Kamran Yunis
26 avqust 2022 15:05 (UTC +04:00)

Kamran Yunis

“Rejissor diz çöküb araqla ayaqlarımı yudu” – Tanınmış aktyorla QALMAQALLI MÜSAHİBƏ

Onun romantik, sakit görünüşünün altında yorğun, eyni zamanda emosional, çılğın bir insan yatır. Dindirirsən, içində qaynayan qəzəb, etiraz vulkan kimi püskürür. Qəzəbi cəmiyyətimizdəki nöqsanlara, qüsurlaradır...

Lent.az-ın müsahibi tanınmış aktyor Kamran Yunisdir.

- Niyə belə yorğun görünürsünüz, ömür yorub, yoxsa yay?

- Yayı sevmirəm, yorub məni. Mən heç baharı da sevmirəm. Qəribə bir çirklilik var, xəbislik var yazda. Yaz pis adamlara oxşayır. Payız isə gözəllikdi. Bax dedim-dedim, az qala payıza şeirlər yazam.

- Başqalarının şeirlərinə həyat verirsiniz. Özünüz də yazırsınız?

- Özümə şair deməyə utanaram. Cızmaqaralarım var, hərdən ruhum çağlayanda ortaya nələrsə çıxır. “Youtube” kanalımda öz səsləndirdiyim 90-na yaxın şeirim var.

- Kimin şeirlərini oxumağı sevirsiniz?

- Əslində sevdiyim müəlliflər yox, sevdiyim şeirlər var.

- “Youtube”dan qazanmaq mümkündür? Bəziləri ordan əməlli-başlı pullar götürdüklərini iddia edirlər.

- Məncə, kim deyirsə, yalan deyir. Milyonlarla baxış sayı var mənim kanalımda. İndiyəcən üst-üstə 1000 dollar etməyib heç.

- Öz filmlərinizə, öz ifalarınıza baxırsınız?

- Bəli. Verdiyim müsahibələrə də baxıram. Elə ifalar var, zamanında mənə gözəl gəlib, indi bəyənmirəm. Dəyişməliyik də. Əgər 10 il öncə oynadığım rola indi də bəh-bəhlə baxaramsa, nənəm demiş, kül mənim təpəmə.

- Ən sevdiyiniz obrazınız hansıdır?

- O, yoxdur. Adil Azayın “Son hədd” filmindəki “Xəyyam”, “Vicdan haqqı”ndakı “Yusif” yaxşı idi. Daha yaxşı şeylər yarada bilərdim. Ömrümün o nöqtəsindəyəm, amma (Bu yerdə dalıb gedir, susur, demək istədiklərini dodağını sıxaraq qapadır)

- Meydan və imkan yoxdur?

- Yoxdur, olmayacaq. Olsa da, mən o günü görməyəcəm. Vəziyyətimiz yaxşılaşsa yaxşı kino da olacaq, filmlər də, tamaşalar da. İndi olanlar sənət deyil. Azad mətbuat, azad televiziya olmalıdır ki, güclü sənət olsun.

- Konkret nə yoxdur?

- O qədər şey yoxdur ki. Bəyəm nə var? Sadəcə, arzu var. Seriallardan şikayət edirəm, amma öz çəkildiklərimdən yox. Çünki mən pis işə çəkilmərəm. Nəyin müqabilində onu edim?

- Bəlkə yaxşı pulun?

- Bu, ona bənzəyər ki, mən yemək bişirib çölə atam. Mənim yaxşı zövqüm var. Yaxşı rejissorları seçə bilirəm.

- Adətən rejissorlar aktyorları seçirdilər.

- Bəli, mən rejissoru seçirəm. Elə rejissor gəlib mənə iş təklif edə bilər ki, qayıdıb deyərəm, sən dəlisən? Əsla qəbul eləmərəm.

- Bəs kimlərlə işləməyi sevirsiniz?

- Adil Azay, Rövşən İsax.

- Komediyalarda rol alardınız?

- Hansı komediya? Bizdə komediya yoxdur. Onun nə olduğunu anlayan yoxdur. Bizdə komediya deyəndə yekəpər aktyor və aktrisaların öz bədənlərini oynadaraq insanları güldürməsi nəzərdə tutulur. Hamı tənqid edir, amma hamı da o şit komediyalara baxır. İkili standartlarla yaşayan insanlarıq. Biz bir cür düşünürük, başqa cür danışırıq və tamam başqa cür də hərəkət edirik.

- “Komedixana”nı nəzərdə tutursunuz?

- Fərqi nədir, “Komedixana”,  “Bozbaş” , indiki “Parni iz Baku” və ya “Bu şəhərdə”...

- Heç birində işıq görmürsünüz?

- Onların hamısı Azərbaycan qadınını əskiltməyə yönəlmiş obrazlar yaradırlar. Hansısa birində böyük qadın obrazı görmüşük? O komediyalarda gördüyümüz, kişi kimi danışan “alə, nə var alə”, deyib qışqıran qadını kim öz ətrafında, doğmaları arasında görmək istəyər? “Təhminə” filmində Zərnigar xanımın oynadığı “Zivər xanım” obrazı yadınızdadır? “Zivər” obrazı övladının xoşbəxtliyi üçün çalışan, dava salan, hətta söyən bir qadın obrazı idi və insana o qədər tanış gəlir, düşünürsən ki, evindən biridir. Bizim xanım sənətçilərimizdən o cür rollar gözləyirəm. Mən kişilərimizi ağa, bəy kimi, qadınlarımızı xanım-xatın görmək istəyirəm. Niyə tamaşaçı gəlib oturur və söyüşlərə, vulqar ibarələrə gülür? Nəyə gülürsən? Nəyə gülmək insanın intellektindən xəbər verir. Qəşəng situasiyalar yaratmaq olar ki, gülməkdən uğunarsan. İnsanı meymuna çevirmək olmaz. Mən belə filmlərə çəkilə bilmərəm. Bu kimi ucuzlaşmanın səbəbkarı olaraq medianı görürəm.

- Kinonu və teatrı media ucuzlaşdırıb deyirsiniz?

 

- Bəli. Televiziya da media sayılmır? Televiziya işçiləri, gələcək nəsillər qarşısında nə cavab verəcəksiniz?. Fuad Poladov kimi bir nəhəngi ildə bir dəfə efirə çıxarıb, adını çəkmək istəmədiyim çoxlarını gündə efirlərə çıxarırsız. Cavanşir Quliyev kimi sənətkarın üzünə baxan yoxdur televiziyalarda, qadağa qoyulub. Bu, günah deyilmi? Kinomuzun “Şahbaz bəy”i, “Cəlal”ı, Ənvər Həsənov hardadır? İkili standartlardan danışdım. Şeyx Əbdül ömrü boyu indiki komediya filmlərini söydü, indi onlarla qoşa çəkilir. Demək belə də olurmuş.

- Bu prinsiplər şəxsi münasibətlərinizə mane olur?

- Mən düşüncəm uymayan insanlarla bir masa başında oturmuram. Anlayıram, ailə saxlamaq, dolanmaq üçün edirlər, amma mən etmərəm. Bütün ağır həyat şərtlərinə rəğmən. Mən gedərəm Balakənə, ata-baba yurdunda göyərti əkərəm, qoyun saxlayaram, amma pul xətrinə hər işə girişmərəm, gedərəm və belə getsə, gedəcəm də. Qoy Azərbaycan mədəniyyətinə məsul olan şəxslər utansınlar. Danışdıqca əsəbiləşirəm. Azərbaycanda dəyərlilərin dəyəri yoxdur. Sistem o qədər qarışıq, kəllə-mayallaqdır ki. Mənə kimsənin verdiyi dəyər lazım deyil, elə şərait yarat ki, mən işləyim, çörəyimi qazanım. Türkiyədə aktyor bir seriyaya 100 min alır, biz 4 sezon çəkilib, iki min manat alırıq. Bu yaşamaqdır? Niyə kimsənin mənə yazığı gəlsin, niyə mən özümə gün ağlaya bilməyim? Mən məşğulluğa zəng vurmuşam, bilirlər danışan kimdir, mənə deyir, vakansiya olanda deyəcəyik. Məşğulluqda nə vakansiya olur, bilirik də.

- Xaricdən təkliflər almısınız? Alınsa, gedərsiniz?

- Axı niyə gedim, mən bu torpağın adamıyam, bura lazımam. Yerim burdadır. Hara getsən də, sən orda qonaq olacaqsan. Mən öz milli koloritimi burda daha rahat ifadə edəcəm. Necə ki, bir amerikalı bizim kimi “alə brat, nətərsən alə?”, deyə bilməz, mən də amerikalı kimi düşünə, hiss edə bilmərəm.

- Bütün müsahibələrinizdə “Yuğ” teatrının rəhbəri, mərhum Vaqif İbrahimoğlunun adını xüsusi hörmətlə çəkirsiniz.

- O, həm müəllimim olub, həm də məni insan kimi formalaşdıran, bugünkü düşüncələrimə rəng qatan adamdır. Vaqifin öz aktyorlarına yanaşması bir başqaydı, ata qayğısıydı. Tiflisə qastrola getmişdik, aralarında ən cavan mən idim, yüklərimizi qatara mən daşımalı oldum. Leysan gedirdi, sümüyümə kimi islanmışdım. Vaqif mən xəstələnməyim deyə, diz çöküb ayaqlarımı araqla yudu. Hər nə qədər utanıb, “yox” desəm də, üstümə ata ədasıyla bağırdı, imkan vermədi, yudu ayağımı.

- Niyə araqla?

- İsinim deyə. Ondan sonra mən hansı teatrda işləyim? Onun dəyərlər sistemini parçalamaq istəmərəm.

- Sizcə, həyata rəng qatan nədir?

- Sevgi. Sevgisiz yaşamaq mümkün deyil.

- Bilirəm ki, subaysız. Həyatınızda kimsə varmı?

- Sevdiyim biri var. Həyatın bir rəngi varsa, sevdiyim insana minnətdaram.

- Sadiqsiniz?

- Ləyaqətli insan ömrünü bir nəfərə həsr edər. Alınmırsa, ayrılırsa, bu ayrı məsələ. Amma gözü doymayıb, ipdən açılmış it kimi o yana, bu yana qaçmaq ləyaqətli deyil. Bizdə kişiliyi, qadınlığı bir az fərqli anlayırlar.

- Kişi olmağın yükü çoxdur?

- Azərbaycanda kişi olmaq çətindir, çox çətindir. Çünki sənə yüklənmiş bəzi yüklər var ki, sən onu mütləq çəkməlisən. Kişisənsə, ailəni dolandırmalısan, qazanmalısan, bunu edə bilməyəcəksənsə, qınanacaqsan. Amma qadının belə bir öhdəliyi yoxdur. Kişi nə qədər problemlə üzləşməlidir, amma dərdini deyəcəyi, danışacağı bir yer yoxdur. Evdə masanı da gündə ən az 2 dəfə təmizləyirik, əski çəkirik, amma kişiləri əzizləmirlər. Nədir, bu kişi daşdı? Ümumilikdə, qadın olmaq daha çətindir.

- Sizi əzizləmirlər?

- Evə sözdən “aboy” çəkmişlər, kimə zəng vursam, “siz sərvətsiz” filan deyirlər, amma ortada  heç nə yoxdur.

- Nə lazımdır sizə?

- Sevgi.

- Məmurun sevgisi? Xalq sevir də.

- Xalq mücərrəd anlayışdır. Bu xalq Nəsimi dar ağacına gedəndə, Füzuli acından öləndə, Mirzə Cəlil evində əsərlərini yandıranda susan xalqdır. Xalqı təhqir etmək fikrim yoxdur, amma göylərə qaldırdığımızı yerə vurmağı da bilirik. Babək, Koroğlu deyirik, amma qazilərimizi demirik. Onları qəhrəman deyib başımız üstündə saxlaya bilirik?... “Qarabağ” klubunu  qələbə qazananda göyə qaldırırıq. Oyundur, udan və uduzan tərəf olur. Uduzmağını niyə qəbul edə bilmirik? İki gündür, az qala, Şahruddini sosial şəbəkələrdə düşmən elan eləsinlər. Yıxılma. Yıxıldınmı, dünən can deyənlər, bu gün söyəcəklər. Çörəyimiz dizimizin üstündədir. Bütün bunlar sevgisizlikdən irəli gəlir. Eqoizmin əlində məhv oluruq.

- Könlünüzü incidən məqamlardan danışdınız. Özünüz haqqında nə düşünürsünüz? Asan adamsınız?

- Çox çətinəm. Ümumiyyətlə, asan adam varmı? Bu xarakterlə mənə çətindir, ikinci dərəcəli adam olmaq istəməmişəm. Mən aktyor tanıyıram ki, bədii rəhbərə qapı açıq-bağlamasına, qabağında iki qatlanmasına görə fəxri ad alıb,  pul mükafatları alıb. Mən bunu edə bilməmişəm.  Hər gün Allaha yalvarıram ki, ləyaqətimi əlimdən almasın. Kiməsə xəyanət etməyim, mənə görə kimsə utanmasın.

- Kamran ömrü asandı?

- Kamran ömrünü heç kimə arzulamıram. Allaha bu ömür üçün şükürlər edirəm, amma kimsəyə arzu etmirəm. 31 yaşından mənə ətrafımdakılar “ustad” deyirdilər. Bu sözün müqabilində mən də çoxları olub ki, onlara dəstək olmuşam, təkan vermişəm, qaldırmışam, kimə qanad verib uçurmuşam, uçan kimi ya başıma ziğlayıb, ya yerə düşüb kürəyimdən bıçaqlayıb. İnciməmişəm. Anlamışam ki, mahiyyəti budur, bu da onun missiyasıdır. Bu həyatda yaxşı da var, pis də.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13119
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar