Amaliya Pənahova: “Millət vəkili olmuşam deyə, rəqs etməməliyəm?” - VİDEO
10 dekabr 2013 10:01 (UTC +04:00)

Amaliya Pənahova: “Millət vəkili olmuşam deyə, rəqs etməməliyəm?” - VİDEO

“Bəlkə məni ona görə seviblər ki, mən sənətimi sevmişəm. Həm də sevdiyimi xalqıma da sevdirmək istəyirdim”. Bu fikirləri APA TV-də yayımlanan “Üç valet” verilişinin qonağı olan xalq artisti Amaliya Pənahova deyib.  

 

Onun sözlərinə görə, teatr elə bir yerdir ki, orada bütün hislər gəlib toqquşa bilir: “Qəribədir, bir də görürsən səhnəyə iki adam çıxır. Biri çıxır, çox gözəldir, onda bir qüsur tapmaq olmur. Amma ikincisi çirkindi, qüsurludur, hamının diqqəti ona yönəlib. Bilirsiniz niyə belə olur? O çirkinin daxili zəngin olur.  Ümumiyyətlə hansı obrazı ifa edirsənsə, gərək onu səmimi edəsən. Onda tamaşaçını təsir altına sala biləcəksən. Səninlə ağlayıb, səninlə güləcək tamaşaçı”.

 

Xalq artisti "Sən həmişə mənimləsən" tamaşası ilə məşhurlaşdığını deyib: “O zaman Əli Zeynalov xalq artisti idi. Mənim ilk rolum idi. 17 yaşım vardı. Bu fərqli nəsillər deməkdir. Teatrda həmişə bu fərq olub. Nəsillərin fərqliliyi. İndi də var. Ona görə elə düşünməyin ki, bir nəsil bitir, davamda heç kim qalmır. Elə deyil. Sonra o tamaşada Ətayə Əliyeva vardı. O da mənim yaşıdlarıma aid deyildi. Yaşlı, təcrübəli aktrisa idi. Elə sənətkar var ki 20 yaşı var, artıq qocalıb. Onunla heç nə eləmək olmur. Çünki tələblərə uymur. "Xurşudbanu Natavan" tamaşasında rəhmətlik Telman Adıgözəlov Ağasadıq Gəraybəylinin qoluna girib səhnəyə gətirirdi. Çünki o kor idi. Gözləri tutulmuşdu, görmürdü. Amma səhnəyə çıxdımı, elə bil bir aləm yaranırdı, dünya olurdu. Amma görməməsi bir yana, onun yaşı həm də 90-dan çox idi. O tamaşada iki yox, artıq üç-dörd nəsil qovuşurdu. Yəni istedad varsa, yaş və nəsil məsələsinin önəmi yoxdur.  Mən də çox böyük məmnuniyyətlə eyni cür davam edirəm. Yəni fərqli nəsillərdən olar aktyorlarla oynayıram”.

 

