Corcio Armaninin ölümü yalnız yüksək moda pərəstişkarlarını deyil, həm də kino sevərləri kədərləndirdi. O, kinoda da iz qoyan şəxsiyyət kimi tanınırdı. Onun kostyumları kult obrazların bir hissəsinə çevrilmiş və qəhrəmanların ekranları fəth etməsinə kömək edib.
Lent.az Armaninin üslubu sayəsində tarixə düşmüş filmləri toplayıb.
"American Gigolo"
Riçard Girin baş rolda çəkildiyi film Armaninin karyerasında əsl sıçrayış oldu. Yumşaq kəsimli və zərif kostyumları qəhrəmanı yeni kişi üslubunun idealına çevirdi. Premyeradan sonra Giorgio Armani adı Hollivudda möhkəmləndi və müasir modanın simvoluna çevrildi.
"The Untouchables"
Briyan De Palmanın qadağanlar dövründə mafiya ilə mübarizədən bəhs edən kriminal dramı güclü süjeti ilə yanaşı Armaninin kostyumları ilə də fərqləndi. Onun yanaşması 1930-cu illərin autentik üslubunu müasir zərifliklə birləşdirdi və qəhrəmanları daha da xarizmatik və inandırıcı göstərdi.
"Gattaca"
Endryu Nikkolun fantastik filmində Armani bütöv bir vizual üslub yaratdı. Onun sərt kostyumları gələcəyin – nəzarət və mükəmməlliyin hökm sürdüyü dünyanın – atmosferini vurğuladı. Səliqəli siluetlər və qüsursuz kəsim qəhrəmanların obrazlarını maksimum inandırıcı etdi.
"Hannibal"
"Quzuların səssizliyi" filminin davamında Armani obrazların yaradılmasına qatıldı. O, Entoni Hopkinsin də geyimləri daxil olmaqla bir sıra kostyumlar üzərində çalışdı ki, bu da qəhrəmanın intellektual və təhlükəli cazibəsini vurğuladı. Filmdə bütün qəhrəmanlar Armani geyimlərində olmasa da, onun üslubu dərhal seçilirdi.
"Casino Royale"
Daniel Kreyqin Ceyms Bond kimi debüt etdiyi filmdə baş qəhrəmanın kostyumları Brioni brendinə məxsus idi. Amma Armani də layihədə iştirak etmişdi. Onun geyimləri ikinci dərəcəli qəhrəmanlarda və bəzi səhnələrdə göründü, bu da filmə dəbdəbə və müasirlik qatdı. Yəni bütün qarderob Giorgio Armani-yə aid olmasa da, filmin üslubuna onun töhfəsi açıq şəkildə hiss olunurdu.