Xalq artisti Brilliant Dadaşova
20 fevral 2026 14:05 (UTC +04:00)

Xalq artisti Brilliant Dadaşova

Televiziyalar müğənniləri efirə pulla çıxarır - Brilliant Dadaşova ilə MÜSAHİBƏ

1

Günəşin sanki bizimlə gizlənqaç oynadığı gündə Xaqani bağına çatıb ayaq saxladım. Şəhər sözün əsl mənasında çiçəklənmişdi. Axı həmin gün 14 fevral idi – aşiqlərin hər vasitə ilə bir-birinə sevgilərini sübut etməyə çalışdığı gün.

Elə mən də o gün bir növ müsahibimə sevgi etirafı etməyə gedirdim…

Xalq artisti Brilliant Dadaşova APA-ya müsahibə verib.

Lent.az həmin müsahibəni təqdim edir: 

- Necəsiniz, Brilliant xanım?

- Yaxşıyam.

- Uşaq yaşlarından siz sevən biri kimi, Sevgililər günündə görüşməyimiz yaxşı olmağıma yetəri qədər səbəb yaradır.

Gülür.

-Keçən ilin mart ayında baş tutan konsertinizdən bəri məni bir sual düşündürür. Siz bir vaxtlar Ənvər Həsənovla birgə çalışırdınız, lakin konsertdə onu nə ifaçı, nə də qonaq qismində gördüm.

- Mən heç kimi qonaq çağırmamışdım. Bütün işləri təşkilatçı edirdi. Onun da xərcləri çox olur. Buna görə mən işlərə qarışmıram. Ona deyə bilmərəm ki, filankəsi qonaq çağır. Bütün biletlər satışda idi.

- Bəs niyə az-az konsert verirsiniz?

- Bahalıq zamanəsidir. Hər kəs qazanc dalınca qaçır. Buna görə də məşq üçün komandanı bir yerə yığmaq olmur. Məşq üçün yeri də icarə götürmək lazım olur. Buna görə də biz düz bir ay bacımın evində məşq etmişik. Bir dəfə də Akademik Rus Dram Teatrında məşq etmişik, bunu da jurnalistlərin çəkiliş aparması üçün etdik. Əslində musiqiçi belə məsələlərlə özünü yormalı deyil. Başqa ölkələrdə belə deyil. Hər şeyi sponsorlar edir. Amma bizdə belə deyil. Bunun üçün sponsorlar da yaxşı reklam olunmalıdır. Bundan başqa digər ölkələrdə mədəniyyətə xidmət edən sponsorlar müəyyən vergilərdən azad olunurlar. Televiziya proqramlarına sponsorluq edən şirkətlərin buna ehtiyacı yoxdur. Çünki hər gün adları çəkilir. Filan kolbasa, filan mebel və s. Bizdə də mədəniyyətə yardım göstərən şirkətlər vergidən azad olsaydılar, onlar da musiqiyə daha həssas yanaşardılar.

Siz uzun illər prodüser institutu olmadan fəaliyyət göstərmisiniz. Estrada üçün bu nadir haldır. Müstəqil qərar verməyin riskləri və üstünlükləri barədə zamanla hansı nəticəyə gəlmisiniz?

- İndi səhnə üçün hazırlıq tamamilə dəyişib. Saç, makiyaj, geyim - hər şey daha peşəkar şəkildə təşkil olunur. Proseslər fərqlənib, artıq menecer olmalıdır ki, işləri planlaşdırsın, səni istiqamətləndirsin. Yəni bu sahə bir tərəfdən asanlaşıb, digər tərəfdən isə daha da çətinləşib. Açığı, mənim üçün nə qədər asanlaşıb, onu da dəqiq deyə bilmərəm. Bilirəm ki, bu vəziyyət təkcə mənə yox, bir çoxlarına aiddir.

Mədəniyyət sahəsində işləyən insanların üzləşdiyi çətinliklər də az deyil. İndiki dövrdə prodüser nə edir? Onun işi mahnıları seçmək, pul qoymaqdır. Bizdə prodüser məktəbi də yoxdur. Sadəcə sənətçinin yanında gəzən köməkçilər var. Bəzi şeyləri eşitmişik, amma onların mahiyyətini tam bilmirik. Adı var, özü yox.

- Dövlət konsertlərində də az görünürsünüz…

- O vaxtlar rayonlarda konsertlər təşkil olunanda indiki kimi texniki imkanlar yox idi, telefon çəkilişləri də geniş yayılmamışdı. Amma buna baxmayaraq, insanlar konsertləri səbirsizliklə gözləyirdilər.

Mən həmişə düşünmüşəm ki, solo konsertlər daha düzgün formatdır. Bayram tədbirlərində bir, ya da maksimum iki müğənni çıxış etməlidir. Hər kəs gəlib bir mahnı oxuyub gedəndə, konsertin ruhu itir. Tamaşaçı musiqiyə köklənə bilmir.

Musiqi də film kimidir. Məsələn, sən kədərli bir filmə baxanda ona uyğun ovqata düşürsən, onu hiss edirsən, öz süzgəcindən keçirib qəbul edirsən. Yaxud komediya izləyəndə tamam başqa əhval-ruhiyyə yaranır. Konsertdə də eyni prinsip işləyir: tamaşaçı bir müğənniyə, bir üsluba köklənir. Amma səhnəyə ard-arda müxtəlif janrda, müxtəlif üslubda ifaçılar çıxanda bu harmoniya pozulur. Tamaşaçı konsertin ruhunu tutub saxlaya bilmir.

Yadımdadır, Gəncədə stadion konsertlərindən birində çox narahat idim. Canlı ifa olacaqdı, üstəlik yağış başlamışdı. Düşündüm ki, açıq havada insanlar narazı qalacaq. Amma pəncərədən baxanda gördüm ki, konsertə hələ iki-üç saat qalsa da, stadion doludur. Tamaşaçılar artıq bilirdilər ki, kimin konsertinə gəlirlər və hansı musiqiyə köklənəcəklər.

Amma musiqini hələ qəbul etməmiş, bir mahnının təsirindən çıxmamış, birdən tamam başqa üslubda, başqa ritmdə növbəti ifa başlayanda bu, tamaşaçıya qarşı bir az haqsızlıq kimi görünür. Məsələn, sən Tofiq Quliyev səviyyəsində klassik bəstələrə qulaq asmağa gəlmisən, ardınca isə tam fərqli ritmdə, uyğunlaşmayan musiqi səslənir. Bu zaman konsertin ümumi ovqatı pozulur. Mən belə hesab edirəm ki, dövlətin təşkil etdiyi konsertlərdə bir və ya iki müğənni ifa etməlidir. Tamaşaçı da hansı musiqiyə kökləndiyini bilməlidir.

Mədəniyyət naziri heç vaxt televiziyaya irad tuta bilməz ki, sən niyə bu və ya digər müğənni efirə çıxarmısan

- Musiqinin hazırkı vəziyyətində Mədəniyyət Nazirliyinin rolu yoxdur?

- Ümumiyyətlə, böyük kütlənin sevdiyi musiqilərə görə nazirliyi qınamaq cahillikdən irəli gəlir. Əslində Mədəniyyət Nazirliyi milli sərvətlərimizə, məsələn, heykəltəraşlıq, xalçaçılıq kimi sahələrə, muzey və abidələrimizə cavabdehdir. Mədəniyyət naziri heç vaxt televiziyaya irad tuta bilməz ki, sən niyə bu və ya digər müğənni efirə çıxarmısan. Ən başda bizim özəl televiziyalarımız açılanda, mən onlara demokratiyanın azad göyərçinləri kimi baxırdım, amma biz bu azadlığı bir az özbaşınalığa çevirdik. Düşünürəm ki, peşəkarlardan ibarət bədii şuralarımız yaransa, nisbətən yaxşı olar. Bu da yəqin ki, televiziyalarımızın işinə yaramayacaq, çünki bazar iqtisadiyyatındayıq və hər kəs öz istehsalını bazara çıxarmaq imkanına malikdir, amma biz mədəniyyətimizi bazar iqtisadiyyatına qurban verməsək daha yaxşı olar.