Amaliya Pənahova 20 ildir dərs dediyini vurğulayıb: “İndi vaxtım məhduddur. Filmlərə çəkilməyə başlamışam. Amma dəyərli tələbələrimin hamısını teatra gətirmişəm. Bakı Bələdiyyə Teatrında üç nəsil yarandığı gündən bəri çalışır. 19-25 yaş arası gənclər də,  80-i haqlamış Muxtar Avşarov, Sofa Bəsirzadə, Məhluqə Sadıqova,  Mirvari Novruzova,  Firudin Mehdiyev kimi böyük  sənət yolu keçmiş insanlar da bu teatrda çalışır. Onlar "Tomris", "Ölülər", "Medea", "Vətənə oğul gərək ", "Dəli Domrul" və sair tamaşalarda oynadılar. Onlar rəhmətə  gedəndən sonra yerlərini orta nəsil tutdu. Yaş heç bir rol oynamır.  Bizdə indi rejissor qıtlığı var. Bəlkə biz vaxtında gənclərimizə o yolu aça bilmədik. Yəni imkan yaranmadı ki, öz sənətlərini zamanında göstərsinlər. Onlar da başqa sahələrə üz tutdular. Çıxıb getdilər. Siz bilirsiniz ki, Tofiq Kazımov, Adil İsgəndərov bizim teatrımızın flaqmanları idilər. Amma məsələn Mərahim Fərzəlibəyov da heç zəif rejissor deyil. Onunla da çox uğurlu tamaşalar olub. O çox gözəl quruluşlar verib. İndi ola bilər ki, bəzi gənclərimiz var ki, onlar eksperiment etmək istəyirlər. Amma bəzi özünü təsdiqləmiş teatrlarımız var ki, onların bu eksperimentləri etməyə ixtiyarı yoxdur. Yəni istənilən uğursuz tamaşa tamaşaçını teatrdan qaçıra bilər. Məsələn, Bələdiyyə Teatrının səhnəsində çox gözəl eksperimentlər aparmaq olur. Çünki orada tələbat başqadır.  Biz tarixi əsərləri qoyuruq, repertuar fərqlidir. Amma etmək olar. Biz tarixi əsərləri də fərqli üsulda səhnələşdirə bilirik. İndiki gənclər bir qədər sözə baxmayandırlar. Onlar lal oyunlara üstünlük verirlər. Bu, bəzən çox problem yaradır. Azərbaycan məktəblərindən başlamaq lazımdır bu işləri. Azərbaycan məktəbləri teatrla təması qəbul eləmək istəmirlər. Amma teatrlar o əsərləri səhnəyə qoyur ki, onların müəllifləri orta məktəb proqramına salınıb. Niyə gəlib baxıb, sonra geniş sinif müzakirələri keçirmirlər?

Nə zamansa təhsil naziri olan bir xanım qoydu bu qadağanı, indiyə qədər də davam edir”.

 

Amaliya xanım "Sən həmişə mənimləsən" tamaşasının premyerasından sonra BDU-da geniş müzakirə keçirildiyini xatırlayıb: “Mindən artıq adam iştirak edirdi. Aktyorlara nə qədər suallar verirdilər. Adama maraqlı idi. Aktyorlar da bu cür müzakirələrdən çox şey qazanırlar.  Yenə deyirəm, bizdə hər şey qarşılıqlı olmalıdır. Müzakirələr də, təbliğat da.  Məsələn, uşaqlar Kukla Teatrını tanışırsa, gənclər, yeniyetmələr Gənc Tamaşaçılar Teatrını tanımırlarsa, günah kimdədir? Onları aparmırlar, təbliğat aparmırlar. Və beləliklə də o tələbat formalaşmır, ölür. Artıq müstəqil həyata başlayanda insanın teatr tələbatı heç olmur.  Heç vaxt şöhrət dalınca qaçmamışam. İşimi görmüşəm, işimi sevmişəm. Mən ayrılıb gedəndə, yeni teatr yaradanda bu mənim üsyanım idi. Teatrlara münasibət dəyişirdi. Maraq itirdi. Quruluş dəyişirdi. İnsanların tanınan simalara, aktyorlara ehtiyacı vardı. İnsanlar arasında elə bil qarşıdurmalar yaranmışdı.  Mənim sözüm, səsim çoxluqda eşidilmirdi. Daha doğrusu, ixtiyarım yox idi ki, ürəyim istəyən obrazla sözümü deyim.  Dəfələrlə təklif elədim, gördüm alınmır. Onda dedim ki, mənim öz qərarlarımı verəcəyim, öz sözümü deyəcəyim yer olmalıdır. Mən onda yaratdım bu teatrı. Və "Tomris" tamaşası ilə cəbhə bölgələrinə getdik. İlk tamaşamızı Qazaxda oynadıq.  Teatr 1992-ci ildə yarandı, 93-də Qazaxda idik.  Dəhşətli vəziyyət idi. Torpaqlar işğal olunurdu, əsgərlər ac-susuz, ayaqyalın idilər. Biz orada üç gün ac qaldıq. Amma əsgərlərlə çiyin-çiyinə olduq. Onda insanların buna ehtiyacı vardı. Bizim teatr yaradana qədər aid olduğumuz qurumlar isə  bizə bunu etməyə imkan vermirdilər. Çünki nədənsə ehtiyat edirdilər. Bax, yeni teatrlar belə yarandı. Yadımdadır ki, biz o tamaşanı soyuq bir klubda oynadıq, sonra getdik Füzuliyə, Tərtərə, Naxçıvana, oradan tanklarla Batabata qalxdıq. Murovda əsgərlərin yanına qalxdıq. Sonra bir əsgər şəhid olmuşdu, gəldik, onun ailəsinə baş sağlığı verdik. Mən bu teatrı yaratmamışdan əvvəl də bu səlahiyyətləri istəyirdim. Amma vermirdilər. Mən müstəqil teatr yaratmaqla xalqın, insanların yanında oldum”.

