Ağaxan Salmanlı:” Gənclərimiz Cəfər Cabbarlını tanımır, amma…”
11 dekabr 2014 18:19 (UTC +04:00)

Ağaxan Salmanlı:” Gənclərimiz Cəfər Cabbarlını tanımır, amma…”

0

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı Azərbaycanda keçirilən III Ümumrespublika Teatr Festivalını Festivalının əhəmiyyətindən danışır.   

 

- III Ümumrespublika Teatr Festivalı keçirilir. Bu festivalın əhəmiyyətini necə dəyərləndirirsiniz?

 

- Əlbəttə, bu festivalı milli teatrın inkişafında, eləcə də gənclərin teatra cəlb olunmasında müsbət addım kimi qiymətləndirirəm. Bu gün gəncləri teatra gətirmək üçün bu festivalların sayını artırmaq lazımdır. Deyim niyə? Keçmişdə nəinki paytaxtda, hətta kənd klublarının nəzdində belə dram, özfəaliyyət dərnəkləri fəaliyyət göstərirdi. Gəncləri bir araya toplayıb onlara teatr təlimləri öyrədilirdi. Demirəm bu təlimlər yüksək peşəkarlıqla öyrədilirdi, yox. Amma hər halda yeniyetmə və gənclərin teatr barədə anlayışları olurdu. Erkən yaşlarından artıq yeniyetmə, yaxud gənc teatr sevgisini özündə formalaşdırırdı. Bu gün həmin sistem dağılıb, demək olar ki, klublar, dərnəklər fəaliyyətini dayandırıb. Buna görə də indiki zamanda bu festivalların sayını artırmaq lazımdır. Festivallar həmin missiyanı daşıyırlar. Söz yox ki, bu festivallardan çıxan gənclərin hamısı gəlib məşhur aktyor, məşhur rejissor olmayacaqlar. Amma bu festivallar teatr sevgisini, teatr anlayışının nə demək olduğunu gənclərə aşılayacaq. Əsas olan da yeni nəsildə teatra olan marağı oyatmaq, onları teatra cəlb etmək və milli ənənəsi olan teatrımızı onlara sevdirməkdən ibarətdir. Təbii ki, festival hansısa istedadı üzə çıxaracaq. Elə bir, ya iki istedadın üzə çıxarılması, teatr aləminə gətirilməsi-özü böyük işdir.

 

 

- Festival çərçivəsində gənclərə master-klassların keçirilməsi, art-kamplar da nəzərdə tutulub. Sizcə, bu gənclərə nə verəcək?

 

- Bunu yalnız alqışlamaq olar. Məni dəvət etsələr, böyük məmnuniyyətlə, gəlib ustad-dərslərində iştirak edərdim. Azdan-çoxdan qazandığım təcrübəni, bilgini yeni nəsillə bölüşərdim. Onu da deyim ki, bu festivalın yeni nəsildə vətənpərvərlik hissinin formalaşdırılmasında da böyük əhəmiyyəti olacaq. Teatr yeni nəslin mənəviyyatını formalaşdıran sahədir. Teatr həm də estetika, gözəllik deməkdir. Mənəviyyatı təmiz olan gəncin vətənə olan sevgisi də güclü olacaq. Mən ustad dərslərini, kampları xüsusi olaraq dəyərləndirirəm. Çünki gənclərin bir araya yığılması, onların sənətkarlardan, eləcə də bir-birlərindən öyrənməsi, mədəni təmas, mübadilə onlara çox şey öyrədəcək. Yəqin ki, gənclər hazırladıqları tamaşalar barədə də bir-birlərinə danışacaqlar, fikir mübadiləsi edəcəklər. Ümumiyyətlə, indiki dönəmdə, şounun başı alıb getdiyi ərəfədə gəncləri bir araya cəm edib, ciddi sənət növü olan teatra cəlb etmək alqışa layiqdir. Teatrdan uzaq olan gənc mənəvi cəhətdən inkişaf edə bilməz. Bu mütləqdir. Teatr anlayışı, teatrla təmas insanda mənəviyyatın formalaşması üçün təminatdır.

 

 

- Ümumiyyətlə, yeni nəslin teatra olan marağı sizi qane edirmi?

 

- Mən gənclərlə tez-tez təmasda olan adam kimi deyə bilərəm ki, yeni nəsildə teatra sevgi hissi var. Ali məktəbə hazırlaşan, aktyor, rejissor olmaq istəyən gənclər çox vaxt mənə müraciət edir, mənimlə məsləhətləşir. Baxıb görürəm ki, əksəriyyəti hazırlıqsızdır. Savadları azdır, teatr barədə anlayışları sıfır səviyyədədir, teftar tarixindən xəbərləri yoxdur, oxumaq, maraqlanmaq həvəsləri hiss olunmur. Amma yeganə müsbət olan budur ki, teatra sevgiləri var. Deyirlər ki, biz teatrı sevirik, aktyor olmaq arzusundayıq.  Suallar verirəm, Cəfər Cabbarlını, Axundovu, korifeylərimizi, dramaturqlarımızı tanımırlar. Bir dənə tamaşa adı çəkə bilmirlər. Keçmişdə teatrlarımız necə olub, bu gün hansı inkişaf mərhələsindədir? Buna cavab verə bilmirlər. Bu məni çox narahat edən məsələlərdəndir. Mən deyərdim ki, bu fəlakətdir.

 

- Bəs bir təcrübəli sənətkar kimi nə məsləhət görürsünüz?

 

- Düşünürəm ki, gənclərin teatr sahəsinə marağını artırmaq üçün mütləq festivallar keçirmək və bu festivalların keçirilməsini ənənəyə çevirmək lazımdır. Qoy gənclərdə maraq yaransın, həvəslənsinlər. Bir-birlərinin bəhsinə daha gözəl tamaşalar hazırlasınlar. Mən də gəlib baxacağam. Çünki yeni nəslin düşüncə tərzi də fərqlidir.

Mən çox arzulayardım ki, bu festivallar beynəlxalq arenada keçirilsin, gənclərimiz ölkə xaricinə çıxsınlar,  Avropa teatr ənənələri ilə tanış olsunlar və həmin ənənələrdən bəhrələnərək mili teatr sənətimizin inkişafına təkan olsunlar. Mən inanıram ki, bu festival gənclərimizi teatra daha da ruhlandıracaq.

 

Qeyd edək ki, Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Gənclərin Ümumrespublika Teatr Festivalına 120-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar