“Sənə də qalmaz ”- ANIM
07 noyabr 2013 12:50 (UTC +04:00)

“Sənə də qalmaz ”- ANIM

Bu gün bəstəkar Tofiq Quliyevin doğum günüdür

 

 

Yadımdadır 11 yaşım var idi.  Müəllimim xalq artisti, professor mərhum Mobil Əhmədovla Bəstəkarlar İttifaqına gəldik. O gün hava yaman soyuq idi. Yolda gedərkən müəllimim mənə dedi ki, bax, “Bəxtiyar” kino – filmində dahi Rəşid Behbudovun oxuduğu mahnı var a, indi onu yazan bəstəkarın yanına gedirik. Mənim üçün bu böyük bir xoşbəxtlik idi ki, mən o böyük bəstəkarı həyatda görəcəm. İçəri daxil olduq. Bizi qapıda Ülviyyə xanım adlı köməkçi qarşıladı və mən nurani, ziyalı bəstəkarla görüşdüm. Mobil müəllim məni Tofiq müəllimə təqdim elədi  və dedi:

Tofiq müəllim, Ramilə “Sənə də qalmaz”ı öyrətmişəm. Qulaq asarsınızmı?

Bəstəkar özü royal arxasına keçdi və məni müşayiət etdi. Sevincimin həddi –hüdudu yox idi. Sonda üzümdən öpüb Mobil müəllimə tapşırdı ki, bu uşaqla ciddi məşğul ol. Müəllimlə bir qədər söhbətdən sonra biz otaqdan çıxanda birdən Tofiq müəllim qayıtdı ki, Mobil, bayır soyuqdur, uşağı şərfsiz qoyma çıxsın və Tofiq müəllim öz şərfini mənim boynuma dolayıb dedi: ”Bala, məndən sənə bir yadigar ”.

Mən onda bəstəkarın nə qədər nəcib, diqqətli, eyni zamanda sadə bir insan olduğunu gördüm...

 

***

İllər ötdü. Teatrda çalışdığım müddətdə Tofiq müəllimin “Qızıl axtaranlar” operettasının məşqləri başladı. Həmən tamaşada mən “Nadir” obrazını oynayırdım. Nədənsə, müxtəlif səbəblərdən o vaxt o tamaşa getmədi.

 

***

 

Tofiq Quliyev 1917-ci il noyabrın 7-də, Bakıda, mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində doğulub.

1929 –cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Fəhlə fakültəsində S. İ. Turiçin sinfində təhsil alan Tofiq Quliyev artıq 1931-ci ildə, 14 yaşında ikən Asəf Zeynallının tövsiyəsi ilə M. Ə. Sabirin «Uşaq və buz» şerinə «Dərsə gedən bir uşaq» mahnısını bəstələyir.

1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Tofiq Quliyev, eyni zamanda iki fakültədə – professor İ. S. Aysberqin sinfində fortepiano və professor S. Y. Ştrasserin sinfində dirijorluq sənəti üzrə təhsilini davam etdirir. Konservatoriyada o, polifoniya, harmoniya, musiqi forması dərslərini R. M. Rudolfun sinfində alır, xalq musiqisinin əsaslarını, muğam sənətinin sirlərini dahi Üzeyir Hacıbəyovdan öyrənir.

1934 – 35-ci illərdə Tofiq Quliyev Bülbülün rəhbərliyi ilə təşkil olunmuş Elmi-Tədqiqat Musiqi Kabinəsində xalq musiqi nümunələrinin toplanılması və notlaşdırılması sahəsində aparılan tədqiqat işlərində fəal iştirak edir və 1935-ci ildə tanınmış tarzən Mirzə Mansur Mansurovun ifasında «Rast», «Segah-zabul» muğamlarını nota köçürür. 1935-ci ildə M. Əzizbəyov adına Azərbaycan Dram Teatrında orkestrin rəhbəri, dirijor vəzifəsində çalışır.

1936-cı ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Ü. Hacıbəyovun şəxsi təşəbbüsü və təklifi ilə bir qrup istedadlı gənc musiqiçilərlə birlikdə Tofiq Quliyev P. İ. Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirir. Qəbul imtahanları zamanı onun fortepianoda qeyri-adi ifaçılığı H. Y. Neyqauzun diqqətini cəlb edir və o, bir müddət bu böyük sənətkardan fortepiano dərsləri alır.

1937 – 39-cu illərdə Tofiq Quliyev A. N. Tsfasmanın Ümumittifaq caz orkestrində piano ifaçısı kimi fəaliyyət göstərir. 1939-cu ildə Tofiq Quliyev Moskvada təhsilini yarımçıq qoyur, Bakıya dönür və Niyazi ilə birlikdə estrada orkestri yaradır.

1939-cu ildən başlayaraq o, Gənc Tamaşaçılar Teatrı, Gəncə Dram Teatrı, Azərbaycan Akademik Milli Teatrı, Rus Dram Teatrı, Kukla teatrı ilə sıx yaradıcılıq əməkdaşlığı edərək, müxtəlif illərdə 30-dan çox tamaşaya musiqi bəstələyir. 1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında Tofiq Quliyevin rəhbərliyi ilə çıxış edən Dövlət Estrada Orkestri milli cazın yaranma tarixinin təməlini qoyur.