- Siz nadir müğənnilərdənsiniz ki, sizi bir çox nəslin nümayəndələri sevib. Bir qadın üçün bu qədər sevilmək çətin deyil?

- Kişilər tərəfindən sevilmək heç vaxt məni xüsusi düşündürməyib. Amma qadınların dedikləri komplimentlər həmişə mənim üçün maraqlı olub. Çünki qadın-qadına adətən kompliment deməkdə simiclik edir. Xanımların diqqəti, onların “sənə baxıb belə geyinmişik”, “saçımızı sənin kimi düzəltdirmişik” deməsi məni çox sevindirirdi.

Bir çox qızlar deyirdi ki, mənim efirdə geyindiyim çiyinli paltarlardan sonra onlar da həmin üsluba üstünlük verməyə başlayıblar. Bütün bunlar mənə çox xoş təsir edirdi. Bu, sənətçinin tamaşaçı ilə qurduğu xüsusi bağın göstəricisidir.

Yaxın vaxtlarda maraqlı bir hadisə də başıma gəldi. Yoldaşımla və köməkçilərlə birlikdə restoranda yemək yeyirdik. Masamız böyük idi, bir neçə nəfər idik. Yan masada oturan, maddi vəziyyətinin çox yaxşı olmadığı hiss olunan bir kişi bizə diqqətlə baxırdı. Hesabı istəyəndə o yaxınlaşıb dedi ki, sizin hesabınızı mən ödəyəcəyəm.

Biz etiraz etdik, dedik ki, biz çoxuq, siz iki nəfərsiniz. Amma o, israrla dedi: “Mən Qarabağ döyüşlərində yaralanmışam. Yaralı olanda sizin mahnılarınızı dinləyirdim, ağrılarımı o mahnılarla unudurdum. Mənim üçün bu, bir borcdur”.

Hətta dedi ki, evə gedib bir quzu da gətirmək istəyir, bizə hədiyyə etsin. Biz razılaşmadıq, amma axırda ona söz verdim ki, bu tərəflərə gələndə mütləq onun qonağı olacağam və telefon nömrəsini də götürdüm.

Demək istəyirəm ki, bu, xalqın sevgisidir. Sənətlə tamaşaçı arasında yaranan bağın göstəricisidir. O insanın maddi vəziyyəti yaxşı deyildi, amma ürəyindən gələn son pulu belə sənətkara verməyə hazır idi. Çünki deyirdi: “Bu gün səni gördüm, rahat yatacağam. O qədər ağrılı günlərdə sənin mahnıların mənə təsəlli olub”. Hətta yoldaşı da dedi ki, yaralı olanda günlərlə mənim mahnılarıma qulaq asırmış.

Bütün bunlar musiqinin gücünü göstərir. Məncə, sənətçinin ən böyük qazancı məhz bu səmimi sevgidir.

Bu il Azərbaycan Dövlət Televiziyasında solist olmağımın düz 40 illiyi tamam olur. Mən 1985-ci ildə səhnəyə çıxdım, 1986-cı ildə isə Dövlət Estrada Simfonik Orkestrinə solist kimi qəbul olundum və Dövlət Televiziyasında çalışmağa başladım. O vaxt mənə dedilər ki, bunu ömürlük yadda saxla: sən Dövlət Televiziyasının ən gənc solistlərindən birisən. Bu, mənim üçün çox böyük qürur idi.

Kənddən birbaşa televiziyaya çıxmaq doğru deyil

- Ancaq deyəsən, Xalq Cəbhəsi hakimiyyətdə olanda sizi solist vəzifəsindən çıxarıblar?

- Sovet dövründə də, sonrakı illərdə də mən dəfələrlə töhmət almışam. Vətənpərvər ruhlu mahnılar oxuduğuma görə mənə töhmət verilmişdi. O vaxt SSRİ dövrü idi. Məni Azərbaycan Televiziyasında rəhbərlik çağırıb deyirdi ki, gəncsən, karyeranı riskə atma. Amma mənim üçün bu mahnılar düşmənə qarşı deyil, öz xalqımın dərdinə səs vermək idi. Həmin dövrdə Topxana hadisələri baş verirdi, Qafandan qaçqınlar yük qatarları ilə Azərbaycana göndərilirdi. Mən onları öz gözlərimlə görmüşəm.

1990-cı ildə başqa bir mahnıya görə yenidən töhmət aldım. Mahnının sözlərində deyirdim ki, bu torpaqda yad adamların heykəlləri var, amma Dədə Qorqudun heykəli yoxdur. Bu sözlərə görə yenə mən cəzalandırıldım.

Bir dəfə televiziya proqramında həmin mahnının klipi göstərildi. Axşam veriliş yayımlandı, səhər isə proqramın təkrarını bağladılar. Səbəb də o klip idi. Həmin dövrdə dəfələrlə töhmət aldım, amma Sovet hökuməti hələ dağılmamışdı.

Sonra Sovet hakimiyyəti dağıldı, Xalq Cəbhəsi dövrü başladı. Mən düşünürdüm ki, o vaxt etdiklərimə görə mənə daha çox dəyər veriləcək. Amma əksinə oldu. Məni heç çağırmadan, heç nə demədən işdən çıxardılar. Sadəcə maaşımı almağa gedəndə dedilər ki, sən artıq burada işləmirsən.

Bu, mənim həyatımın bir parçasıdır, yaşadığım tarixdir. Bəzən deyirlər ki, bunları niyə danışırsan? Bu ağrını mən yaşamışam. Pula ehtiyacımız olan bir dövrdə maaş ala bilməmişəm. Bu, kənardan asan görünə bilər, amma mənim üçün ağır bir həyat dərsi olub.

- Televiziyamızın əvvəlki vəziyyətini də görmüsünüz, indiki durumunu da müşahidə edirsiniz. Mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Bəzən elə olur ki, televiziya sanki əyalət televiziyasına çevrilir və bu, çox acınacaqlı bir vəziyyətdir. Mən özüm də kəndi çox sevirəm, kənd həyatını görmüşəm, kənddə böyümüşəm. Amma bu söz nə qədər ağır səslənsə də, demək lazımdır: kənddən birbaşa televiziyaya çıxmaq doğru deyil. İnsan əvvəlcə şəhər mədəniyyətini öyrənməlidir.

Hamımızın kökü müxtəlif bölgələrdən gəlsə də, sonradan Bakıya köçmüşük. Şəhər mədəniyyəti anlayışı var və bu, bütün dünyada belədir. Kəndlə şəhərin fərqi hər ölkədə hiss olunur. Avropa ölkələrində də bu fərq aydın görünür. Məsələn, filmlərdə İtaliyanın kəndində yaşayan gəncin obrazı ilə şəhər mühitində yaşayan insanının davranışları tam fərqli göstərilir. Bu, fərqli mədəniyyətlərin mövcudluğunun nümunəsidir.

Şəhər mədəniyyətini öyrənmək lazımdır. Çünki əvvəllər rayonlardan, kəndlərdən gələn insanlar Bakıda təhsil alır, inkişaf edir, böyük şəxsiyyətlərə çevrilirdilər. Onların arasında Səməd Vurğun kimi şairlər, Nəriman Həsənzadə kimi tanınmış ədiblər, akademiklər, professorlar, mühəndislər, memarlar yetişirdi. Bu insanlar əvvəlcə mühitə uyğunlaşır, mədəniyyəti mənimsəyir, sonra səhnəyə və ya ictimaiyyət qarşısına çıxırdılar.

Bu gün isə bəzən hazırlıq keçmədən, birbaşa efirə çıxan insanlar olur və bu, mədəniyyətimizə zərbə vurur. Xüsusilə televiziya efirində dialektlərlə danışmaq ədəbi dilə ziyan gətirir. Halbuki bölgələrin hər birinin özünəməxsus, şirin və ləzzətli danışıq tərzi var. O ləhcələr gündəlik həyatda çox doğma səslənir. Amma efir başqa mühitdir.

