300 uşaq "Dostluq nağılı” nümayiş etdirdi
23 fevral 2015 17:42 (UTC +04:00)

300 uşaq "Dostluq nağılı” nümayiş etdirdi

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Dostluq nağılı” adlı teatrlaşdırılmış konsert proqramı keçirilib. Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə 300-ə yaxın dərnək üzvü öz bacarığını nümayiş etdirib. “Milli rəqs”, “Bal rəqsləri”, “Müasir rəqs” dərnəklərinin üzvləri milli və dünya xalqlarının rəqslərini ifa ediblər.

“Çiçəyim” uşaq teatr studiyasının üzvləri nağıllar aləminə səyahət edərək Şəngülüm, Şüngülüm, Məngülüm, Cırtdan, Div, Tıq-tıq xanım, Qırmızıpapaq, Buratino kimi nağıl qəhrəmanlarını canlandırıblar. Teatrın üzvləri, həmçinin moda nümayiş etdirib və gənc vokalçılar yeni uşaq mahnılar səsləndiriblər.

Dərnək üzvlərinin çıxışları maraqla qarşılanıb, məktəblilər qonaqlara xoş anlar bəxş ediblər.

Konsertdə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Yarat” Müasir İncəsənət Mərkəzi, Nizami Rayon İcra Hakimiyyəti, Belarus səfirliyi, “British Council” təşkilatı, Bakı şəhərində fəaliyyət göstərən yaradıcılıq mərkəzləri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də dərnək üzvlərinin valideynləri iştirak ediblər.

Qeyd edək ki, Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən “Milli rəqs”, “Bal rəqsləri”, “Vokal”, “Mahnı teatrı”, “Rəsm”, “Çiçəyim” uşaq teatr studiyası, “Gənc aktyorlar”, “Gənc dizayner”, “Şahmat” və digər dərnəklərdə 1800-ə yaxın uşaq, yeniyetmə və gəncin asudə vaxtının səmərəli təşkili təmin olunur.

Yaradıcılıq Mərkəzində uşaqların dünyagörüşünün formalaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, istedad və qabiliyyətlərinin üzə çıxarılması məqsədilə müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar