“Azərbaycan səsi” layihəsinin rəhbəri Kənan Çelikdir. Yarışma 4 ay müddətində davam etdi. Mehman Tağıyev bu yarışmada Elza Seyidcahanın tələbəsi olub və qalib gəlib. Daha sonra İstanbulda keçirilən “Türkvision” yarışmasındam Azərbaycanı təmsil edib. 22 iştirakçı arasında 7-ci yerə çıxıb”. Bu fikirləri
APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, “Azərbaycanın səsi” layihəsinin təşkilatçısı Sübhanə Nəciqızı deyib.
“Türkvision” yarışmasının artıq 3 ildir keçirildiyini bildirən qonaq bildirib ki, sözügedən yarışmada əsasən türkdilli ölkələrdən olan ifaçılar iştirak edir: “2 il öncə Fərid Həsənov qalib gəlmişdi. Ötən il Kazan şəhərində keçirilən yarışmada isə birinciliyi bu yaxınlarda dünyasını dəyişən Elvin Ordubadlı əldə etmişdi. Layihə yüksək səviyyədə təşkil olunur. Kiçik yaşda olanlar dekabrın 15-də çıxış etdilər. Ümumilikdə, 14 nəfər iştirakçı var idi. Hər bir çıxış yüksək səviyyədə idi. Müsabiqənin şərtlərinə görə, yaş həddi 8-dən 14-ə qədərdir. Nuray çox kiçik olduğuna görə, qərara gəldik ki, Əhmədlə birgə çıxış etsinlər. Böyüklərin iştirak etdiyi yarışmada isə Mehman kimi güclü iştirakçı yox idi. Sadəcə, səhnə performansları var idi. Az bal verdiyinə görə münsiflər heyətinin üzvünə iradımı bildirdim”.
“Bala Türkvision” yarışmasının qaliblərindən biri Əhməd Əmirli qeyd edib ki, bu onun üçün böyük uğurdur: “Əvvəlcə, həyəcanlı idim. Amma sonra vətəni təmsil etdiyimizi xatırlayıb, məsuliyyətimi hiss etdim. Mən özümə də, Nuraya da inanırdım. Belə də oldu. Biz qalib gəldik”.
Digər qalib 5 yaşlı Nuray Rəhman da yarışma ilə bağlı təəssüratlarını bölüşüb:
“Ürəyimdə düşünürdüm ki, tək qalib gələcəyəm. Amma sonda ikimiz də 1-ci olduq. Xallarımız eyni olduğu üçün qalib gəldik”.
“Azərbaycanın səsi” layihəsində qalib gələn Mehman Tağıyev də “Türkvision” yarışmasındakı iştirakından bəhs edib: “İfa etdiyim mahnı türklər tərəfindən çox sevildi. Sözləri Qənirə Paşayeva, musiqisi Elza Seyidcahana aid “İstanbul” adlı mahnını ifa etdim. Mahnının aranjemanı Yaşar Baxışa aiddir. Bir qədər əlavələr etdik – muğama yer verdik, əlavə səs artırdıq. İlk yeri Qırğızıstan təmsilçisi qazandı. 7-ci yer məni qane eləmədi. Bəzən müsabiqələrdə qalib gəlməyəndə özümüzə bəraət qazandırmağa çalışırıq, amma bu dəfə həqiqətən 7-ci yerə layiq deyildim”.