Televiziya qarşısına çıxan hər kəs ədəbi dili qorumağın məsuliyyətini dərk etməlidir. Çünki gələcək nəsillər dili əsasən televiziya və mediadan öyrənir. Ədəbiyyatımızı və dilimizi qorumaq hər birimizin borcudur. Bu dəyərlərə hörmətlə yanaşmaq lazımdır.

Elza böyük bəstəkardır. O sovet dövründə yaşasa başqa rəfdə olacaqdı

- Bir-iki gün əvvəl Elza Seyidcahan barədə paylaşım etmişdiniz ki, biz cahilik, səni başa düşə bilmirik. Niyə başa düşə bilmirik Elza xanımı?

- Elza Azərbaycan sənətinə verilmiş bir töhfədir. Ümumiyyətlə, Azərbaycan yetişdirir. Onun bəstələrini anlamaq çətindir. Çünki biz o musiqiləri anlamaq üçün çox cahilik. Amma böyük sənətkarların musiqisi çox vaxt öz dövründə deyil, onilliklər sonra qiymətləndirilir. Bəlkə də bu musiqi 30–40 ildən sonra daha yaxşı anlaşılacaq.

Vaqif Mustafazadənin həyatına baxsaq, bunun ən bariz nümunəsini görərik. O, çox çətinliklərdən keçib. Hətta bu əziyyətlərin nəticəsində 40 yaşına çatmadan dünyasını dəyişdi. Onun haqqında çox ağır sözlər deyirdilər. Halbuki o, çox həssas bir insan idi, deyilən sözləri ürəyinə salırdı.

Mən uşaq olanda onunla bağlı səhnələri xatırlayıram. Evimizə gəlirdi, atam pianoda ifa edirdi, o isə maqnitofona yazırdı. Sonra radioda həmin ifanı eşidəndə deyirdi: “Bax, bu hissəsi çox gözəl alınıb, bu tərəfi daha yaxşıdır”. O, muğamın üzərinə caz elementləri əlavə edir, tamamilə yeni bir üslub yaradırdı. Amma buna görə çox incidilirdi. İndi isə onun ölümündən qırx ildən çox vaxt keçib və biz görürük ki, onun sənəti necə qiymətləndirilir. Adı hər yerdə hörmətlə çəkilir, musiqisi dinlənilir.

Bu gün də bəzən istedadlı gənclər diqqət çəkmək üçün fərqli addımlar atmağa məcbur qalırlar. Çünki onların yaratdığı musiqini başa düşmək üçün yüksək zövq, mədəniyyət və intellektual hazırlıq lazımdır. O musiqini geniş auditoriyaya çatdırmaq üçün sənətçi əvvəlcə gündəmdə olmalıdır. Amma o da bilir ki, sırf həmin mürəkkəb musiqi ilə gündəmdə qalmaq çətindir. Ona görə bəzən diqqət cəlb edəcək başqa vasitələrə əl atmalı olur. Elza da bu gün diqqət çəkmək üçün şeirlər yazır. Bu gün efirlərə onu şeirlərinə görə dəvət edirlər. Guya ələ salmaq üçün. O da çıxır şeir deyir. Ona maraqlı deyil gündəmə necə gəlir. Bir ifa da edir olur şedevr. Elza böyük bəstəkardır. O Sovet dövründə yaşasa başqa rəfdə olacaqdı. Mən çox məyus oluram onu belə görəndə.

- Sizə də elə gəlmir ki, musiqimiz tənəzzül edir?

