Əməkdar artist A. Mustafayeva Lent.az-a müsahibəsində Gənclərin III Ümumrespublika Teatr Festivalı ilə bağlı fikirlərini bölüşüb
- Cavanlar arasında istedadları tapmaq, üzə çıxarmaq, onları cəmiyyətə təqdim etmək-çox vacib və təqdirəlayiq hadisədir. Bəli, mən bir aktrisa kimi bunu bir mədəni hadisə kimi qiymətləndirirəm. Bəzən görürsən ki, aktyor olmaq istəyən hansısa istedadlı gənc qabiliyyət imtahanından keçir, amma test imtahanlarından lazım olan balı toplaya bilmədiyi üçün Mədəniyyət və İncəsənət Universitetinə ola bilmir. Bax, həmin o istedadlı gəncləri bu festivallar üzə çıxara bilər. Amma mən çox arzulayardım ki, festivallar bu gəncləri üzə çıxarandan sonra həmin gənclərə teatrlarda şərait yaradılsın. Gənclər səhnədə öz sözlərini deyə bilsinlər. Televizor, kompüter, əyləncəli şoular təəssüf ki. cavanları teatrdan bir az aralı salıb. Elə mən özüm tamaşa zamanı dəfələrlə şahidiyəm ki, cavanlar tamaşaya baxmaq əvəzinə telefonla danışırlar, ya kiminləsə yazışırlar. Biz səhnədə tamaşa oynayırıq. Onlar da oturub sosial şəbəkələrdə vaxt keçirirlər.
- Bəs çıxış yolunu nədə görürsünüz?
- Mən gənclərə məsləhət göürərdim ki, əyləncədən, şoudan bir az aralansınlar. Bu gün teatrlarımızda hər təbəqədən olan insanlar üçün gözəl tamaşalar səhnələşdirilir. Gəlsinlər, bir az zövqlərini inkişaf etdirsinlər, dünyagörüşlərini artırsınlar. Axı teatr həm də estetikadır. Mən bu məsələdə valideynləri də günahlandırıram. Valideynlər uşaqlarının əlindən tutub teatra gətirməlidirlər ki, onlar tamaşaçı kimi yetişə bilsinlər. Orta məktəblərdə şagirdəlrin tetarlara gəlib baxmasını təşkil eləmirlər. Amma əvvəllər məktəblilər mütəmadi olaraq teatrlara cəlb oulnurdu. Hətta elə məktəblər var idi ki, uzaqda yerləşdiyi üçün şagirdləri gəlib tamaşaya baxa bilmirdi. Biz onlar üçün səyyar tamaşalar təqdim edirdik. Bu gözəl təşəbbüs idi. Bax özümüzü misal çəkim. Bugünlərdə Maştağadan, Buzovnadan avtobusla məktəblilər gəlib Gənc Tamaşaçılar Teatrında tamaşaları izlədilər.
- Sizcə aktyor, rejissorura sahəsində ümidverici gənclərimiz varmı?
- Əlbəttə, bu nəsil yetişir. Bilirsiniz, teatr elə bir xəstəlikdir ki, tutuldunsa, sağala bilmirsən. Yaxşı mənada bu “xəstəliyə” yoluxan gənc, istedadlı rejissorlarımız var ki, Cənab Prezidentin teatrla bağlı sərəncamına əsasən xarici ölkələrə göndərilərək, təcrübə keçdilər. Daha sonra onları bölgə teatrlarına göndərdilər ki, təcrübələrini tətbiq etsinlər. İstedadlı aktyorlarımız da az deyil. Amma mən üzümü istedadsızlara tutub demək istəyirəm ki, nə qədər gec deyil, gedib özlərinə başqa sənət seçsinlər, kimisə yerini məşğul etməsinlər.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin, ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin dəstək verdiyi Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Gənclərin Ümumrespublika Teatr Festivalına 120-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub.