15 mart 2013-ci il tarixində Gazelli Art House (Baki) mətbuat nümayəndələrini tanınmış İtaliyalı fotoqraf Giovanni Ozzolanın Azərbaycanda keçirilən ilk sərgisinə dəvət etdi. Kolleksiya ilə ilk tanış olanlar məhz mətbuat nümayəndələri oldu.
Giovannİ Ozzola 1982-ci ildə Florensiyada anadan olmuşdur; Toskanada yaşayır və fəaliyyət göstərir.
Gazelli Art House üçün Ozzola yeni zaman ölçüsü yaradaraq, müşahidəçiləri qavrama prosesinə qədəm qoymağa dəvət etdi. Ozzola "Nəticə - az qala zülmət"-2010 adlı işini təqdim etdi. Əsər onu əhatə edən mühitin rütubətliliyinin əmələ gətirdiyi damlaların yaratdığı zərif dalğaların canlandırdığı su səthini əks etdirən böyük həcmli fotoqrafik təsvirlərin əmələ gətirdiyi triptixdən ibarətdir. Təsvirlər seyrçini mütləq və demək olar ki, metafiziki ölçüdə tutaraq, donmuş, qeyri-müəyyən zamana aparır. "Nəticə - az qala zülmət"-2010 "Alba”, 2009 adlı video-instalyasiya ilə yanaşı sərgiləndi. Öz növbəsində, "Alba” 2009 da zamanı və onun işığa olan təsirini təsvir edir. Video otaq interyerini və işığın gün ərzində dəyişmə prosesini göstərir.
Flipbuklarda (hərəkətli şəkilli kitablar) ayrı-ayrı şəkillərin bir-birini sürətlə əvəzləyərək animasiya yaratdığı kimi, Ozzola da işığın hərəkətini təsvir etməyə çalışır. Ozzola öz gördüyü ayrı-ayrı təsvirləri göz qırpımı zamanı yaranan ani görüntü kimi kağız üzərində həkk edir. İşıq zaman axınının göstəricisidir. O, günümüzü müəyyənləşdirən fiziki fenomen - gün işığı, həmçinin gözləri yönləndirən və obyektləri təyin edən süni işıqdır. İşıq bizə cisimləri dərk etmə imkanı verən dalğa, eləcə də təsviri həkk etmə və canlandırma üçün vasitədir.
Sərgi 26 May 2013 il tarixinədək ictimaiyyətə təqdim olunacaq. Fotoqrafın kolleksiya işlərini seyr etmək istəyənlər Gazelli Art House qalereyasına təmənnasız təşrif buyura bilərlər.
Gazelli Art House-un təsisçisi və direktoru Mila Əsgərova Azərbaycanda doğulmuş, İstanbula köçmüş, daha sonra isə Londonda məskunlaşmışdır. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Beynəlxalq Əlaqələr ixtisası üzrə bakalavr dərəcəsini aldıqdan sonra Mila Sotheby şirkətində Müştərilərlə İş Şöbəsində çalışmışdır. Eyni zamanda Bakıda və İstanbulda çoxsaylı sərgilər təşkil etmişdir. Daha sonra o, Londonda kommersiya xarakterli bir incəsənət qalereyasının İctimaiyyətlə Əlaqələr və Kommunikasiya işlərini aparmışdır. Daha sonralar isə Mila diqqətini sərgilərin təşkilinə və şəxsi incəsənət nümunələrinin satışına yönəltmişdir. İncəsənət bazarındakı fəal iştirakı dövründə Mila Mərkəzi Sent Martins və Christie’s Education incəsənət kolleclərində təhsil almaqla Müasir İncəsənətin Toplanması, Müstəqil Sərgi Təşkili və İncəsənət Biznesi kimi sahələrdə nəzəri biliklərə yiyələnmişdir. 2010-cu ildə Londonda kommersiya xarakterli bir incəsənət qalereyasının İctimaiyyətlə Əlaqələr və Kommunikasiya işlərini aparmışdır. Burada mütəmadi olaraq musair incəsənət sərgiləri, perfomanslar keçirilir. 2012-ci ilin oktyabr ayında Gazelli Art House Bakida amerika rəssamları Aziz və Kuçerin sərgisi ilə açılışını təqdim etdi.
Qalereya ayrı-ayrı insanları incəsənəti dərk etməyə səsləyir, sərgilər, görüşlər, seminarlar və turlar vasitəsilə rəssamlar, yazıçılar, mütəxəssislər, tələbələr, eləcə də incəsənətdə ilk addımlarını atan insanlar arasında xüsusi görüşlər keçirməyə və əlaqələr yaratmağa çağırır.