Xanım Qafarova: “Qismətimdə bu da varmış”
“Bilirsən Yalçın, sabah səhər 6-da Türkiyəyə əməliyyata yola düşürəm. İstəmirəm ki, xəstə halımı tamaşaçılar görsün. Axı mən hər zaman onlara öz obrazlarımla sevinc bəxş etmişəm. Bu halımı görməklərini istəməzdim. Evimə gəlmək, qonağım olmaq istəyirsinizsə, buyurun, gəlin. Amma yaşadığım şəraiti çəkməyinizi istəməzdim. İstəmirəm mənə yazıq kimi baxsınlar. Mən yazıq deyiləm... Heç zaman özümü elə tanıtmadım. İyirmi beş ildir bu səhnədə, sevincli, kədərli günlərdə rol aldım. Heç nə olmaz. Bəlkə də bu Allahın bir imtahanıdır. Qismətimdə bu da varmış. Xəstəliyim bir yandan, yaşayış şəraitimdə bir yandan məni üzür”.
Dediyi kimi də edirik. Yaşadığı ünvanı dəqiqləşdirib, evinə gedirik. Bizi aktrisanın anası qarşılayır...
- Sözün düzü, çəkilişə razı deyildim. Ev şəraitimə görə. Xeyli müddətdir bu evdə qalıram. Şəraitim pisdi. Bu ev əvvəllər qaraj olub. Sonra qarajı ev eləyib, girmişik bura. Amma siz Allah elə başa düşməyin ki, ağlayıram. Sadəcə, dedim biləsiniz ki, şəraitim budur. Hamam, tualet isə çöldədir. Ümumi həyətdə yaşadığıma görə, hamımız eyni hamam-tualetdən istifadə edirik. Amma inanın, sağlamlığım elədir ki, hər şeyi unutmuşam. Hətta evi də. Bu gördüyünüz ev mənim həm yataq, həm qonaq, həmdə mətbəximdir. Əvvəl kirayə qalırdım. Pulunu ödəyə bilmədim, evdən çıxası oldum. Şükür Allaha, bu halıma da şükür edirəm.
- Nə vaxtdan bu xəstəlikdən əziyyət çəkirsiz?
- Dörd-beş ilə yaxındır ki, bu xəstəliklə baş-başayam. Dəqiq desək, 2009-cu ildən. Əvvəl bir az ağrılar hiss etdim. Həkimə müraciət elədim. İlk əvvəl xəstəliyimi biləndə pis oldum. Hətta depressiyaya düşmək dərəcəsinə gəlib çatdım. Amma xəstəliyimi bilən gündən özüm-özümlə mübarizəyə başladım. Xəstəliyimə bir çox yerlərə getdim. Mümkün qədər ayaqda qalmağa çalışırdım. Sözün düzü, bunu az da olsa, bacarırdım. Amma son dövrlər gördüm ki, bunu bacarmayacam. Ayaqlarım tutulur. Hazırda süd vəzilərimdən və qadınlığımdan məhrum olmuşam. Həyatda bir anam, bir qızıma görə narahatam. Anam qocadır. Hazırda mən ona baxmalıyam. Amma o mənə baxır. Bilirsiniz bu insana necə əzab verir? Üstəlik, qızım da mənim xəstə olduğumu bilir. Yaşı az olmasına baxmayaraq, hər şeyi anlayır. Allahımdan bir tək diləyim var. Məni tez sağaltsın, ayağa qalxım.
- Artıq Heydər Əliyev Fondu sizin müalicənizin xərclərini öz öhdəsinə götürüb. İlk olaraq bu xəbəri sizə kim söylədi?
- Hə. İlk olaraq elə Heydər Əliyev Fondundan mənə zəng edib dedilər. İnanırsınız xəbəri eşidəndə, sevincimin həddi-hüdudu yox idi. Elə bildim ki, yenidən həyata gəlmişəm. Allahıma çox şükür. Mehriban xanıma nə qədər minnətdar olsam, yetməz.
- Bakıya qayıdacaqsınız?
- Allahın köməyi ilə sabah yola düşüb, iki həftəyə geri dönəcəm. Güman edirəm ki, qayıdandan sonra, rahat gəzəcəm.