[b]“Almaniya deyirəmsə, deməli...”[/b] – SÖHBƏT
27 iyun 2014 13:31 (UTC +04:00)

[b]“Almaniya deyirəmsə, deməli...”[/b] – SÖHBƏT

“Oğluma və qızıma nəyisə qadağa etməmişəm. Özləri anlayan uşaqdırlar. Pisi, yaxşıdan ayıra bilirlər. Sadəcə, onlara Allahın yazdığı qanunları öyrədirəm”. Bu sözləri Lent.az-a müsahibəsində məşhur KVN-çi, yumor ustası, şoumen Bəhram Bağırzadə deyib. İxtisasca teatr rejissoru olan Bəhram Lent.az-a müsahibəsində bir çox məqamlardan danışıb. Övladlarından tutmuş, Azərbaycandan kənarda istirahət etməyə qədər.

 

 

- İşləriniz necə gedir?

 

- Şükür Allaha,  yaxşı gedir işlərim. Bir azdan Ramazan girir. Mən də həmin bayrama hazırlaşıram. Oruc tutacam. Mənim üçün indi də bayramdır. Futbol bayramı. Futbol azarkeşi kimi dünya çempionatının oyunlarına baxıram. Yaradıcılıq işlərimdə də yeniliklər çoxdur. Yaradıcılıq təklifləri almaqdayam. Amma hazırda istirahət mövsümüdür. İnşallah,  iki serialda rol alacağam. Həmin serialların adları hələ ki, dəqiq  məlum deyil. Amma necə bir serial olacağı barədə məlumatlıyam. Onu deyə bilərəm ki, qısa metrajlı filmlərdir. Kann Film Festivalı üçün hazırlanır.

 

- Bir müddət öncə Azərbaycan milli komandasının futbolçuları haqqında söylədiyiniz fikirlər müzakirə olundu...

 

- Bilirsiniz, həmin fikirlərimə yenidən şərh vermək istəmirəm. Bu gün mənim çox gözəl əhval-ruhiyyəm var. Kefimi pozmaq istəmirəm.

 

 

- Keçək şou-biznes aləminə. Hər kəs bu aləmi tənqid edir. Sizin fikirləriniz maraqlı olardı...

 

- Birincisi, mən şou-biznesdə yoxam. İkincisi, o aləmlə heç maraqlanmıram. Bu aləmdə gedən söz-söhbətləri belə eşitmirəm. Çünki eşitmək üçün baxmaq lazımdır. Mənsə, onlara baxmıram. Nə də mətbuatda barələrində çıxan yazıları oxumuram. Məni qlobal problemlər maraqlandırır. Şou-biznes mənə lazım deyil. Sadəcə, mən KVN-nin aktyoruyam. Mən naşirəm, kitablarım dərc olunur. Bu yaxınlarda uşaqlar üçün bir kitabım çıxdı. Daha biri isə yaxın zamanlarda işıq üzü görəcək. Yəni belə işlər məni maraqlandırır. Şou-biznes yox.

 

 

- Bəs kimlərin ifasını dinləyirsiz?

 

- Mən Azərbaycanın dəyərli sənətkarlarına Akif İslamzadə, Hüseynağa Hadıyev, Flora Kərimovaya qulaq asıram. İndikilərin bir ikisinə qulaq asa bilərəm. Ümumilikdə götürsək, yalnız korifeylərimizi dinləyirəm. Kütlə musiqisinə qulaq asmıram.

 

- İstirahət mövsümünü harada keçirdəcəksiniz?

 

- Azərbaycanda istirahət edə bilmirəm. Türkiyədə istirahət edəcəm. Yeganə ölkədir ki, orada istirahət edərkən özümü rahat hiss edirəm.  Azərbaycanda həm qiymətlər bahadır, həm də tanınmış olduğuma görə insanların diqqəti məndə olur. Bir də görürsən ki, istirahət etdiyim zaman insanlar mənə Bəhrəm Bağırzadə kimi yaxınlaşmır. Oynadığım obrazı, personajı beynində canlandırıb, o cür yaxınlaşırlar. Elə bilirlər ki, mən həyatda da eləyəm. Amma yox, mən həyatda tam fərqliyəm.

 

- Övladlarınıza vaxtınız çatırmı?

 

- İki övladım var. Qızım 6-cı, oğlum 4-cü sinfə gedir. İmtahan verdilər, əla qiymətlər aldılar. Tərbiyələrinə nəzarət edirəm. Allahın yazdığı qanunları onlara başa salıram. Müqəddəs quranda yazılan bütün qanunları onlara aşılayıram. İlk növbədə isə onlara Azərbaycan Konstitusiyasını.

 

- 1991-ci ildən "Bakılı oğlanlar" komandasının üzvüsünüz. 2006-cı ildən isə "Planet Parni iz Baku" teatrının aktyorusunuz. O illərdən bəri xeyli uğurlarınız olub. Maraqlıdır, gənc aktyorlardan bəyəndiyiniz varmı?

 

- Açığı mən yenilərə o qədər də baxmıram. Mənə maraqlı olan gənc aktyorlar yoxdur. Amma istedadlı gənclərimiz də var.

 

 

- Hazırda bütün dünyanın diqqəti  dünya çempionatına yönəlib. Azarkeşlik etdiyiniz komanda varmı?

 

 

- Həmişə demişəm, indi deyirəm ki, mən Azərbaycan yığmasına, Azərbaycan idmanına azarkeşlik edirəm. O ki qaldı dünya çempionatına, mənim üçün bir nömrə Almaniya yığmasıdır. Almaniya dövlətinə, alman millətinə hörmətim var. Almaniya deyirəmsə, deməli, keyfiyyət var, nizam-intizam var. Hesabda 2:0 geri olsalar da, kişi kimi axıra qədər vuruşurlar.

 

- Bəs sizin üçün sürpriz komanda hansı oldu?

 

- Açığı, mənim üçün sürpriz Kosta Rikanın oyunu idi. Hələ qarşıda əsas və həm də maraqlı oyunlar var. Bir sözlə, futbol bayramı hələ davam edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2757
avatar

Yalçın UĞUR

Oxşar yazılar