Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı yeni layihəsi təqdim olunub. APA-nın məlumatına görə, tədbir Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən keçirilib və il ərzində Masallı, Lənkaran, Şəki, Gəncə, İsmayıllı, Qəbələ, Şəmkir, Quba, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri baş tutacaq.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, layihə çərçivəsində hər bölgədən gələn kollektivlər öz tamaşaçısını tapacaq: “Biz bu layihəni Azərbaycan mədəniyyətinin inkişafı strategiyası çərçivəsində keçiririk. Layihədə hər bir rayonun hesabatı tamaşaçılara təqdim olunacaq, onların yaradıcılığı ilə daha geniş tamaşaçı auditoriyası tanış olacaq. Düşünürəm ki, burda təqdim olunacaq proqramlar, yaradıcı nümunələr sözün əsl mənasında Azərbaycan mədəniyyətinin simasına çevriləcək. Bir il müddətində öz istedadını nümayiş etdirən insanlar gələcəkdə Azərbaycan mədəniyyətini daha böyük səhnələrdə təmsil edə bilərlər. Sevinirəm ki, ilk tədbiri Masallı rayonu təqdim edir. Ümidvaram, bu tədbir bir neçə il uğurla davam edəcək. Növbəti mərhələdə biz regionla tədbirlər keçirəcəyik”.
Tədbir zamanı Masallı rayonunun mədəniyyətini, mətbəxini əks etdirən stendlər, Masallı iaşə malları, kitab sərgisi və konsert proqramı nümayiş olunub.
Qeyd edək ki, “Bölgələrdən paytaxta” adlı yeni layihə çərcivəsində hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq.