məsələlərdəndir...

 

- Tamaşaçının azlığı teatrın repertuarından asılıdır. Gərək teatr rəhbərliyi bunu dəqiq bilsin. Hər teatrın öz tamaşaçısı var. Bu gün məktəblərdə bilet satılmasına icazə verilmir. Kim düşünüb bunu?  İnsanları teatrdan, mədəniyyətdən uzaqlaşdırmaq üçünmü  belə ediblər? Bilmirəm. Telekanallarda da bu sarıdan bir qədər laqeydlik hiss olunur. Amma Mədəniyyət kanalı açıldıqdan sonra diqqət çoxalıb. “Hamlet” tamaşam  beş il  anşlaqla keçib. Sonradan onu bir ağılsız teatr direktoru repertuardan çıxartdı. Başa düşdüm ki, yaxşını çıxardırlar ki, ortabablar itib - batmasın. O direktorla indiyəcən danışmıram…

 

- Bu gün tamaşaçı hansı mövzuda tamaşa istəyir?

 

- Hər sahənin öz adamları var. Ola bilməz ki, hamı gəlib “Hamletə baxsın. O, ilk növbədə Hamlet səviyyəsinə gəlib çatmalıdır. Gərək o səviyyəyə çatsın ki, dərk etsin , bu tamaşada Fuad Poladov oynayır. Şükür ki, belə tamaşaçılar var. İndi insanlar komediya, şounu daha çox sevirlər. Misal üçün , Rafael və Coşqun. Onların prodüseri çox gözəl işləyir. Yaxşı reklam kompaniyası aparırlar, biletlər satılır.  Tamaşalarına da gəlirlər. Amma kontingent ayrı-ayrıdır...” Hamlet”ə gəlib baxanlar akademiklər, ziyalılardır.  Hər halda zamanla hər şey düzələcək.

 

-  Bəhram Osmanov deyib ki, aktyorun siyasi baxışı olmamalıdır... 

 

-  Siyasi baxış lazımdır. Amma hesab edirəm ki, incəsənət adamları siyasətlə məşğul olmamalıdırlar.

 

İttifaqınızın qurultayı nə zaman olacaq ?

 

- Bizdə konfrans olur. Onu da gələn il keçirməyi planlaşdırırıq.

 

- Rəhbərlikdə qalmaq fikriniz varmı?

 

-  Xalq istəsə, seçsə qalaram.

 

- Aktyorların maaşlarının azlığına münasibətiniz?

-  Məvacib azdır, amma onların fəaliyyəti üçün başqa sahələr də var. Bütün dünyada belədir. Aktyor əlavə gəlir əldə etmək üçün seriallara çəkilir, dublyajlarda iştirak edir.  Dövlətimiz də  serialların çəkilməsinə pul ayırdı. Filmlərin doğma dildə olmasını qərarlaşdırdı. Bu, ondan ötrüdür ki, aktyor özünü dolandıra bilsin. Bütün dünya praktikasında belədir.

 

- Təzə bir tamaşa üzərində çalışdığınızı söyləmişdiniz. Yenilik varmı?

 

- Olacaq. Hələlik sirdir. “Şah Qacar” hazırlanacaq. Əli Əmirli yazıb. Baş rolda Fuad Poladov oynayacaq.

 

- Bütün tamaşalarınızda baş rolda Fuad Poladov oynayır. Bu, nə ilə bağlıdır?

 

 - Fuad Poladov maraqlı aktyordur. Ulduzdur. Mənim rejissorluğumu çox bəyənir. O da əvəzolunmazdır, mən də...  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2032

Oxşar yazılar