 

Amaliya Pənahova millət vəkili olan zaman teatrla bağlı məsələləri daim qaldırdığını deyib: Bəzən gülürdülər ki, Amaliya yenə teatrdan danışacaq. Mən başa sala bilmirdim ki, mən sənətçiyəm, şadlıq evlərindən, bazardan, dükandan danışa bilmərəm. Məsələn, o zaman demişdim ki, balet məktəblərində təhsil alan oğlanların hərbi xidməti Bakı və ətraf bölgələrdə keçməsi məsələsi müzakirə edilsin. Çünki bizim o sahədə boşluğumuz var. Baxın, baleron, rəqqas səhnədə 30 yaşdan o yana çıxış edə bilmir. 18 yaşa qədər məşğul olduqları sənəti yarıda buraxıb hərbi xidmətə gedəndə bədən formaları itir. Mənim istədiyim o idi ki, həmin uşaqlara sənətlərini və formalarını itirməmək üçün xüsusi diqqət yetirilsin. Çünki sonunda zərbə bizim opera səhnəmizə dəyəcək. O vaxt bunu qəribə qarşılayanlar var idi. Amma bilirdim ki, mən düz deyirəm. Sonra fəxri adlara görə məvacib məsələsi var idi. Onu da ortaya mən atmışdım. Onların imtiyazları, filan. Sosial siyasət komitəsinin üzvü idim.  Başqa funksiyalarım da vardı. Milli Məclisdə boş oturmamışdım. Ağzımı yumub boş yerə səs verməmişdim. Mən orada məktəb teatr münasibətlərini də gündəmə gətirib qaldırmışdım”.

 

Amaliya xanım sənətkarın hər bir ölkənin, hər bir dövlətin sərvəti sayıldığını deyib: “Əgər idmançı Azərbaycanın bayrağını yüksəldir, himnini səsləndirə bilirsə, aktyor sənətini, mədəniyyətini təbliğ edir. Bu baxımdan teatr da, kino da sərvətdir. Qorumaq lazımdır. Hər yaratdığımız obrazda bir az da özümüz varıq. Amma deyə bilmərəm ki, hansında daha çox varam. Hərdən sual verirlər ki, məsələn, Təhminədə səndən nə var, ya da sən özün ora nə vermisən.  Ya da Tomrisdə. Mən bir söz deyim, rolda ürəyin yanmasa, ürək qoymasan, olmur.  Mən o vaxt Tomrisdəki son epizodu özüm yazmışdım. Mən başqa cür ola bilməzdim. O vaxt Azadlıq meydanında mən də getdim. İlk tanklar gəlməyə başlayanda birinci evdən qızım çıxıb getdi, sonra oğlum, yoldaşım gedəndən sonra mən də onların dalı ilə çıxdım. Çox ağır, gərgin anlar idi. Səhərə kimi meydanda oldum. Sonra lazım bildilər, mən də adamlara müraciət elədim. Ona görə deyirəm ki, lazım gələndə mən şıltaq da oluram, ciddi də oluram. İndi deputat olmuşam deyə rəqs etməməliyəm? Bu, doğru deyil”.

