Hər çıxışını avtomobil həvəskarlarının ajiotajla qarşıladığı “Forsaj” filmi 6-cı hissəsi ilə mayın 24-də dünya kinoteatrlarına çıxır. İctimaiyyətdən əvvəl kino ulduzları mayın 13-dən başlayaraq, Seul, Paris, Los Anceles, London, Nyu York və dünyanın başqa şəhərlərində keçirilən premyeralarda filmi seyr edib, qırmızı xalıda baş qəhrəmanlar – Vin Dizel, Pol Uolker, Mişel Rodriges və … Dodge Charger-lə poza verməyə imkan tapıblar.
İlk seriyası 2001-ci ildə çəkilən film yenə də maraqlıdır. Bəzən məntiq, bəzən fizika qanunlarının pozulduğu filmdə sürət və cəldlik yaşamaq üçün lazım olan əsas məfhumlardır. “Canavarla canavar ol” fikrinə sadiq Duayn Consonun qəhrəmanı avtomobil terrorçuları ilə mübarizə üçün işini tərgitmiş Vin Dizeli axtarıb tapır. Köhnə sevgilisinin şəklini göstərir və... film başlayır.
“Forsaj” dünyasında bütün cinayətlər avtomobil vasitəsilə baş verir və elə avtomobillə də qarşısı alınır. Ona görə də filmdə maşınların da insanlar qədər vacib rolu var və hansı rolda hansı avtomobilin olduğu avtomobilin xarakterindən xəbər verir. Xüsusilə də baş qəhrəmanın.
Hələ lap başlanğıcda hər kəsi Dominik Torettonun (Vin Dizel qəhrəmanı) hansı avtomobili sürdüyü maraqlandırır. Cavab – baş avtomobil rolunda «Dodge Charger”-dir. Vin Dizel bu avtomobilin 1969-cu il buraxılışını - Dodge Charger Daytonanı sürür. Dominik ötən seriyada sürdüyü Dodge Challenger-də də filmin əvvəlində görünür.
5-ci filmdə əsas rolu oynayan Dodge Charger SRT8 bu filmdə də vacib roldadır. Filmin treylerində 2012-ci il Dodge Charger SRT8-nin yüklə dolu təyyarəni aşağı çəkdiyini, digər bir SRT8-in isə təyyarəni deşərək sağ-salamat yerə düşdüyünü görürük. Hazırda bütün Dodge salonlarında, o cümlədən Bakıdakı Chrysler Mərkəzdə olan bu modelin təsvir edildiyi qədər olduğunu yoxlamağa dəyər.
Filmdəki digər maşınlar haqqında onu demək olar ki, əgər ötən Forsaj-larda Amerika əzələli avtomobilləri ilə yapon tüninqliləri üstün idisə, bu seriyada yaponları Avropanın əzələli avtomobilləri əvəzləyib. Filmdə Ford Mustang-ların acımadan “öldüyünün”, “pis oğlanlar”ın 2010-un BMW-sində dolaşdığının, Aston Martin-in isə epizodik rol aldığının şahidi oluruq. «Forsaj 6»-nı Azərbaycanda gözləyək.