Hollivud aktyorları bəzi filmlərdə çəkilmək üçün böyük fədakarlıqlara razı olublar. Personajı ekranda daha inandırıcı təqdim etmək üçün aktyorlar demək olar ki, özlərini obrazları kimi göstəriblər. Onlar uzun müddət hətta real həyatda belə ekran qəhrəmanının ömrünü yaşayıb, xoş olmayan duyğuları uzun müddət hiss etməli olublar.
Lent.az belə aktyorlar barədə maraqlı faktları təqdim edir.
Kristian Beyl “Maşinist” filmindəki fiziki cəhətdən tükənmiş xəstə adam obrazını yaratmaq üçün kəskin pəhrizlə 2 ay içində 28 kilo arıqlayıb. Filmə çəkilmək üçün Beyl yalnız alma və kofe ilə qidalanıb. Aktyor o qədər zəifləyib ki, bəzi səhnələrdə hərəkət etməyə çətinlik çəkib. Əzələ kütləsini itirdiyinə görə çəkilişlərdən sonra hərəkət edə bilməyib, yalnız yatıb. Çəkilən əziyyətin bəhrəsi kimi “Oskar” mükafatı alıb.
Şaya La Baf “Qəzəb” müharibə filminə çəkilmək üçün xaç şəklində tatu etdirməklə qalmayıb, 6 ay hərbi bazada, əsgərlərlə eyni kazarmada qalıb, bir neçə ay at təlimçilərinin yanında təcrübə keçib. Aktyor çəkilişlər zamanı yuyunmaqdan imtina edib, dişini əlləri ilə qırıb və üzündə davamlı şəkildə bıçaqla yaraları açıb ki, hər şey təbii görünsün. Bu rolu onun karyerasının zirvəsi hesab eləmək olar.
Tom Kruz “İştirakçı” filmində rolunun daha inandırıcı olması üçün uzun müddət qrimlənərək satıcı və taksi sürücüsü işləyib. Bundan əlavə silahla daha gözəl davrana bilmək üçün dərs alıb.
Leonardo Dikaprio "Sağ qalmış" filmindəki obrazı üçün xeyli zəhmət çəkib. Film eksptremal hava şərtlərində lentə alınıb. Aktyorlar 25, bəzən 40 dərəcə şaxtada rollarını ifa etməli olublar. Leonardo bu film üçün yerli hindu tayfalarından ikisinin dilini, muşket atmağı, çiy ət yeməyi, ölmüş heyvanın cəmdəyindən içalatını çıxarmağı, soyuq suda çimməyi öyrənməli olub.
Hollivudun ən çox qazanan aktrisalarından biri Şarliz Teron “Monstr” filmindəki qatil qadın rolunu oynamaq üçün 30 kilo kökəlib, “Qəzəb yolu” filminin çəkilişləri üçünsə saçlarını dibindən qırxdırıb.