 

Mən sevmədiyim rolu oynamadım. Və çalışmışam ki, fərqli olum.  O surətlərin də bir-birindən fərqli olmasını istəmişəm. Məsələn Zərnisə, Zərifə fərqlidirlər. Bu sənətimin xüsusiyyətidir. Aktrisalar var ki, bəzən səhnədə ikibaşlı sözlər atırlar, ona aqressiv reaksiyalar verirlər. Amma anlaya bilmirlər ki, bu o qadına fərdi olaraq deyilmir. Həmin sözlər obraza deyilir. Mən tamaşalarda bəzən çox sürüşkən obrazlar oynamışam, amma bir dəfə də olsa təhqir, rişxənd görməmişəm.  

 

Mən ola bilər ki, səhnədə oynadığım personaja nə isə vermişəm, amma ondan heç nə almamışam. Və mən səhnədə tamam başqayam, həyatda tamam başqa.  Məni tanıyanlar bunu bilir.

 

İnsanın qəlbi onun üzündədir. Mən çox vaxt bu fikri qadınlara aid edirəm. Həm də boya var, kirşan var. Cavan görsənmək üçün imkanlar var. Mən həyat yoldaşımla 45 il yaşadım. Övladlarımız oldu, nəvələrimizi gördük. O həmişə məni bir dağ kimi qoruyub. O üzdən mən kənardan  o sevgiləri duymadım, hiss etmədim, bilmədim.  Amma sevgisini izhar edənlər vardı. Mənə gül də gəlirdi, məktub da göndərirdilər. Amma mən fərd olaraq diqqət yetirmirdim.

 

Mən çox qısqancam. Yoldaşım məni yox, amma mən yoldaşımı çox qısqanmışam. Rəhmətlik çox göyçək kişi idi. Ətrafında həmişə çoxlu qadınlar dolaşıb. Mən də qısqanmışam. O sıradan kişi deyildi. Mən çox yumşaq kişiləri sevmirəm. Və yumşaq görünməsinə baxmayaraq, onun hədsiz sərt sifəti də var idi. Vuran yumruğu da vardı. Amma masaya vurardı.

 

Evə zənglər də olub, ailəmi dağıtmaq istəyənlər də olub.  Bu, qısqanclıq, paxıllıq kimi səbəblərdən irəli gəlir. Mən instituta gələndə yoldaşım artıq universitet bitirmişdi. Və mənə görə eyni kursa gəldi. Demək istədiyim odur ki, teatra əlimdən tutub o gətirib, əlimdən tutub o aparıb. Qastrollara gedəndə o, işdən öz hesabına məzuniyyətə çıxırdı, uşaqları da götürüb ailəvi qastrola gedirdik. O olmayanda mənə hədsiz ağır idi. Əlimdən tuturdu, əlim boş qaldı. Mən üç il özümə gələ bilmədim. Mən dükan, bazar bilmirdim. Çörəyin qiymətini belə bilmirdim. Çətin oldu. Həyat çox vaxt amansız olur”.

 

Amaliya Pənahova özünü zəif göstərməyi xoşlamadığını deyib: “Heç vaxt zəif də göstərməmişəm. Kimin nə borcuna, mən adi çörək yeyirəm, ya yağ-bal işində üzürəm. Bunun heç kimə dəxli yoxdur. Mən boş söhbətlərə imkan vermərəm. Mən ağrıyanda da inanmıram ki, kimsə məndən çox ağrıyır. Amma bunun belə kimə dəxli yoxdur. Niyə insanlar bilsinlər ki, mən uşağıma nə yedizdirdim, ya da heç nə yedizdirmirəm. Balaca uşaq idilər, 4-5 yaşında, mən onların əyin-başını, yuyub təmizləyir, hər işlərini görürdüm. İndi uşağa baxmağa nə var ki, hər şey hazırdır. Pul ver, al. O vaxt hər şeyi özün etməyə məcbur idin. Amma səhnəyə çıxanda elə görünürdün ki, deyirdilər bəxtəvər başına, evində iki qulluqçusu var, süd gölündə yaşayır. Rəhmətlik İsmayıl Osmanlı vardı. Həyat yoldaşını dəfn edib, axşam komediya tamaşası oynadı. İşidir, sənətidir. Sənətçi həm də şəxsiyyət kimi yetişməlidir ki, hər şeyin altından qalxa bilsin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1985
avatar

Oxşar yazılar