“Beynəlxalq ərəb dili günü”nə həsr olunmuş tədbir keçirilib
28 dekabr 2013 22:13 (UTC +04:00)

“Beynəlxalq ərəb dili günü”nə həsr olunmuş tədbir keçirilib

Dekabrın 28-də  Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Ərəb ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib. Qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirib. Universitetin tarixi  haqqında məlumat verən rektor, professor Səməd Seyidov burada bir çox dillərin tədris olunduğunu bildirib. O, Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində layihədə ADU-nun koordinator  olduğunu qonaqların diqqətinə çatdırıb. Universitetdəki mədəniyyət mərkəzləri haqqında danışan rektor ADU-da tədris olunan dillərin  müvafiq mərkəzlərinin də fəaliyyət göstərdiyini vurğulanıb.

 

Daha sonra  o, ərəb dünyası, ərəb alimlərinin elmə verdiyi böyük töhfələrdən danışıb. Rektor, professor Səməd Seyidov Azərbaycan Universitetləri içərisində ilk dəfə belə bir tədbirin məhz ADU-da keçirildiyini deyib. O, Azərbaycanın islam dünyasının ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib.

 

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərəm A.Rəhim bu atılan addımı təqdirəlayiq hesab etdiklərini bildirib. Səfir Nasir Əbdül Kərəm A.Rəhim Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğunu bildirib və Azərbaycan mədəniyyətinin  Ərəb mədəniyyəti ilə çox oxşar cəhətlərinin olduğunu nəzərə çatdırıb.  O, ərəb dili və mədəniyyətinin Avropa ölkələrinin inkişafında böyük rola malik olduğunu sözlərinə əlavə edib. Səfir bu atılan addımın universitet ilə səfirliklərin gələcək əməkdaşlığında  körpü rolunu oynayacağını bildirib. O, Azərbaycanın İslam dünyasında ön sıralarında olduğunu və Azərbaycanda bütün sahələrdə güclü inkişaf getdiyini vurğulayıb.

 

Sonra görüş  Azərbaycan Dillər Universitetində (ADU) universitetin Xarici dillər kafedrasının müəllimləri  Ülviyə Hüseynova və Lalə Əliquliyeva tərəfindən  təşkil olunmuş “18 dekabr Beynəlxalq ərəb dili günü”nə həsr olunmuş tədbirlə davam etdirilib. Tədbirdə çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov  çıxış edərək  ərəb diplomatlarını “Beynəlxalq ərəb dili” günü münasibətilə təbrik edib. Ərəb dili və mədəniyyətinin qədim tarixi köklərə malik olduğunu deyən rektor  ərəb alimlərini dünya elminə verdiyi töhfələrdən danışıb. 

 

Azərbaycan və ərəb ölkələri arasında olan əlaqələrdən söz açan S. Seyidov bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.  ADU rektoru Azərbaycanın İslam dünyasının ayrılmaz hissəsi olduğunu da sözlərinə əlavə edib. Rektor bu kimi tədbirlərin universitetlər, eləcə də ölkələr arasında münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Ərəb ölkələri səfirləri adından çıxış edən Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərəm A. Rəhim  belə bir tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib.

 

Tədbirdə ərəb dünyası haqqında videoçarx, ərəb dili haqqında məlumatları özündə əks etdirən slayd nümayiş olunub. ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Ərəbşünaslıq ixtisasında təhsil alan tələbələrin ifasında şeirlər, mahnılar səsləndirilib. Sonda qonaqlar ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə tanış oldular.

 

Qeyd edək ki, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisası 2010/2011-ci tədris ilində açılıb. Hazırda Ərəbşünaslıq ixtisasında 30 tələbə təhsil alır.

 

Xatırladaq ki, ADU-da 20-yə yaxın dil mərkəzi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1030
avatar

Oxşar yazılar