Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərginin təntənəli açılışı olub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Rusiya baş nazirinin müavini Olqa Qolodets, mədəniyyət naziri Vladimir Mediniski, Qalereyanın baş direktoru Zemfira Trequlova, Rusiya və Azərbaycan ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Fondunun və "Mərcani" Fondunun dəstəyi ilə keçirilən sərgidə 12 Azərbaycan rəssamının - Cavad Mircavadov, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahovun, heykəltəraş Fazil Nəcəfovun ümumilikdə 60-dan çox əsəri nümayiş olunub.
Sərginin açılışı mərasimində çıxış edən Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zemfira Trequlova nümayiş olunan əsərlərdən danışıb: "Bu əsərlərin hər biri Abşeronun gözəlliyini, odlar diyarının füsunkarlığını nümayiş etdirir. Bakı həm də maraqlı mədəniyyət mərkəzidir. Burada gözəl muzeylər və müasir incəsənət mərkəzləri var. Bakıda çevik incəsənət mühiti hökm sürür".
Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib. Tretyakov qalereyasını 160 illik yubileyi münasibəti ilə təbrik edən M. Əliyeva sərgi barədə məlumat verib: "Bu sərgi Tretyakov qaleriyası, Heydər Əliyev Fondu və Mərcani Fondunun sayəsində reallaşıb. İmkandan istifadə edib Rusiya Mədəniyyət Nazirliyinə, sərginin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Xüsusi ilə, öz dərin minnətdarlığımı sərginin reallaşmasında göstərdiyi hərtərəfli dəstəyə və yardıma görə Tretyakov Qalereyasının baş direktoru Zemfira Trequlavaya bildirirəm".
Heydər Əliyev Fondunun prezidenti sərginin Azərbaycanın mədəniyyət həyatında görkəmli hadisəyə çevrildiyini vurğulayıb: "Ümid edərm ki, Rusiyanın da mədəni həyatında belə hadisəyə çevriləcək. Sərginin təşkilatçıları heç də təsadüfən ötən əsrin 60-80-ci illərinə- Azərbaycan Respublikasının parlaq sıçrayışı dövrünə müraciət etməyiblər. Həmin dövrdə Azərbaycanda dahi musiqiçilər, bəstəkarlar, rəssamlar, heykəltəraşları yaşayıb, yaradıblar. Onların adları respublikadan kənarda, bütün Sovetlər İttifaqında tanınıb. Məhz həmin dövr Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Əşrəf Murad, Tofiq Cavadov, Rasim Babayev və bir çox digər sənət ustalarının yaradıcılığının çiçəkləndiyi dövrdür. Bu sərgi həmin dövrün, həmin nəslin dahi rəssamlarının işlərini bir araya toplayıb".
Mehriban Əliyeva sərgiyə hazırlığın bir ildən çox çəkdiyini qeyd edib: "Sizin diqqətinizə Azərbaycan təsviri-incəsənət məktəbinin dahi və parlaq rəssamlarının işləri təqdim olunub. Bu işlər öz dövrünün tendensiyasını eləcə də SSRİ aparıcı milli rəssamlıq məktəblərindən birinin xüsusiyyətini əks etdirir. Burada nümayiş olunan hər bir rəssam təkrarolunmaz fərddir və nadir taledir. Onların hamısı novator, Azərbaycan rəssamlığı və heykəltəraşlığında bütöv istiqamətin yaradıcısı olublar və elə də qalacaqlar. Əminəm ki, siz sərgi ilə tanış olarkən süjetlərdə əks olunan vətənə sevgini, kökünə bağlılığı görəcəksiniz. Bu, Dağlıq Qarabağ peyzajları və Abşeronun qızmar havasıdır".
M. Əliyeva bu gün Azərbaycanın bu adlarla fəxr etdiyini də xüsusi vurğulayıb: "Bu rəssamların yaradıcılığı Azərbaycan incəsənətinin klassikasıdır. "Abşeron ulduzları" sərgisi Azərbaycan rəssamlarının işlərinin toplandığı ilk sərgidir. Mənim üçün bu sərginin məhz Moskvada, Rusiya paytaxtında keçirilməsi təbiidir. Ona görə ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər möhkəm tarixi dostluq, sıx əməkdaşlıq bünövrəsi üzərində qurulub. Ümumi tarixi keçmişimizlə yanaşı, bu gün bizim ölkələrimizi və xalqlarımızı çoxlu ümumi tendensiya və istiqamətlər birləşdirir. Əlbəttə ki, hər şeydən öncə bu, böyük rus dili və rus ədəbiyyatıdır. Bildiyiniz kimi, Azərbaycan keçmiş Sovetlər İttifaqının azsaylı ölkələrindəndir ki, rus dilində tədris tam həcmdə qorunub saxlanılıb. Ölkəmizdə 300-dən çox rus dilli məktəb fəaliyyət göstərir ki, burada tədris tamamilə rus dilində aparılır. Bakıda Rus dram teatrı, Rusiya Mədəniyyət-İnformasiya Mərkəzi, Slavyan Universiteti, MDU-nun filalı fəaliyyət göstərir. Ötən ildən etibarən isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti fəaliyyətə başlayıb. Əlbəttə ki, bu, onu göstəriri ki, biz ümumi elmi və mədəni məkanı qoruyub saxlaya bilmişik. Bu isə öz növbəsində dövlətlərarası səviyyədə olduğu kimi, həm də sadə insanlar, ölkələrimizin vətəndaşları arasında daha çox dostluq əlaqələrinin yaranmasına təsir edir. Sonda bir daha bu sərginin reallaşmasında əməyi olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Təşəkkür edirəm ki, bu gün axşam siz bizimləsiniz. Sizin hamınızı Azərbaycana səfər etməyə dəvət edirəm".
Rusiya baş nazirinin müavini Olqa Qolodets isə çıxışında Tretyakov Qalereyasının kollektivini əsrarəngiz layihə münasibəti ilə təbrik edib: "Keçmiş Sovetlər İttifaqı respublikasının ən yaxşı rəssamlarının əsərlərini toplamaq və nümayiş etdirmək bizim hər birimizə şərəfli keçmişimizə toxunmaq imkanı qazandırır".
Rusiyanın mədəniyyət naziri Vladimir Mediniski çıxışında Abşerona səfəri ilə bağlı xatirələrini bölüşüb: "Abşeron torpağı istedadlarla zəngindir. Mən Abeşronda dəfələrlə olmuşam. Orada elə atmosfer vardır ki, insan özü nəsə yaratmaq istəyir".
Sonda çıxış edən "Mərcani" Fondunun direktoru Rustəm Süleymanov bütün Moskva sakinlərini "Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisinə dəvət edib: "Sizi əmin edirəm ki, bu sərgiyə gələnlər məyus olmayacaqlar".
Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qonaqlar sərgi ilə tanış olublar. Onlara sərginin Tretyakov qalereyasının uzun müddətli layihəsi çərçivəsində gerçəkləşdirildiyi barədə məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində keçmiş SSRİ respublikalarının tanınmış rəssamlarının həm qalereyada, həm də müxtəlif muzeylərdə və şəxsi qalereyalarda saxlanılan əsərləri nümayiş olunacaq. İndiki ekspozisiya da həmin silsilədən təqdim olunan ilk sərgidir.
Qeyd edək ki, əsərlərin əksəriyyəti ilk dəfədir ki Tretyakov qalereyasında nümayiş olunur. Məhşər Abşeron məktəbi haqqında tam təəssürat yaradan rəsmlərin hər birində Azərbaycan folkloru, mifoloji sujetlər, milli ornamentlər, miniatür sənəti öz əksini tapıb.
Sərgi gələn ilin fevralın 26-na kimi davam edəcək.