Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutu ABŞ-ın Miçiqan Universiteti kitabxanasından XVI-XVII əsr Osmanlı şairlərinin seçmə şeirlər toplusundan ibarət Azərbaycanda köçürülmüş əlyazma cüngün – antologiyanın surətini əldə edib.
AMEA Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov Lent.az-a açıqlamasında bildirib ki, 250 səhifədən ibarət, gözəl nəstəliq xətti ilə köçürülmüş bu cüngdə Osmanlı şairləri Baqi, Sirri, Ülvi, Ümidi, Növi, Xəyali, Şəmi və başqalarının şeirləri toplanıb.
Əlyazma orta əsrlərdə Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin öyrənilməsi baxımından böyük maraq doğurur.