1941-ci ildə orkestrin kollektivi rəhbərilə birgə 402-ci Azərbaycan diviziyasının tərkibinə daxil olaraq, döyüşlər gedən Krasnodar, Mozdok, Kerç şəhərlərində cəbhənin ön xəttində konsert proqramları ilə çıxış edir.

Qeyd edək ki,1941-ci ildə ilk dəfə «Səbuhi» filminə musiqi bəstələmiş Tofiq Quliyev 40-dan artıq kinofilmə musiqi bəstələyib.

1944-cü ildən məşhur caz ustası Eddi Rozerlə yaradıcılıq əməkdaşlığı edən Tofiq Quliyev, onun orkestri üçün «Avara» hind kinofilminin, «Qara gözlər» romansının və uşaq mahnılarının mövzuları əsasında caz kompozisiyalarını işləyir.

O, 1946 – 47-ci illərdə Rəşid Behbudovla birlikdə Sovet Birliyinin bir çox şəhərində səfərdə olur.

1948-ci ildə Tofiq Quliyev Moskvaya qayıdaraq Konservatoriyanın III kursuna daxil olur və dirijorluq fənni üzrə professor Qinzburqun, kompozisiya üzrə isə professor N. Qolubevin sinfində təhsilini davam etdirir.

1951-ci ildə Moskva Konservatoriyasını uğurla bitirən Tofiq Quliyev professor A. Qaukun sinfində dirijorluq üzrə aspiranturaya daxil olur. Moskvada oxuduğu illərdə o, Moskva Dövlət Filarmoniyasının orkestri ilə çıxış edərək Qlazunov, Mendelson, Çaykovski, Qara Qarayevin əsərlərinə dirijorluq edir.

1954 – 58-ci illərdə T. Quliyev Azərbaycan Dövlət Konservatoriyasında orkestr sinfinə rəhbərlik edir, opera hazırlığı və alətşünaslıq sinifləri üzrə pedaqoji fəaliyyətlə məşğul olur.

1958 – 59-cu illərdə M. Maqomayev adına Dövlət Filarmoniyasının bədii rəhbəri, 1961-ci ildən direktoru vəzifəsini icra edir.

Sənətindəki uğurlara görə Tofiq Quliyev 1958-ci ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülür. 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur və Azərbaycan Ali Sovetinin deputatı seçilir.

1964-cü ildə görkəmli sənətkar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Xalq artisti fəxri adına layiq görülür.

1966-cı ildə bəstəkar Çexoslovakiyada keçirilən Azərbaycan incəsənəti günlərinin iştirakçısı olur. Bu səfərdən yazılmış «Praqa haqqında mahnı», «Bratislava haqqında mahnı» Çexoslovakiyada populyarlıq qazanır.

1968-ci ildə Tofiq Quliyev Azərbaycan Bəstəkarlar İttifaqının katibi, 1973-cü ildə birinci katibi seçilir. 1974-cü ildə Həsən Seyidbəylinin ssenarisi əsasında çəkilmiş «Nəsimi» filmi VII Ümumittifaq kinofestivalında mükafatlandırılır, filmin bəstəkarı Tofiq Quliyev Dövlət mükafatına layiq görülür.

 

1990-cı ildə Tofiq Quliyev Bəstəkarlar İttifaqının VII qurultayında ittifaqın sədri seçilir və ömrünün sonuna kimi bu vəzifədə çalışır.

Tofiq Quliyev dövrü mətbuatda musiqi sənəti ilə bağlı dərc olunmuş böyük sayda məqalələrin müəllifidir. Bu məqalələr onun müdrik bir sənətkar kimi nəzəri baxışlarını, doğma incəsənətimizin sabahı haqqında düşüncələrini əks etdirir.

1998-ci ildə Tofiq Quliyev «İstiqlal ordeni» ilə təltif olunur.

2000-ci il oktyabr ayının 4-də dünyasını dəyişir.

 

***

 

 

...Biz Mobil müəllimlə Bəstəkarlar İttifaqından çıxanda Mobil müəllim bir xatirə danışdı. İstəyirəm onu da oxuculara təqdim edim:

“1979-ci il idi, axşam saat 9-10 olardı, evdə oturmuşdum, birdən telefon zəng çaldı. Dəstəyi götürdüm, Tofiq müəllim idi. O, dedi ki, Mobil, Brejnev sabah Bakıya gəlir. Mən Vahid Əzizin sözlərinə “Lenin ordenli Bakı” mahnısını yazmışam. Onu bu gecə gərək təcili lentə alaq. Bir az keçmişdi qara volqa arxamca gəldi. Təsəvvür edə bilmirdim nə mahnıdır, nə tonallıqdadır. Gəldim keçmiş Fioletov adlanan Səsyazma Evinə. Tofiq müəllimlə  Azərbaycan Televiziya və Radiosunun estrada orkestri əsəri məşq edirdi. O gecə əsərə qulaq asan Heydər Əliyev mənimlə, fəxri adımın olub-olmaması ilə maraqlanır...Öyrənir ki, yoxdu...

Bundan sonra mənə təcili əməkdar artist adı verildi. Bax, Tofiq müəllimin əsəri mənim həyatımda belə rol oynayıb”.                                                

 

 Ramil Qasımov

vokalçı, musiqişünas

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2105
avatar

Oxşar yazılar