- Bu yaxınlarda bir qonaqlıqda idim. Qonaqlığın sahibinə dedim ki, artıq məcburi gülümsəmək istəmirəm. O süni gülüşlərdən özümə nifrət etməyə başlamışdım. Çünki ürəyimdə hiss etmədiyim bir şeyə sevinirmiş kimi davranmaq mənə ağır gəlirdi. Amma gülümsəməyə, əl çalmağa məcbur qalırdım. Birincisi, onlar gənc idilər, ikincisi, açıq şəkildə “bu musiqi deyil” demək də olmazdı. Ürəyim ağrıyırdı, amma bunu dilə gətirə bilmirdim.

Halbuki düşünürdüm ki, bəlkə də danışmalıyam, fikrimi deməliyəm. Amma yenə də susurdum. Çünki kimisə incitmək istəmirdim. Həmişə deyirdim ki, əgər kimisə incitmişəmsə, məni bağışlasın.

Bir fikir var ki, insanın dinlədiyi musiqi, oxuduğu kitab, izlədiyi hekayələr onun şüuruna təsir edir. Zamanla bu, düşüncə tərzini dəyişir. Sən bəzən düşünürsən ki, bu sadəcə əyləncədir, amma əslində, keyfiyyətsiz sənət şüuru yavaş-yavaş aşındıra, zövqü korlaya bilər. Bu da mədəni deqradasiyaya səbəb olur.

Məsələn, altı-səkkizlik ritm bizim musiqimizdə xüsusi yer tutub. Bu ritm Azərbaycan rəqslərinin əsasını təşkil edir. Amma indi bəzən bu ritm də başqa təsirlərlə qarışdırılır, öz orijinal xüsusiyyətlərini itirir. Ancaq əvvəllər bu ritmlə ifa olunan mahnılar insanı dərhal rəqsə sövq edirdi, milli ruhu hiss etdirirdi.

- İfa etdiyiniz mahnıların əksəriyyəti həzin ruhludur. Mənə elə gəlir ki, sakitliyi sevirsiniz. Üstəlik, bildiyimə görə, Buzovnada yaşayırsınız. Bu da sakitliyə meylinizin bir göstəricisidir.

- İndi Buzovnada yaşayıram. Oradakı mühit, ətrafım xoşuma gəlir. Şəhərə çox gec-gec gəlirəm. Çox az hallarda gəlirəm. Şəhər mühiti məni yorur. Səs-küy, izdiham, tıxac… hamı doluşub şəhərə. Düzdü, burada rayonlardakı işsizliyin də rolu var. Amma düşünürəm ki, zamanla bu qaydasına düşəcək. Artıq işğaldan azad olan rayonlarımızda da iş yerləri açılır. Bu da vəziyyəti xeyli düzəldəcək. Amma əvvəllər belə deyildi. Camaat şəhərə gəlmək istəmirdi. O vaxt kolxoz sədri kiminsə toyu olanda cehizini alıb verirdi.

Mənim haqqımda nədənsə yanlış fikir formalaşdırmağa çalışırlar

- Cehiz demişkən oğlunuzu evləndirməyi düşünmürsünüz?

- Qızların evlənməsi üçün tələsmək lazımdır, oğlanların yox. Oğlum hələ evlənmək istəmir. İndi evlənmək istəyən qızların da sayı azalıb. Ailə istəyən qızların sayı azalıb. Oğlan hiss edir ki, bu mənə arvad olmayacaq. Oğlumun həyatında qızlar çox olub. İki-üç qız olub ki, oğluma deyib məni başqasına verəcəklər. Oğlum da gəlib ki, evlənim. Mən demişəm yox, o qız ayrılmaq üçün evlənmək istəyir. Elə də olub. Altı aydan sonra ayrılıblar. Qızlar var ata evindən çıxmaq üçün, ya da uşaq olandan sonra azad yaşamaq üçün evlənmək istəyirlər.

- Haqqınızda “kaprizli müğənnidir” kimi fikirlər yayılıb...

