Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqında (ARKİ) mətbuat katibi vəzifəsindən istefa vermiş Əli Vəliyev qalmaqallı açıqlamalar verib.
O, Lent.az-a bildirib ki, Şəfiqə Məmmədova yeni ildən öncə saxta seçki keçirərək özünü sədr elan edib. Bu iclasın nəticələrini Ədliyyə Nazirliyi tanımayıb. Əməkdar incəsənət xadimləri Cəmil Quliyev və Ayaz Salayev isə seçkini təkzib edən açıqlamalar veriblər. Məsələ ilə bağlı kinorejissor Ayaz Salayevin münasibətini öyrənmək istədik.
O Lent.az-a bildirdi ki, keçirilən toplantını qurultay hesab etmir. “Mən sadəcə bildirmişəm ki, bu qurultay deyildi, iclas idi. Sədr hələ seçilməyib. Protokolun qəbul edilib-edilməməsi barədə məlumatsızam. Seçki və qurultay isə mütləq keçiriləcək, kim sədr vəzifəsinə seçilmək istəyirsə, namizədliyini irəli sürə bilər”,-deyə kinorejissor vurğulayıb.
“Kimin seçilməsini istəyərdiniz?” sualına cavab olaraq Ayaz Salayev bildirib ki, Şəfiqə Məmmədova özü ən yaxşı namizəddir.