Bu gün Beynəlxalq Muğam Mərkəzində Şuşa Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə "Bölgələrdən paytaxta” layihəsinin Şuşaya həsr olunan təqdimatı keçirilib.
APA-nın məlumatına görə, layihə çərçivəsində Şuşanın keçmişini, mədəniyyət və incəsənət tarixini əks etdirən, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, xalça nümunələri, rəsmlər və Şuşa haqqında nəşrlərdən ibarət sərgi nümayiş olunub.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu təqdimat digərlərindən fərqlənir, çünki, Azərbaycanın ağrılı yeri olan və hələ də işğal altında qalan Şuşa şəhərinə həsr olunub: "Bu gün Şuşa yaşayır və yaşayacaq. Şuşa Azərbaycanın tarixində mühüm yer tutur və hər zaman ədəbiyyatın, musiqinin beşiyi olaraq qalacaq. Bu təqdimatlar bu gün Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu bütün dünyaya təqdim edir. Ümid edirəm ki, biz Şuşanın da adını UNESCO-nun siyahısına yazmağa nail olacağıq. Bu istiqamətdə bütün xalqımız və cənab prezidentimiz çalışır. İnanıram ki, Azərbaycan xalqı yaşadıqca, Şuşa mədəniyyəti daim yaşayacaq və təbliğ olunacaq".
Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov isə çıxışında qaçqın və məcburi köçkünlərə göstərilən diqqətə görə ölkə başçısına təşəkkür edərək bildirib ki, bundan sonra da Şuşa mədəniyyətinin yüksək səviyyədə inkişafına çalışılacaq.
Sonra Şuşanın tarixi və mədəniyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə Şuşa rayon bədii kollektivlərinin, incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.
Xatırladaq ki, “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində 2015-ci il ərzində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz, Zaqatala rayonlarının, 2016-cı ildə isə Abşeron rayonunun Bakı şəhərində təqdimatı keçirilib.