Bu yazıda çoxlu “mən” olacaq. Bu yazıda özündənrazı, yekəbaş cümlələrə rast gələcəksiz. Bu cür yazı ilk dəfə yazıram....
18 yaşından Azərbaycan mədəniyyəti üçün can qoyan mən, bu mədəniyyətin artıq cikini-bikini bilən bir qadın, bir vətəndaş, bir ana, bir eş, bir övlad və bir yazıçı (Azərbaycanda ilk dəfə intellektual-əyləncəli canlı şou yaradan və ilk dəfə öz sözlərinə mahnı oxuyan aparıcı, ilk dəfə gənclər haqda film-proqram hazırlayan rejissor, redaktor, ilk dəfə qrimsiz klip çəkdirən müğənni) ailənin bir övladı, nənəsinin gülüstanı, ərinin baş tacı, qızının müqəddəs anası, anasının ən yaxşısı, atasının şahzadəsi, dostlarının lideri, beşinci kitabının müəllifi ilk dəfədi ölkədə hansısa müğənnidən yazıram.
Giriş ona görə belə alınır ki, o da ilklərə imza atanlardandı.
O, müasir Azərbaycan musiqisinin ilk popçusudu. Mən dünənki konsertində oturub onu zaldan izləyərkən anasını fikirləşirdim. Fikirləşirdim ki, bir “cırtdan” oğul doğasan, o da gələ Faiq Ağayev ola.
O Faiq ki, özünü səhnəyə atanda min bir problemlə üzləşdi. Onu aşağılayanlar da oldu, ona gülənlər də, ona söz atanlar da, ona inanmayanlar...
Çünki yeni idi Faiq bu səhnə üçün, yad idi... Öyrəncəli deyildi bu səhnə, bu adamlar bu yeni, maraqlı, komplekssiz, müasir, dinamik müğənni tipinə.
Öyrəncəli deyildi adamlar nə onun rəqsinə, nə səsinə, nə kliplərində gördüyü sevişlərə...
Bu barmaq boyda oğlan nələr etdi Azərbaycan səhnəsində.
İllər öncə onun dənizkənarı konsertində idim. Yay idi. İsti idi. Coşqun və qızğın idi auditoriya.
Faiq içkili, çıldırmış, çimərlik geyimli dinləyiciləri elə ələ almışdı ki, heç kim mıqq edə bilmirdi.
Oxudu-oxudu, özü coşdu, tamaşaçını coşdurdu, cuşa gəldi , istiləndi, tərlədi... köynəyini çıxardı.
Mən ilk dəfə belə maraqlı adam, belə estetika, belə performans görürdüm bizim səhnədə.
Biz onu “acı sözə demə yalan” misrasıyla tanıdıq. Bu, onu bizə tanıdan, onu ifadə edən ilk mahnıydı.
Ona qədər müxtəlif tiplər görmüşdü bizim səhnə. İstedadsızı da vardı, istedadlısı da. Əyrisi də, düzü də. Böyüyü də, balacası da. Ancaq Faiq tam başqa idi. Bu, yeni müğənni növü idi bizim səhnədə.
İntellektual, sözünü, yerini bilən, varlığı ilə ölkəyə dünya popunu gətirən bir adam.
Ləkələmək də istədilər, silmək də, vurmaq da. Ancaq olmadı. Hətta ona kimsə sui-qəsd hazırlasaydı belə Faiq artıq elədiyini eləmişdi. Çox tanıdıq, oxuduq belə olayları. Kimisə silmək, kimisə məhv etmək istəyirlər, ancaq nəticədə o adam tarixə bərk-bərk möhürlənir. Çünki kimisə silmək istəyirlərsə o adam çox önəmlidi demək.
Mən ona görə heç vaxt, heç bir müğənnidən yazmadım ki, çox oldular, anlamadığımız nələrsə oxudular, nə dildəsə danışdılar, bir-birini saçladılar, söyüşdülər, qırışdılar. Sənətdə yox, nəyin bahasına olursa olsun səhnədə olmaq istədilər.
Sözsüz ki, sənət deyəndə gözümüzün qarşısına və ağlımıza gələn adamlar var bu mədəniyyətdə. Faiq bu sıranı davam edir, davam etdirir.
Onu təbrik etmək istəyirəm! Doğum günüdü, qayıdışıdı, Tolstoyun “Dirilmə” zamanıdı Faiq üçün indi.
Konsertiniz, ad gününüz, gələn iliniz və sabahınız kutlu olsun! Yenə yeni, yenə maraqlı, yenə yüksəklərdə...