Bu gün Nəsimi rayon məhkəməsində Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun sənətşünas Ənvər Börüsoya qarşı iddiasına dair növbəti proses keçirilib. Lent.az-ın məlumatına görə, məhkəmə prosesində teatrın aktyorları - xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Telman Əliyev, Füzuli Hüseynov, Əli Nur, əməkdar mədəniyyət işçisi Atababa Hacıbabayev, aktyorlar Elnur Qədirov, Mətləb Abdullayev, Elçin Əhmədov və Dilarə Nəzərova iştirak edib.
Hakim Rəşid Səmədovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən Ə. Börüsoy məhkəmə prosesinə qatılsa da, qarşı tərəf olan İ. İsrafilov bu dəfə də prosesdə iştirak etməyib. Onu vəkili Nadir Qəmbərov təmsil edib. Əvvəlcə sənətşünasın vəkili Şakir Həşimov şahid qismində N. Mehdixanlı, T. Əliyev, Ə. Nur və A. Hacıbabayevin dindirilməsini istəyib.
İ. İsrafilovun vəkili bu təklifi qəbul etməyib. Hakim də şahidlərin dindirilməsini maraqsız hesab etdiyini bildirib: “Akademik Milli Dram Teatrının bir çox aktyorları İsrafil İsrafilova qarşıdır. Yəqin ki, onlar direktorun əleyhinə olan çıxışlar edəcəklər, şahidlərsə tərəfsiz insanlar olmalıdır”.
Daha sonra hakim vəkil Ş. Həşimovun sənətşünasın məqalələrinin ekspertizaya təqdim edilməsi haqqında vəsadətini əsaslandırmasını istəyib. Vəkil bildirib ki, Ə. Börüsoyun Akademik Milli Dram Teatrı haqqında olan yazılarında İ. İsrafilovun şəxsiyyəti tənqid olunmur: “İsrafil İsrafilov deyir ki, sənətşünas “Oyna, gülüm, oyna”, “100 qoyundan 250 baş almaq” kimi və s. məqalələrində şərəf və ləyaqətinə toxunulur. “Oyna, gülüm, oyna” tanınmış teatrşünas-alim İslam İbrahimovdan olan sitatdır. Müəllifin yazısında sərbəst olaraq sitatlardan istifadə etmək haqqı var. Biz ekspertiza üçün dilçi alimlərə müraciət edəcəyik. Onlar araşdırsınlar görsünlər ki, Ə. Börüsoyun yazılarında İsrafil İsrafilov təhqir edilir, ya yox? Yeri gəlmişkən, mən bildirim ki, İ. İsrafilov haqqında müxtəlif elm adamları, dramaturqlar tərəfindən yazılan 42 dənə tənqidi yazı var. Həmin yazılarda İ. İsrafilov haqqında daha ciddi arqumentlər var, nəinki Ə. Börüsoyun yazılarında”.
Məhkəmə boyu yalnız bu yerdə İ. Israfilovun vəkili Nadir Qəmbərov söz alaraq vəsatətə münasibətini bildirib: “Ekspertizaya ehtiyac yoxdur. Ə. Börüsoyun yazılarında tənqid var, bu sözsüzdür. Onun təkcə 7 məqaləsində 16 yerdə İ. İsrafilov, Mədəniyyət və Turizm Nazirliyi və nazir təhqir edilir”.
Hakim R. Səmədov yazıların ekspertiza edilməsi barədə vəsatəti qəbul edib: “Ə. Börüsoyun məhkəməyə təqdim edilən yazıları ekspretizaya təqdim ediləcək. İ. İsrafilovun şərəf və ləyaqətinə toxunan məqamlar varsa, buna ekspertiza rəy verəcək.
Məhkəmə başa şatdıqdan sonra xalq artisti N. Mehdixanlı İ. İsrafilovun vəkilinə yaxınlaşaraq onu məhkəməyə verməsini xahiş edib. Sənətkar bildirib ki, o, məhkəmədə İ. İsrafilova qarşı durmağa və onu ifşa etməyə hazırdır.
Xatırladaq ki, Dram Teatrının direktoru İ. İsrafilov ötən beş ildəki fəaliyyətini, teatr siyasətini sərt şəkildə tənqid edən sənətşünas Ə. Börüsoyu məhkəməyə verib. Avqust ayından indiyə kimi Nəsimi rayon məhkəməsində bu proses davam etməkdədir. İ.İsrafilov Ə.Börüsoyu Cinayət Məcəlləsinin işgüzar nüfuza xələl gətirmə, şərəf və ləyaqəti alçaltma, böhtan atma maddələri ilə məhkəməyə verib. Akademik Milli Dram Teatrının direktoru sənətşünasdan yazdıqlarını təkzib etməsini, üzr istəməsini və maddi təzminat ödəməsini tələb edir.