- Ümumiyyətlə, mənim haqqımda nədənsə yanlış fikir formalaşdırmağa çalışırlar. Məsələn, bu yaxınlarda rəfiqəm mənə bir video göndərdi. Gördüm ki, müğənnilərdən biri mənim haqqımda növbəti dəfə yanlış fikir formalaşdırmağa çalışır. O, verilişlərin birində mənim şəkilimi seçib deyir ki, baxın, mən Brilliant Dadaşovanı seçirəm, o isə məni heç vaxt seçməzdi. Səbəbini isə demir. Heç aparıcı da soruşmur. Səbəbi o idi ki, illər öncə həmin müğənni mənim haqqımda qəzetlərdə təhqiramiz formada "Brilliant heç anasının qəbrini tanımır” kimi ifadələr işlətmişdi. Amma o vaxtlar mən onun bu təhqirlərinə heç cavab da verməmişdim. Ancaq bu yaxınlarda oğlu rəhmətə gedəndə ona mesaj yazıb başsağlığı verdim. Lakin bu incəlikləri bilməyən tamaşaçılarda mənim xasiyyətim haqqında yanlış fikir yaranır.

Gürcülər bayağı musiqini yox, keyfiyyətli musiqini seçirlər

- İfa etdiyiniz mahnılar tez-tez oğurlanır. Bir neçə gün əvvəl də bir ifanız gürcülər tərəfindən oğurlanmışdı. Bununla bağlı aidiyyəti orqanlara müraciət etmisiniz?

- İndi iş bir az da asanlaşıb: bəzi insanlar mahnıları “YouTube”dan və başqa platformalardan götürür, səsi silir, üzərinə başqa ifa yazır və yeni məhsul kimi təqdim edirlər.

Məsələn, üç min dollar dəyərində aranjeman olunmuş musiqimizdən Aysellə mənim səsimi silib üzərinə gürcü müğənnisinin səsini yazıblar. Biz öz musiqimizə sahib çıxmalıyıq. Bu səbəbdən Əqli Mülkiyyət Agentliyinə müraciət etdik və ordan cavab gözləyirik.

Əslində gürcülər bayağı musiqini yox, keyfiyyətli musiqini seçirlər. Onların dinləyiciləri əksər hallarda melodik musiqilərə daha çox dəyər verir. Mən bunu öz gözlərimlə görmüşəm. Hər ifanı efirə buraxmırlar, ciddi seçim edirlər və öz musiqilərini qoruyurlar.

Bizdə isə bəzən kənddən-kəsəkdən birbaşa efirə çıxan insanlar var ki, onlar hələ cəmiyyət qarşısında görünməyə hələ hazır deyillər. Heç kimə sirr deyil ki, istənilən müğənni televiziyalardan müəyyən məbləğ qarşılığında paket əldə edib, bütün verilişləri zəbt edir.

- Necə?

- Televiziya ödəniş müqabilində həmin müğənniləri bütün verilişlərə çıxarmağı öz öhdəsinə götürür.

- Bu gün Azərbaycan Dövlət Rus Dram Teatrı, həyat yoldaşının Ədalət Hacıyev direktor vəzifəsindən azad olundu və Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyin olundu. Siz bu qərarı necə qarşıladınız?

- Ədalət müəllim ixtisasca iqtisadiyyatçı olsa da teatr sahəsində böyük təcrübəsi var. O eyni teatra 35 ildir ki, rəhbərlik edir. Bu illərin yarısını direktor müavini kimi, qalanını isə direktor kimi fəaliyyət göstərib. Düşünürəm ki, mədəniyyətimizin inkişafı üçün, belə kadrlara ehtiyacımız var. Çünki peşəkar insanların yetişməsi üçün illərlə zaman lazımdır. Düşünürəm ki, bölgələrimizdə də teatr sənətinin inkişafı mütləqdir və əminəm ki, Ədalət müəllim Gəncə Dövlət Milli Dram Teatrına rəhbərlik etdiyi müddətdə biz o teatrın yaxşı sorağını eşidəcəyik. Mənim üçün böyük şərəfdir ki, həyat yoldaşım Nizami Gəncəvi yurdunda mədəniyyətimiz daha da inkişaf etməsi üçün əlindən gələni edəcək. Dövlətimizin tərəfindən ona göstərilən etimadı layiqincə doğruldacaq.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 576

Oxşar yazılar